Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Allah Rəsulunun qəbilələri İslama dəvəti

Tarix: 08.05.2013 | Bu məqalə 2. 204 dəfə oxunub.

Peyğəmbərimizin Şeyban oğullarını İslama dəvəti

Həzrəti Əli (r.a.) rəvayət edir: “Allah-Təalə Peyğəmbərinə ərəb qəbilələrinə dini təbliğ etməyi əmr etdi, O da Minaya yollandı. Əbu Bəkirlə mən yanında idik. Bir qrup ərəbin yanına çatanda Əbu Bəkir irəli keçib salam verdi. Əbu Bəkir hər xeyirli işdə başda gəlirdi. Həm də o, ərəb qəbilələrinin soylarını çox yaxşı tanıyırdı. Nəhayət, sükutun hökm sürdüyü bir məclisə getdik. Orada qəbilənin nüfuzlu böyükləri oturmuşdu. Əbu Bəkir: “Kimlərdənsiniz?” – deyə soruşdu. “Şeyban b. Saləbə oğullarındanıq,” – cavabını verdilər.

Əbu Bəkir üzünü Allah Rəsuluna tutub: “Anam-atam sənə qurban! Bunlar qövmlərinin ən şərəfli insanlarıdır,” – dedi.

Məfruq b. Amr, Hani b. Qabisa, Müsənna b. Harisə və Numan b. Şərik kimi qəbilənin nüfuzlu adamları da orada idi. Əbu Bəkrə ən yaxın Məfruq b. Amr idi. Bu şəxs gözəl danışığı ilə seçilən insan idi. Sinəsi üstündə iki hörüyü sallanırdı. Əbu Bəkrin yanında oturmuşdu. Əbu Bəkir ondan soruşdu:

– Əhaliniz nə qədərdir?

– Min nəfərdən çoxuq, – deyə cavab verdi Məfruq b. Amr.

Əbu Bəkir:

– Gücünüz necədir? – deyə soruşdu.

Məfruq b. Amr:

– Bütün gücümüzdən istifadə edərik. Bununla birlikdə hər qövmün bir də bəxti vardır, – dedi.

Əbu Bəkir:

– Düşmənlərinizlə necə döyüşürsünüz? – deyə soruşdu.

Məfruq:

– Qarşı-qarşıya gələndə qəzəbimiz şiddətlidir. Biz yaxşı qaçan atları övladlarımızdan, silahı isə sağmal dəvədən üstün tuturuq. Təbii ki, yardım Allahdandır. Gah qalib edər, gah məğlub edər. Hər halda sən Qureyşdənsən? – dedi. Əbu Bəkir:

– Yəqin ki, Allah Rəsulunun xəbərini eşitmisiniz, bax o, bu şəxsdir, – dedi. Məfruq:

– Onun barəsində eşitmişik. Allahın Peyğəmbəri olduğunu iddia edirmiş, – dedikdən sonra Rəsulullaha dönüb:

– Ey Qureyşin qardaşı! Nəyə dəvət edirsən? – dedi. Peyğəm­bərimiz irəli gəlib oturdu. Əbu Bəkir də qalxdı, paltarı ilə Allah Rəsulunu kölgələdi. Rəsulullah:

– Sizi bir olan Allahdan başqa haqq məbud olmadığına, mənim Allahın Peyğəmbəri olduğuma inanmağa, məni qorumağa, dəstəkləməyə, Allahın mənə əmr buyurduqlarını yerinə yetirənə qədər mənə kömək etməyə çağırıram. Qureyş Allahın dininə qarşı döyüşmək üçün bir-biri ilə birləşdi, Allahın Peyğəmbərinə yalançılı deyərək ittiham etdi, batili haqdan üstün tutdu. Allah hər bir ­nöqsandan uzaq və hər həmdə layiqdir, – buyurdu.

