Səhabələr

Zorakılıq Mənzərələri

Gələn ayələr də Əbu Bəkrin nə dərəcədə doğru olduğunu bildirmiş və Allahın razılığını qazanmaq məsələsində göstərdiyi davranışı insanlara nümunə kimi göstərmişdi.[3]

Anası və atası ilə birlikdə müsəlman olan Ammar ibn Yasir də Bəni Mahzumun qulu idi. Başda Əbu Cəhil olmaqla qəbilə rəhbərləri onları günün ən isti vaxtlarında açıq yerə aparır və yorulana kimi işgəncə verirdilər. Bir gün onları bu cür acınacaqlı vəziyyətdə görən şəfqət peyğəmbəri Allah Rəsulu (s.ə.s.) çox kədərlənmiş və:

− Bir az daha səbir, ey Yasir ailəsi! Şübhə yoxdur ki, axırınız cənnətdir, − müjdəsini vermişdi.

Həqiqətən də, yaşlı ata Yasir bu işgəncələr nəticəsində dünyasını dəyişmişdi. Yaşlı və gücsüz ana Sümeyyə isə bütün işgəncə və təzyiqlərə baxmayaraq, Rəbbini inkar etməkdən, Rəsulullahın əleyhinə söz danışmaqdan imtina etdiyi üçün Əbu Cəhilin nizəsinə hədəf olmuş və şəhidlik məqamına qovuşmuşdu. İslamın ilk şəhidi idi Həzrəti Sümeyyə.[4]

Bu hadisənin ən ağrılı tərəfi Ammarın gözləri qabağında baş verməsi idi. Üstünə qızmar daşların biri enib, biri qalxırdı. Ammara elə dəhşətli fiziki və mənəvi işgəncələr vermişdilər ki, şüurunu itirmiş və nə danışdığını bilmirdi. Ammara:

−Məhəmmədə küfr etməyənə, yaxud da Lat və Uzzanı xoş sözlərlə yad etməyənə qədər səni buraxmayacağıq, − deyirdilər. Ancaq Lat və Uzzanın adını çəkdikdən sonra əl çəkmişdilər.

Ammar azad edilmişdi, amma həyatının ən böyük iztirabını yaşayırdı. Çünki canından çox sevdiyi və hər şeydən əziz tutduğu Allahın və Onun Rəsulunun əvəzinə insan əlinin məhsulu olan saxta tanrı bənzətmələrinin adını çəkmiş və dilini kirlətmişdi. Sanki, bitib tükənmişdi...

Qolu-qanadı qırılmış halda Rəsulullahın hüzuruna gəlir... Xəcalət çəkirdi. Allah Rəsulunun (s.ə.s.) nur camalına baxa bilmirdi. Çox keçmədən, Rəsulullahda (s.ə.s.) vəhy əlamətləri görünməyə başlanır. Bu zaman Cəbrail gəlmiş, təcavüz və zorakılığa məruz qalanların qəlbi təsdiq etməyənə kimi, onların dilləri ilə söyləmək məcburiyyətində qaldıqları pis sözlərin küfr olmayacağını deyir.[5] Ammar da rahat nəfəs alır, Rəsulullahın (s.ə.s.) yanında sakitləşərək bütün ağrıları unudur.[6]

 
[1]. İbn Hibban, Sahih, 14/526. Qurani-Kərim Firon sarayında yaşanan Əbu Bəkirsayağı çıxışı belə təsvir edir: Firon ailəsindən olub imanını gizli saxlayan mömin bir adam belə dedi: “Məgər siz bir adamı: “Rəbbim Allahdır!” – deməyinə görə öldürəcəksiniz?! Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmişdir. Əgər o yalan deyirsə, ancaq öz əleyhinədir (zərərinədir); yox, əgər doğru danışırsa, onun qorxutduğu əzabın bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah (Ona şərik qoşmaqla, böhtan atmaqla) həddi aşanı, yalançını doğru yola yönəltməz”. Bax: “Mumin”, 40/28)
[2]. Ebu Cafer et-Taberi, er-Riyadün-Nadıra, 2/22(424) Onun gözünü ertəsi gün Uca Allah (cəllə cəlaluhu) yenidən açmış və görmə qabiliyyətini bərpa etmişdi. Hətta bu da Qureyşin arasında müzakirə mövzusu olmuş, “Bu da Məhəmmədin bir sehridir,” – deməyə başlamışdılar.
[3]. Bax: “Əla”surəsi, 87/14-21.
[4]. Bax: ibn Hişam, Sire, 2/162
[5]. Bax: “Nəhl” surəsi, 16/106.
[6]. İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 1/809
Davamı: 1 2 3 4