Səhabələr

Əmisi Əbu Talibin Himayəsi

Əbu Talib qardaşının əmanəti və atasının vəsiyyəti olduğu üçün nəzərini Ondan ayırmır, yatarkən yanında səhəri açır və bir yerə gedərkən də əksər vaxtlarda özü ilə aparırdı. Onun qənaəti bəlli idi: bütün  müdriklər eyni məqamla bağlı xəbərdarlıq etdiyi üçün burada mütləq bir həqiqət payı var idi və işi ehtimallara buraxmamaq lazım gəlirdi.[3]

Qureyş gəncləri kimi Əbu Talib də ticarətlə məşğul olurdu. Çox vaxt qardaşı oğlu Məhəmmədi də özü ilə gəzdirir və Onu da gələcəyə hazırlamağa çalışırdı. Bu əsnada Məhəmməd artıq on iki yaşında idi. Sonuncu Nəbi Məkkədə qaldığı zamanlarda Əcyad tərəflərə gedir, bu yerlərdə qoyun otarırdı.[4] Beləliklə, təcrübə qazanır, həyatın hər sahəsinə aid biliklərə yiyələnirdi.

Bir gün Əbu Talib Şam tərəflərə getmək məqsədilə hazırlığa başlamışdı. Bunu eşidən qardaşı oğlu Məhəmməd boynunu bükmüş və əmisi ilə getmək arzusunu dilə gətirmişdi. Bu, Əbu Talibi duyğulandıran bir mənzərə idi və:

− Vallah, Onu aparmamış getməyəcəyəm. Bundan sonra nə mən Ondan uzaq qalacağam, nə də Onun məndən uzaq qalmasına razı olacağam, − deyə söz verir.

Əmisinin bu əhdini eşidən Son Sultanın sevincinin həddi-hüdudu yox idi. Ticarət məqsədilə ilk dəfə Məkkədən kənara çıxacaq, şəhərlərdən keçəcək, kim bilir kimlərlə tanış olacaq və yol boyu neçə-neçə hadisələrə şahid olacaqdı...