Səhabələr

Əmisi Əbu Talibin Himayəsi

Hilful-Füdul

Bu arada Məkkədə gözlənilməz bir hadisə baş verdi. Haram aylarının birində bir nəfər Günəş yenicə doğmağa başlayanda Əbu Kubeys dağına çıxıb avazı yetdiyi qədər qışqırırdı. Görünür, yenə mühüm bir hadisə, əmin-amanlığı pozan olay vardı. Çox keçmədən izdiham ətrafını bürümüşdü. Çarəsizlik içində qıvrılan və hər şeyini itirməyin ağrısı ilə qəzəb dağarcığına dönmüş bu adama yaxınlaşan Peyğəmbərimizin əmisi Zübeyr oldu. Yanına yaxınlaşır və:

− Nə olub sənə? Nəyə görə bu qədər qəzəblisən? − deyə soruşur.

Adam çox dərdli idi. Dərdini dinlətməyə bir adam tapmaq və bu vəsilə ilə dərdinə çarə axtarmaq ümidi ilə danışmağa başlayır. Qısası, Qureyşdən olan As ibn Vail bu adamın gətirdiyi malları əlindən almış və mallarının haqqını illər keçməsinə baxmayaraq, ödəməmişdi. “Bu gün-sabah” deyib borcu yubatmış, indi də borcunu inkar edərək ödəməyəcəyini açıq-aşkar bildirmişdi. Həmin şəxs bir neçə adama müraciət edərək onlardan araya girib ona kömək etməsini xahiş etmiş, onlar da bu işə qarışmaq istəməmişdilər. Heç kim durduğu yerdə başını bəlaya salmaq istəmirdi. O da yeganə əlacı “bir ümid” deyib bura çıxaraq məsələni hamıya danışmaqda görmüşdü.

Məsələnin aydınlaşıb ortada bir haqsızlığın olduğu təsdiqlənincə Məkkənin bəzi vicdanlı böyükləri yaş və nüfuzca hamıdan üstün olan Abdullah ibn Cüdanın[14] evində toplanmış, şərtindən asılı olmayaraq bu cür hallarda məzlumun haqqını zalımdan alaraq ədaləti bərqərar edəcəklərinə söz vermişdilər. İnsan haqlarının heç sayıldığı, güclünün haqlı, zəifin də xor görüldüyü cahiliyyə dövründə bu hadisə inqilabi mahiyyətli bir addım idi və bəşəriyyətin fəxri olan Peyğəmbərimiz (s.ə.s.) də bu addımı atanların arasında idi.[15]

Yığıncaq dağılarkən artıq hər kəs  bunu çox yaxşı bilirdi:  bundan sonra Məkkədə kimsə öz ailəsi tərəfindən və ya kənardan, başqa bir adam tərəfindən zülmə məruz qalardısa, onun pənah aparacağı ünvan bu məclis olacaqdı. Qəbiləsinin gücünə, şərəfinə və mövqeyinə baxmadan dəyərləndirmə ədalətli aparılacaq və zülm edəndən, kim olursa-olsun, məzlumun haqqı tələb ediləcəkdi.

İlk icraat, təbii ki, Əbu Kubeys dağında camaatı ayağa qaldıran Zəbidli məzlumla bağlı oldu. Hamısı birlikdə As ibn Vailin qapısının ağzına toplaşaraq adamın haqqını tələb edirlər. Qarşısında Məkkə böyüklərinin birgə haqq tələb etdiyini görən As ibn Vail  bir bəhanə tapa bilmir,  məcbur  qalıb Zəbidli şəxsin haqqını qaytarır.[16]