Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Allah Rəsulunun qəbilələri İslama dəvəti

Tarix: 08.05.2013 | Bu məqalə 2. 204 dəfə oxunub.

Allah Rəsulunun İslamiyyəti Abs oğullarina təbliğ etməsi

Abdullah b. Vabisatul-Absi rəvayət edir: “Rəsulullah (s.ə.s.) bizim Minadakı yerimizə gəldi. Biz Məscidi-Hayfdan sonra birinci Cəmrəyə enirdik. O da miniyinin üstündə idi. Tərkinə də Zeyd b. Harisə minmişdi. Bundan qabaq Onun davranışları və həcc mövsümündə hər kəsi İslama dəvət etməsi barəsində eşitmişdik. Başımızın üstündə dayanıb bizə İslamı təbliğ etdi. Amma biz ona “Bəli,” – demədik. Meysərə b. Məsruk əl-Əbəsi də yanımızda idi. Belə dedi: “Allaha and içirəm ki, bu adamı təsdiq edib özümüzlə aparsaq, yaxşı olar. Vallah, onun məfkurəsi qalib gələcək, bütün dəyərləri üstələyib hər şeyə qələbə çalacaq”. Yoldaşlarından biri: “Bizdən uzaq dur, bizi qarşısıalınmaz təhlükələrlə üz-üzə qoyma!” – dedi.”

Allah Rəsulu Meysərənin sözlərindən bir ümid gözləyib onunla danışdı. Meysərə: “Sözlərin nə qədər gözəldir! Nə qədər parlaqdır!” – dedi. Peyğəmbərimiz: “Amma qövmüm mənə qarşı çıxır. Bir insan qövmü ilə var ola bilər. Onlar kömək etməsə, düşmənləri heç kömək etməz,” – dedi.

Rəsulullah (s.ə.s.) oradan ayrılınca həmin qövm də Məkkədən ­çıxır. Meysərə onlara: “Gəlin Fədəkə gedək və oradakı yəhu­dilərdən bu adam haqqında soruşaq,” – dedi. Dərhal durub yəhu­dilərin yanına getdilər. Yəhudilər onların önünə bir kitab qoydu. Allah Rəsulundan bəhs edən yeri axtarıb tapdılar və oxuyub haqqında danışmağa başladılar: “O, ərəblərdən olan və ümmi bir peyğəmbərdir. Dəvəyə minər, çörək qırıqlarıyla kifayətlənər. Nə uzun, nə də qısa boyludur. Saçları nə çox buruq, nə çox düzdür, azacıq dalğalıdır. Gözündə qızartı vardır, rəngi əsmərə çalar”.

Sonra bir yəhudi belə dedi: “Əgər sizi dəvət edən adam bu təsvir edilən şəxsdirsə, onu dərhal qəbul edib dininə girin. Biz həsəd etdiyimiz üçün onu qəbul etməyəcəyik. Buna görə də bir çox yerlərdə böyük fəlakətlərə uğrayacağıq. Heç bir ərəb ona biganə qalmayacaq, ya ona tabe olacaq və ya onunla döyüşəcək. Gəlin siz ona inanın”.

Meysərə qövmünün yanına qayıtdı və: “Ey qövmüm! Bu iş açıq-aşkar və dəqiqdir!” – dedi. Onlar da: “Gələcək həcc mövsümündə təkrar gedər, Onu taparıq,” – deyib yurdlarına qayıtdılar. Qövmün əyan-əşrəfi növbəti il onların həccə getməsinə mane oldu və bu səbəbdən heç biri Peyğəmbərə tabe ola bilmədi.

Sonra Allah Rəsulu Mədinəyə hicrət etdi. Vida həccini edildiyi il Meysərə Allah Rəsulu ilə qarşılaşdı, Onu tanıdı və: “Ya Rəsulullah, Allaha and içirəm ki, başımızın üstündə dayanıb İslamı təbliğ etdiyin o gündən bəri sənə tabe olmağı düşünürdüm. Olan oldu. Gördüyün kimi, Allah İslama girməyimi gecikdirdi. O gün mənimlə birlikdə olan adamların hamısı öldü. Yaxşı, axirətdə onların yeri haradır?” – deyə soruşdu.

Allah Rəsulu: “İslam dinindən başqa əqidələrlə ölən hər kəs cəhənnəm atəşindədir!” – buyurdu. Meysərə: “Məni qurtaran Allaha həmd olsun,” – deyib müsəlman oldu”.[2]

Davamı: 1 2 3 4 5 6 7