Səhabələr

Ağrılı Mərhələ

Aradan bir neçə gün keçir, Sevdanın Məkkədə olmayan qardaşı Abdullah ibn Zəma da qayıdır. Bacısının ondan xəbərsiz Məhəmmədül-Əminlə evləndiyini eşidən Abdullah ibn Zəma bunu heç cür həzm edə bilmir, özünü didib-tökərək bu izdivaca etirazını bildirirdi.[9] Digər tərəfdən isə Hz. Səkranın qardaşı və hər dəfə bir qohumu Peyğəmbər (s.ə.s.) karvanına qoşulan Süheyl ibn Amr da şiddətlə bu izdivaca qarşı çıxır, ailəsindən daha bir fərdin gedib Allah Rəsulu ilə eyni məkanı bölüşməsinə həmişəki kimi şeirlə etirazını bildirirdi. Çünki bu günə kimi qardaşları Səlit, Xatib və Səkranla yanaşı, qızı Ümmü Gülsümlə kürəkəni Əbu Səbrə də gəlib Rəsulullaha (s.ə.s.) tabe olmuşdu. Bütün bunlar yetmirmiş kimi, oğlu Abdullah da müsəlman olmuşdu. Elə “onu xilas etdim” (!) deyərkən bu dəfə də kiçik oğlu Əbu Cəndəli əlindən qaçırmaq üzrəydi. Gün keçdikcə ətrafındakı dayaqlar bir-bir itib gedir və bu gediş də Süheyli çox narahat edirdi.

Ancaq bu cəhdlər heç bir nəticə verməyəcək və Allah Rəsu­lu (s.ə.s.) yenə Süheylin qardaşı Xatib ibn Amrın vəkilliyi ilə Məkkədə ­bir ramazan axşamı Hz. Sevda anamızla ailə həyatı quracaqdı. Beləliklə, Peygəmbərimiz (s.ə.s.) Hz. Xədicə anamızdan sonra ilk dəfə başqa bir qadınla həyatını birləşdirirdi.[10]

Bu arada Hz. Havlə Hz. Əbu Bəkrin də evinə gəlmiş və onun həyat yoldaşı Ümmü Rumana da bunları demişdi:

− Ey Ümmü Ruman! Allahın sənə olan bərəkət və ehsanı niyə bu qədər boldur?

−  Niyə? − deyə soruşur Ümmü Ruman. Çünki hələ məsələdən xəbəri yox idi. Hz. Havlə də elə bunu gözləyirdi və əlavə edir:

− Məni Rəsulullah sizin yanınıza göndərdi. Qızınız Aişə ilə nikahlanmaq istəyir.

Ümmü Ruman üçün bundan daha böyük bir bəxtiyarlıq ola bilməzdi, ancaq bir tərəddüdü də var idi:

− Bu, Onun üçün münasibdirmi? Çünki Aişə Onun qardaşının qızıdır.

Bir-birinə bu qədər yaxın olan iki insanın arasında belə bir məsələnin, sanki, qeyri-mümkünlüyü fikri formalaşmışdı. Belə bir reaksiya qarşısında Hz. Havlə də tərəddüd keçirir. Dərhal Allah Rəsulunun (s.ə.s.) yanına qayıdıb deyilənləri Ona çatdırır. Rəsulullah (s.ə.s.) buyurur:

Get Ümmü Rumana “Mən onun (Hz. Əbu Bəkrin) qardaşıyam, o da Mənim qardaşımdır, ancaq bir şərtlə ki, bu, İslam qardaşlığıdır və onun qızı ilə Mənim aramda nikah bağlanmasında  heç bir maneə yoxdur!”− de.

Hz. Havlə yenə Hz. Əbu Bəkirin evinə qayıdır və deyilənləri olduğu kimi çatdırır. Bundan sonra Ümmü Ruman:

− Mutim ibn Adiyy Aişəni oğlu Cübeyrə almaq istəyirdi. Son qərarının nə olduğunu bilmirəm. Allaha and olsun ki, Əbu Bəkir bir adama verdiyi sözdən əsla dönməz, − deyir. Buna görə də, Əbu Bəkrin gəlişini gözləməkdən başqa çarə yox idi.

Nəhayət, Əbu Bəkir də gəlir və məsələni öyrənir. Rəsulullahla (s.ə.s.) qohum olmaq böyük şərəf idi. Amma hələlik bir qərara gəlməsələr də, Mutimlə aralarında bu haqda danışmışdılar. Əvvəlcə məsələnin bu tərəfi dəqiqləşdirilməli,  digər addımlar bundan sonra atılmalı idi. Vaxt itirmədən birbaşa Mutimin evinə gəlir. Əbu Bəkirin gəldiyini görən kimi xanımı Ümmü Sabiy tez irəli çıxıb:

− Ey Əbu Kuhafənin oğlu! Səninlə quda olandan sonra sən, yəqin ki, ərimi də öz dininə dəvət edər və dinini qəbul etdirərsən, − deyir.