Məfruq:

– Ey Qureyşin qardaşı, başqa nəyə dəvət edirsən? – deyə sordu. Allah Rəsulu bu məaldakı ayələri oxudu:

“(Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız! Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi-buluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi (dini vəzifələrinizi, andlarınızı) yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz! Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!” (“Ənam” surəsi, 6/151-153)

Məfruq:

– Başqa nəyə dəvət edirsən? Vallah, bu, yer üzündə olanların sözlərdən deyil. Əgər onların sözlərindən olsa idi, heç şübhəsiz, indiyə qədər eşidərdik,” – dedi.

Allah Rəsulu bu məaldakı ayəni oxudu:

“Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurur, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!” (“Nəhl” surəsi, 6/90)

Məfruq:

– Ey qureyşli, vallah, ən mükəmməl əxlaqa, ən gözəl əməllərə dəvət etdin. Səni yalançılıqda ittiham edib sənə qarşı çıxan qövmün iftiraçıdır,” – dedi. Sonra Hani b. Qabisanın da sözə qarışmasını istəyirmiş kimi: “Bu da Hani b. Qabisadır, böyüyümüz və dini liderimizdir,” – dedi.

Hani:

– Ey Qureyşin qardaşı! Sözlərini dinlədim, dediklərini təsdiq etdim. Zənnimcə, əvvəldən qərarlaşdırılmayan bu ilk məclisdə, məfkurən mövzusunda düşünmədən, bizi dəvət etdiyin şeyin aqibətinə baxmadan dinimizi buraxıb dərhal sənin gətirdiyin dinə tabe olmağımız xətalı olar, ağlın kasadlığına və fərasətin (uzaq­görənliyin) azlığına dəlalət edər. Xətalar həmişə tələskənliyin nəti­cəsidir. Qaldı ki, arxamızda qövmümüz var, onlar burada yoxkən razılaşmağımız düzgün olmaz. İndi sən get, biz də gedək, vəziyyəti sən də, biz də bir qiymətləndirək. Bir az düşünək, sonra bir qərar verək,” – dedi.

Müsənna b. Harisənin də sözə qarışmasını arzu edirmiş kimi:

– Bu da Müsənna! Böyüyümüz, hərbi işlərimizi təşkil edən yoldaşımızdır, – dedi.

Müsənna:

– Ey Qureyşin qardaşı! Sözlərini dinlədim, dediklərini bəyəndim, söylədiklərin məni, həqiqətən, heyrətə gətirdi. Cavabım Hani b. Qabisanın cavabı kimidir. Biz iki su mənbəyi arasında məskunlaşmış bir qövmük. Bu iki suyun biri Yəmamə, digəri Səmavədir, – dedi.

Rəsulullah:

– Bu iki su mənbəyinin adını çəkməkdə məqsədiniz nədir? – deyə soruşdu. Müsənna:

– Biri qurunun yüksək əraziləri ilə Ərəb torpaqlarıdır, o biri isə farsların ərazisi, Kisranın çaylarıdır. Biz oraya yerləşərkən heç bir hadisə törətməmək, qatilləri himayə etməmək barəsində Kisra bizdən vəd aldı. Sənin bizi dəvət etdiyin bu fikir hər halda, hökmdarların xoşlamadığı işlərdəndir. Ərəb diyarlarında baş verən hadisələrə gəlincə bunları törədən bağışlanır, üzrü qəbul edilir. Amma fars torpaqlarında bir hadisə törədən bağışlanmaz, üzrü də qəbul edilməz. Buna görə də ərəb torpaqlarında sənə kömək etməyimizi istəsən, bunu edərik! – dedi.

Peyğəmbər (s.ə.s.):

– Pis cavab vermədiniz, doğrunu çox gözəl ifadə etdiniz. Çünki Allahın dininə onu hər cəhətdən qavrayanlardan başqası sahib çıxa bilməz, – buyurdu.

Bundan sonra Allah Rəsulu Əbu Bəkrin əlindən tutub qalxdı. Sonra Əvs və Xazrəcin məclislərinə getdik. Biz oradan qalxmadan onlar Allah Rəsuluna beyət etdilər. Həzrəti Əli buyurdu ki: “Əvs və Xazrəclilər çox doğru və səbirli insanlardır”.[7]

Davamı: 1 2 3 4 5 6 7