Səhabələr

İbn Ərkamınn evində

Möminlər namaz qılıb Quran oxuyarkən müşriklər gəlib onları lağa qoyur və narahat edirdilər. Buna görə də Peyğəmbərimiz (s.ə.s.) və səhabələr ibadət etmək üçün  kimsəsiz yerlərə üstünlük verir və namazlarını bu cür yerlərdə qılıb, Quranı səssiz  yerdə oxumağı məsləhət bilirdilər. Ancaq müşriklər onların yerlərindən xəbərdar olmuşdular və bu yerlərə gəlib yenə də onları narahat etmək niyyətində idilər.

Peyğəmbərlik vəzifəsinin verilməsindən iki il keçirdi. Yenə bir gün səhabələr yığışıb Məkkə kənarında tənha bir yerdə namaz qılırdılar. Bu vaxt  bir dəstə məkkəli yaxınlaşır və onlara lağ etməyə, namazlarına söz atmağa başlayırlar. Hərəkətləri təhrikedici idi. Nəhayət, iş o həddə çatır ki, aralarında başlayan söz atmacası yerini əl-qol hərəkətlərinə verir. Bir anlıq öz hisslərinə məğlub olan Sad ibn Əbi Vəqqas müşriklərdən biri ilə dalaşarkən onun başını yarmış və adam al-qana batmışdı. Onlar onsuz da bir bəhanə axtarırdılar, bu hadisədən öz xeyirlərinə istifadə etməyi düşünürlər.

Hadisələrin gedişatı yaxşı görünmürdü. Bu məsələdən xəbərdar olan və uzun müddətdir buna bir çarə axtaran Allah Rəsulu (s.ə.s.) ibadətləri daha rahat  yerinə yetirmək və gələn ayələri bölüşərək hər kəslə birlikdə Rəhmani bir mühit yaşamaq üçün yeni yer axtarırdı. Dinin pöhrə və tumurcuqlarının zərər görməməsi üçün zamana ehtiyac var idi və bu zamanın daha sakit bir yerdə yaşanması lazım idi. Bu yolla sığındıqları yerdə hədəfə çevrilməkdən xilas olar və müşriklərlə qarşılaşıb təcavüzə məruz qalmaqla vaxt itirməzdilər.