Səhabələr

Ağrılı Mərhələ

− Gəldiyin yerə qayıt, − deyir Rəsulullah (s.ə.s.) və bu dəfə də ağac gəldiyi yerə gedir.

Ruqanənin beyni qarışmışdı. O, öhdəsindən gələ bilməyəcəyi bir gücün qarşısında olduğunu dərk etmişdi, amma hələ son həmləni edə biləcək iradəyə sahib deyildi.[1] Buna görə də, qövmünün yanına qayıtmağa üstünlük verir.

Qəbiləsinin yanına qayıtmışdı, amma hələ də yaşadıqlarının təsiri altında idi. Əvvəlcə başına gələnləri bir-bir danışır. Sonra da vəziyyətindəki qəribəliyi soruşanlara belə cavab verir:

− Ey Abdimənafoğulları! Siz bu adamla bütün dünyanı sehrləyə bilərsiniz. Allaha and olsun ki, mən Ondan daha böyük sehrbaz görməmişəm![2]

Hz. Əbu Bəkirin hicrət təşəbbüsü

Peyğəmbərimiz və Ona tabe olanlar Əbu Talib kimi bir hima­yədardan məhrum qaldıqları üçün Məkkə müşrikləri onlara daha çox təzyiq göstərməyə başlamışdı. Bu təzyiqin şiddəti gündən-günə daha da artırdı. Təkcə Allah Rəsulunu hədəf götürməsi, Onunla birlikdə hərəkət edən hər kəsi hədəfə çevirmiş və daim narahat edirdilər. Hz. Əbu Bəkir də bundan öz payını alırdı. Artıq Məkkədə sakitlik və rahatlıqdan əsər-əlamət qalmamışdı. Həm də Həbəşistana əvvəlcədən gedənlərdən  yaxşı xəbərlər gəlirdi.

Çox keçməmiş, Hz. Əbu Bəkir də hicrət etmək üçün Allah Rəsulundan (s.ə.s.) izin istəyir. İstək ağlabatan idi, icazə verilir. Məkkə­də qəddarlıq və təzyiq çoxalsa da, yer üzü geniş idi. Və bir gün Hz. Əbu Bəkir də hicrət məqsədi ilə dayısı oğlu ilə Həbəşistan istiqamətinə yola düşür. Bir arzusu vardı: namazları təzyiq altında qalmadan qılmaq və içindən gəldiyi kimi yüksək səslə Quran oxuya bilmək...

Bir müddət yol getdikdən sonra qarşılarına köhnə dostu və məkkəlilər arasında böyük nüfuzu olan ibn Düyunnə çıxır. O, Əbu Bəkir kimi hörmətli bir adamın yola rəvan olduğunu görüb təlaşla soruşur:

− Hara gedirsən?

− Qövmüm məni vətənimdən çıxmağa məcbur etdi... İşgəncə verdilər və maddi cəhətdən sıxıntıya salmağa çalışdılar, − deyə cavab verir Hz. Əbu Bəkir (r.a.).

İbn Düyunnə məəttəl qalmışdı. Necə ola bilər ki, onun kimi fəzi­lətli, gözəl əxlaqlı, hamıya qucaq açan və doğruluğu ilə məşhur olan bir adam vətənini tərk etməyə məcbur edilirdi? ibn Düyunnənin heyrəti sözlərinə də təsir edir:

− Nəyə görə? Allaha and olsun ki, yaxınlarına yaxşılıq etməkdə hamımızdan irəlidəsən. Ehtiyacı olanlara kömək edir və kasıblara arxa-dayaq olursan. Dərhal geri qayıt! Çünki sən artıq mənim himayəmdəsən , − deyir.

Hz. Əbu Bəkirin də könlü Məkkədə qalmışdı. Allah Rəsulu Məkkədə ikən Həbəşistan hicrətinə necə dözə biləcəkdi?.. Onun kimi birisi dərhal Məkkəyə qayıtmalı və bir ehtiyacı olanda Peyğəmbərinin yanında olmalı idi. Əslində seçilmiş  Siddiqə yaraşan da bu deyildimi? İndi isə tarixi bir fürsətlə üz-üzə idi və təklifi sevinclə  qəbul edir.

Birlikdə Məkkəyə qayıdırlar. Əbu Bəkirin əlindən tutub Kəbəyə gələn ibn Düyunnə məkkəlilərə səslənir:

− Ey Qureyş camaatı! Hamı bilsin ki, mən Əbu Kuhafənin oğluna (Hz. Əbu Bəkirə) aman verdim. Bundan sonra heç kim ona qarşı pis niyyət bəsləməsin.