Səhabələr

Əmisi Əbu Talibin Himayəsi

Abdulmuttalibin bu sözləri əmi Əbu Talib üçün bir ata vəsiyyəti idi. Buna görə də Əbu Talib qardaşı oğlu Məhəmmədi  öz yanına apardı və Onu bir ata şəfqəti ilə bağrına basdı. Artıq Allah Rəsulu baba yerinə Əbu Talibdən şəfqət görəcək, ana  yerinə də Əbu Talibin həyat yoldaşı və Hz. Əlinin anası Hz. Fatimənin[1]isti nəfəsini hiss edəcəkdi.

Əbu Talib yoxsul idi, özünü təmin edəcək var-dövlətə də malik deyildi. Amma onun qardaşı oğluna açdığı şəfqət qucağı hər cür şəraitdə özünü göstərəcək, mal-mülklə açılmayan düyünlər bununla çözüləcəkdi. Çünki Məhəmmədül-Əmin bu evə gələndən bəri ayrı bir bərəkət yaşanır, ailə fərdləri arasında da sevinc hökm sürürdü. Hətta O, süfrədə olmayanda yarıac-yarıtox süfrədən qalxmaq məcburiyyətində qalan ailə, Onunla birlikdə süfrənin  bərəkətləndiyinə şahid olurdu. Buna görə də Əbu Talib övladlarından çox sevdiyi Məhəmmədül-Əmin olmadan süfrəyə oturmaq istəmir və olarkən də Onu öz yanında oturtmağa çalışır, heç kimə göstərmədiyi şəfqət və münasibəti Ona göstərirdi.

Bundan başqa, Məhəmməd yaşıdlarına nisbətdə fövqəladə təmkinli davranır və yoxluğu, yoxsulluğu problemə çevirmirdi. Aclığa və ya susuzluğa görə şikayət etdiyini eşidən olmamışdı. Gedib Zəmzəm suyundan içir, başqaları Onu qonaq etmək istəyəndə bunu arzu etmədiyini, tox olduğunu bildirirdi.[2]