Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Allah Rəsulunun (s.ə.s.) həvarisi Zübeyr ibn Avvam (r.a.)

Tarix: 08.06.2013 | Bu məqalə 3. 823 dəfə oxunub.

 İlk həyatı

Həzrəti Zübeyr Peyğəmbərimizlə (s.a.s.) iki tərəfdən: həm ana tərəfdən, həm də Əfəndimizin xanımı Həzrəti Xədicə tərəfindən qohumdur. Anası Səfiyyə Peyğəmbərimizin (s.ə.s.) bibisi, atası Avvam isə Həzrəti Xədicənin qardaşıdır. Yəni Həzrəti Zübeyr Peyğəmbərimizin (s.a.s.) qaynı oğlu və Həzrəti Fatimə anamızın da dayısının oğlu olmuşdur. Daha sonraları da Həzrəti Əbu Bəkrin qızı Əsma ilə evləndiyi üçün Onunla bacanaq olmuşdur.

Həzrəti Zübeyr bu qohumluğu yaxşı dəyərləndirmiş, hələ gəncliyinin ilk illərində riza məqamına sahib olmuş, onu qorumağa çalışmışdır. Hələ 15-16 yaşında ikən müsəlman olma şərəfinə nail olmuşdur. Ancaq yarasaların gözləri işıqdan qamaşdığı kimi İslam nurundan qamaşan gözləri ilə İslamın yayılmasına mane olmaq istəyən Məkkənin “başbilənləri” bu əbədi nurun qarşısına pərdə çəkmək istəmişdilər. Əmisi müsəlman olduğunu öyrənincə həsrin arasına qoyaraq atəşin üstündə saxlayar, dinindən döndərmək üçün işgəncə edərdi. Bəli, iztirab və əziyyət, bu yolun taleyidir. O halda irşad və təbliğ adamı, daha işin başında iztirab və əziyyətə razı olmalıdır … Zübeyr b. Avvam (radiyallahu anh) da, hasıra sarılıb yandırılarkən bu yolun əhvalını əks etdirirdi.”[1]

Atası Ficar müharibələrində öldürüldüyü üçün kiçik yaşlarında yetim qalmışdı. anası Safiyyə kiçik Zübeyrə şəfqətini çox da büruzə verməz, həyatda çətinliklərə tab gətirə bilməsi üçün sevgili oğlunu bir az sıxarmış. Bunu başa düşməyənlər də onu danlayardılar. Onun verdiyi cavab çox maraqlıdır: “Mən Zübeyri ona görə döyürəm ki, ağıllı-kamallı olsun, iləridə orduları darmadağın edərək qənimətlə dönən qəhraman olsun”[2]. Ananın haqlı olduğu Həzrəti Zübeyrin həyatının sonrakı illərində təsdiqini tapdı. Zübeyr ibn Avvam bütün ömrü boyu Haqqın və haqlının tərəfində olmuş, bu yolda heç nədən çəkinməmiş, bu uğurda verilən əza və cəfalara dişini sıxaraq səbir etmiş, mətanətlə sinə gərmişdir.

Allah yolunda çəkilən ilk qılınc

Mərhəməti sonsuz Rəbbimiz insanlığın daha artıq qaranlıqda qalmasına razı olmadığı üçün Uca Peyğəmbərini (s.ə.s.) insanlığı “zülm və zülmətdən aydınlığa” çıxarmaq üçün göndərdi. Ona ilk tabe olanlardan biri də Hz. Zübeyr idi. O, müsəlmanlığı qəbul edəndə  nurlu halqanı təşkil edən beş-altı nəfər ancaq olardı.

Həzrəti Zübeyr bir gün əlində qılınc küçəyə yüyürür. Haraya getdiyi, nə etmək istədiyi məlum deyildi. Əlində qılınc, özü də küçənin ortasında. Birdən gözləri qamaşır, baxanda Sonsuz Nurun sahibi Əfəndimizi (s.ə.s.) qarşısında görüb çaşır. Əfəndimiz də (s.ə.s.) Zübeyri bu vəziyyətdə görəndə çox təəccüblənir. Sonradan məlum olur ki, o, Peyğəmbərin (s.ə.s.) şəhid edildiyini eşitmişdir. Ona görə də əlində qılınc küçəyə  yüyürərək qarşısına çıxanı doğrayacağına and içmişdir.[3] Allah Rəsulu (s.a.s.) İslamın təəssübünü çəkdiyi üçün onu təbrik edir. Göründüyü kimi Peyğəmbərə havari olmaq elə də asan məsələ deyil.

Elə İslamda ilk çəkilən qılınc da budur.

Davamı: 1 2 3 4 5