Səhabələr

Ağrılı Mərhələ

Rum diyarından xəbər var

Həmin dövrdə dünyada da qeyri-sabitlik hökm sürürdü; qəbilələr arasında davam edən müharibələr dövlətlər arasında da cərəyan edirdi. Bu müharibələrdə isə bir çox günahsız insan həlak olurdu. Rumlularla farslar arasında da oxşar vəziyyət hakim idi.

Bir gün Məkkəyə təzə xəbər gəlmişdi. Xəbərdə rumluların farslara məğlub olması və təxminən Şama qədər uzanan böyük bir ərazini itirməsi bildirilirdi. Bizans (rum) kralı Herakl bu böyük məğlubiyyət və farsların təqibi nəticəsində hətta İstanbula qədər geri çəkilmək  məcburiyyətində qalmışdı. Hadisənin şahidləri artıq Bizansın heç vaxt özünə gəlib döyüşə bilməyəcəyini deyirdilər. Bu, Məkkə müşriklərini sevindirən bir xəbər idi. Çünki onlar özləri kimi müşrik olan farsların tərəfini tutur və kitab əhli olduqları üçün də müsəlmanlara daha yaxın olan rumluların məğlub olmasını ürəkdən arzulayırdılar. Buna görə də belə deyirdilər:

− Rumlular da özlərinin kitab əhli olduğunu deyir, amma bu gün farslar onlara qalib gəldi. Siz də Peyğəmbərinizə göndərilən kitaba gorə bizdən üstün olacağınızı deyirsiniz! Yaddan çıxarmayın ki, farslar kitab əhli olan rumlulara necə qalib gəlmişlərsə, biz də sizə qalib gələcək və həmişə sizdən üstün olacağıq![6]

Bir xəbər də səmanın o biri tərəfindən gəlirdi:

− Əlif, Lam, Mim! Rumlular (bizanslar) ərəb torpaqlarına yaxın bir yerdə iranlılara məğlub oldular. Lakin onlar bu məğlubiyyətlərindən sonra bir neçə ilin içində − üç illə doqquz, yaxud on il arasında − qalib gələcəklər. Bilin ki, əvvəl də, sonra da hökm Allahındır. O gün mömin­lər Allahın köməyi ilə sevinəcəklər. Çünki Allah istədiyinə kömək edər. O, mütləq qalibdir, hüdudsuz mərhəmət və ehsan sahibidir.[7]

Səmadan gələn xəbər heç də müşriklərin güman etdiyi kimi deyildi. Bu gün rumlular məğlub olsalar da, yaxın gələcəkdə onlar yenidən möhkəmlənəcək və farslar üzərində böyük qələbə qazanacaqdılar. Və o gün müsəlmanlar üçün də bir zəfərdən bəhs olunurdu.

Artıq məsələ şəklini dəyişmişdi. Hz. Əbu Bəkirlə rastlaşan Məkkə müşrikləri belə deyirlər:

− Ey Əbu Bəkir! Eşitdiyimizə görə, dostun bir neçə il ərzində rumluların farslara qalib gələcəyini söyləyirmiş!

− Bəli, − deyir Əbu Bəkir. Bunu deyərkən zərrə qədər də şübhəsi yox idi. Çünki Allah və Rəsulu buyurubsa, o, mütləq olacaqdı.

Amma müşriklər onun kimi fikirləşmirdi. Az da olsa, əylənmək istəyirdilər:

− Mərcə girə bilərsənmi? − deyirlər. Hz. Əbu Bəkir tərəddüdsüz  :

−Bəli, − deyir. O vaxtlar mərc məsələsi ilə bağlı hələ hökm gəlməmişdi. Altı il müddətinə razılaşırlar: kimin dediyi olsa, o, udan tərəfə on dəvə verəcəkdi.

Hz. Əbu Bəkir Allah Rəsulunun (s.ə.s.) sadiq dostu idi və bu hadisəni Ona danışmaya bilməzdi. Rəsulullahın (s.ə.s.) hüzuruna gəlir və hər şeyi danışır. Məsələdən agah olan Allah Rəsulu isə məsləhət görür:

− Vaxtı uzat və dəvələrin sayını çoxalt!

Çünki ayədə göstərilən “bir neçə il” ifadəsi on ilə kimi bir dövrü nəzərdə tuturdu.

Allah Rəsulundan (s.ə.s.) bu təminatı alan Hz. Əbu Bəkir dərhal Məkkə müşriklərinin olduğu yerə yollanır:

− Siz bu müddətin doqquz il qəbul edilməsinə və dəvələrin sayının da artırılmasına razısınızmı? − deyə soruşur.

Bu adamlar özlərinə o qədər arxayın idilər ki, doqquz il yox, on doqquz il də olsa, buna tərəddüd etməzdilər. Məkkə müşrikləri başqalarının da şahidliyi ilə doqquz il müddət  və  yüz dəvə olmaqla ciddi bir iddiaya girirlər.[8]