İkinci xəlifə Hz. Ömərin (r.a) oğlu və möminlərin anası Hz. Hafzanın ana-ata bir qardaşı, fəqih və mühəddis səhabədir. Əbu Əbdürrəhman ləqəbi ilə tanınan Abdullahın anası Zeynəb binti Mazun əl-Cümeyhidir.
Abdullah ibn Ömərin peyğəmbərliyin üçüncü ilində dünyaya gəldiyinə dair rəvayət olduğu kimi, onun peyğəmbərlikdən bir il əvvəl doğulduğu haqqında da rəvayətlər var.[1] Atası ilə birlikdə kiçik yaşlarında İslamı qəbul edərək Mədinəyə hicrət etmişdir. Tamamilə İslam cəmiyyətində və İslam tərbiyəsi ilə böyüdü. Yaşı az olduğu üçün Bədir və Uhud qəzvələrinə qatılmasına Peyğəmbərimiz (s.ə.s) tərəfindən icazə verilmədi.[2] Ancaq on səkkiz yaşında Xəndək müharibəsinə, sonralar isə Peyğəmbərimiz (s.ə.s) zamanında baş verən bütün müharibələrə qatıldı. Məkkə fəthində, Mutə döyüşündə, Təbuk səfərində və Vida Həccində iştirak etdi.
Abdullah ibn Ömər İslam dövlətində meydana gələn anlaşılmazlıqlar səbəbi ilə ortaya çıxan və bir-birləri ilə mübarizə aparan qruplara qarışmadı. Bitərəf mövqe tutdu və heç bir dövlət vəzifəsini icra etmədi. Çünki oğlunu xilafətə namizəd göstərməsini tövsiyə edən səhabələrə Hz. Ömər “Bir evdən bir qurban yetər”,–demişdi. Atasının vəfatından sonra xəlifə seçmək üçün toplanan şuraya yalnız müşavir kimi qatıldı. Çünki, Hz. Ömər oğluna şuraya qatılmasını ancaq namizəd olmamasını tövsiyə etmişdi.[3]
İbn Ömər hökumət və dövlət işlərinə qarışmaz, bu məsələdə çox ehtiyatlı davranıb daim uzaq qalmağı üstün tutardı. Həzrət Osmanın (r.a) dövründə İbn Ömər dövlət işlərinə müdaxilə etmirdi. Bir gün Həzrət Osman İbn Ömərə qazılıq etməsini, müsəlmanların arasındakı hüquqi anlaşılmazlıqları həll etməsini təklif etmiş, o da üzr istəyərək bu təklifi qəbul etməmiş və Rəsuli-Əkrəmin (s.ə.s) bir sözünü xatırlatmışdı:
–“Qazılar üç növdür. Birincisi cahillərdir. Bunların yeri cəhənnəmdir. İkinci zümrə alimlərdir, lakin dünyaya meyilləri vardır, elmləri ilə əməlləri bir deyil, bunlarda Cəhənnəmlikdir. Üçüncü zümrə isə həm alim, həm də dünyaya meyli olmayanlardır”.[4]
Hz. Osman Hz. İbn Ömərə dedi:
– Amma sənin atan Peyğəmbərimizin (s.ə.s) dövründə qazılıq edib.
–Bəli, doğrudur, lakin mənim atam bir məsələ ilə qarşılaşınca Rəsuli-Əkrəmə (s.ə.s) müraciət edər, müşkül məsələləri həll etməkdə çətinlik çəkməzdi. Çünki Rəsuli-Əkrəm (s.ə.s) çətin məsələ ilə qarşılaşanda bu vəhylə Ona (s.ə.s) bildirilirdi. İndi Rəsuli-Əkrəm (s.ə.s) aramızda yoxdur ki, dərdimizi ona deyək. Allah bizə yardım etsin.
Həzrət Osman da bu barədə Həzrət İbn Ömərə çox israr etmədi.