Səhabələr

Ağrılı Mərhələ

Qadının sözlərində açıq-aşkar istehza var idi. Bu sözlər həm də “Biz səninlə bu din fərqi olana kimi quda ola bilmərik” mənasına gəlirdi. Hz. Əbu Bəkir üzünü Mutimə tutur:

– Sən də onun dedikləri ilə razılaşırsanmı?

− Yox, o, öz fikrini söyləyir, − deyir Mutim.

Bir müddət də danışandan sonra aydın olur ki, ibn Adiyy ailəsinin Aişə ilə bağlı fikirləri hələlik dəqiqləşməyib. Deməli, arada nə verilmiş söz, nə də bunun üçün tələb var idi.

Peyğəmbərimizlə (s.ə.s.) bu qədər yaxınlıqdan sonra indi də qohum olmaq imkanı var idi. Bu, Hz. Əbu Bəkirin yuxuda da görə bilməyəcəyi bir şərəf idi. Əbu Bəkir (r.a.) Rəsulullaha (s.ə.s.) yaxınlığı bir də belə bir qohumluq əlaqəsi ilə gücləndirəcək və bundan sonra Ondan heç ayrılmayacaqdı. Hz. Əbu Bəkir Mutimin evindən çıxıb birbaşa evinə qayıdır. Onun gəlişini gözləyən Hz. Havləyə müjdəli xəbəri verir. Beləliklə, Əbu Bəkirin ailəsi üçün yeni bir mərhələ başlayırdı.[11] Bu, “hə” almaq mənasına gəlirdi və bu izdivac Mədinəyə hicrətdən yeddi ay sonra baş tutur.

Bir borcun qaytarılması

Bütün baş verənlərə baxmayaraq, Məkkədəki ticarət həyatı öz axarı ilə davam edirdi. Bir gün İraş bölgəsindən Kəhlə adlı bir adam gəlmiş və dəvəsini Əbu Cəhilə satmışdı. Aradan xeyli vaxt keçsə də, Əbu Cəhil onun pulunu vermirdi. Gedib-gəlməkdən bezən iraşlı bir gün qureyşlilərin yanında qışqırmağa başlayır:

− Ey Qureyş camaatı! Kim mənə Əbul-Hakəm ibn Hişama qarşı kömək edə bilər? Mən həm qəribəm, həm də uzun yoldan gəlmişəm. Bu adam mənim haqqımı qəsb edib vermir!

Bu vaxt Allah Rəsulu (s.ə.s.) da Kəbədə idi. Qureyşlilərdən biri Rəsulullahı göstərib:

− Bu adamı görürsənmi? Buradakı adamlarla Onun arasında Onun söylədiklərinə görə  anlaşılmazlıq vardır. Onıın yanına get, sənə kömək etsin!

Haqsızlığa məruz qalmış iraşlı az qala hər gördüyü  saman çöpündən də bir ümid budağı kimi yapışırdı.  Birbaşa göstərilən ünvana gəlir və vəziyyəti danışır. Ondan istənilən bir şeyə Allah Rəsulu (s.ə.s.) heç “yox” deyərdimi? Ayağa qalxır və iraşlı adamla birlikdə Əbu Cəhilin evinə tərəf gedir.

Bunu görən qureyşlilər bir az sonra baş verəcək hadisələrə şahid olmaq istəyirdilər. Çünki onların fikrincə, Əbu Cəhil “ayağını yaş taxtanın üstünə qoymaz” və qapısına gələn bu adamları peşman edərdi! Qureyşlilər aralarından birini seçib:

− Sən get və hadisəni izlə, sonra gəlib bizə danış, − deyirlər.

Nəhayət, Peyğəmbərimiz (s.ə.s.) və iraşlı Əbu Cəhilin evinin qapısının ağzına kimi gəlir. Allah Rəsulu (s.ə.s.)  qapını döyməyə başlayır:

− Kimdir? − deyə Əbu Cəhil acıqlı səslə soruşur.

− Məhəmməd, − Peyğəmbərimiz (s.ə.s.) cavab verir və davam edir:

− Çölə çıx, danışaq.