Səhabələr

Əmisi Əbu Talibin Himayəsi

Ficar döyüşləri və Hilful-Füdul

Davranışları ilə yaşıdlarından seçilən Hz. Məhəmməd (s.ə.s.) artıq iyirmi yaşına çatmış, hal və hərəkətləri ilə Məkkə əhlinin təqdirini qazanmışdı. Hadisələrə münasibəti və nəticə etibarilə irəli sürdüyü qənaətləri diqqətlə izlənirdi. Səbatlı və doğru qərarlarından dolayı insanların müraciət yerinə çevrilmiş, yaşadığı həyat prinsiplərinə görə “ən etibarlı adam” mənasında “əl-Əmin” adını almışdı.

Bu ərəfədə Qureyşin də daxil olduğu Kinanə qəbiləsi ilə Qaysoğulları arasında yeni bir döyüş[11]alovlanmışdı. Bu iki qəbilə münasibətlə­­­­rin tənzimlənməsində tətbiq olunan qaydaları da pozub bir-birinə hücum edirdi. Bu döyüşdə Haşimoğullarının bayraqdarı Peyğəmbərimizin əmisi Zübeyr ibn Abdulmuttalib, Qureyşin rəhbəri isə Əbu Süfyanın atası Harb ibn Ümeyyə idi.

Əslinə qalsa, əsasən, ticarətlə məşğul olan Məkkə əhalisi ticarətin daha qızğın getdiyi müəyyən aylarda bölgədə sülh və əmin-amanlığın təminatı üçün aralarında razılığa gəlmiş  və bu aylarda döyüşməyi haram qəbul etmişdilər. Bu, o qədər geniş yayılmışdı ki, ən azğın  qəbilələr belə bu prinsipə sadiq qalar və həmin aylarda qılınclarını qınlarından çıxarmazdılar. Bu döyüşlərin “həddi aşmaq” və “günah” mənasında “ficar” adlandırılması da belə bir qaydanın pozulması ilə qadağalara məhəl qoyulmamasından irəli gəlirdi. Çox ağır günlər idi. Belə ki, müharibənin rəngi hər an dəyişə bilir: bəzən günortayadək qalib olan  axşamüstü məğlubiyyətin acısını dadırdı.

Məhəmmədül-Əmin şəxsən döyüşdə iştirak etməsə də,[12] döyüşən əmilərinə kömək edir: cəbhədə əlbəyaxa vuruşan yaxınlarına ox daşıyırdı.[13]

Nəhayət, insanların bu mənasız müharibədən yorulduğu bir vaxtda Qureyş arasından bir nəfər irəli çıxıb hər iki tərəfi sülhə dəvət edir. Təklif qəbul edilir. Belə ki, hər iki tərəfin ölüsü sayılacaq, ölü sayı çox olan tərəfə qarşı tərəf bu artıqlıq miqdarında qanpulu (diyət) ödəyəcəkdi. Beləliklə, Məkkədə yenidən dinclik və əmin-amanlıq hakim olmağa başlamışdı.