Səhabələr

Ariflərin dilindən ucalan səda

Hicaz bölgəsi də bu tənəzzüldən payını almışdı. Burada yalnız gücün hakim olduğu ictimai sistem mövcud idi. İnsanlar əllərindəki imkanlara və onlara dəstək verənlərə görə dəyərləndirilir, kimsəsizlərin üzünə də baxılmırdı. Haqq və hüquq öz yerini tamamilə zorakılığa, qüvvəyə vermişdi. Güclü olanlar nə desəydi, tətbiqat da o istiqamətdə aparılırdı.

Cəmiyyət öz daxilində müxtəlif təbəqələrə parçalanmışdı. Bu siniflər arasında yalnız xidmət münasibəti ola bilərdi. Qullarla rəftarda isə ürək dağlayan mənzərə hökm sürürdü.

Hz. Adəmdən bu yana hər peyğəmbərin məkanı olan Kəbə bütlərlə doldurulmuş, Allaha daha yaxın olmalı bu bölgədə insanı Allahdan uzaqlaşdırmaq üçün, sanki, hər şeyə əl atılmışdı. Hz. İbrahimdən bu yana yerinə yetirilən həcc ibadətinin forması dəyişmişdi: insanlar Kəbəni çılpaq halda və əl çala-çala təvaf edirdilər. Onların qənaətinə görə, içində günah işlədikləri paltarlarla Kəbəyə gəlmək olmazdı. Buna görə də, günahsız paltar qara bazara çıxmış, xeyli baha satılırdı, ala bilməyənlər isə alternativ həll yolu kimi çılpaq təvaf edirdilər.[19]

Qadın hədsiz alçaldılaraq dəyərsiz bir əşya səviyyəsinə endirilmişdi. Dünyaya qız övladı gətirmək  qadın üçün  silinməz ləkə sayılır, bu ləkə ilə yaşamağa  dözə  (bunu özlərinə sığışdıra) bilməyənlər qız uşaqlarını öldürməyə üstünlük verirdilər.[20] Qəzəb və kinini boğa bilməyən bəzi insanlar isə yeni doğulmuş qız uşaqlarını diri-diri torpağa göməcək qədər azğınlaşır və  bununla da fəxr edirdilər.

Ailə təsisatı, demək olar ki, sıradan çıxmış, səfalət və əxlaqsızlıq qapıları taybatay açılmışdı. Fühuşun (əxlaqsızlığın, fahişəliyin) açıq-aşkar edildiyi yerlərdə bayraqlar asılır və bununla da, insanlar həmin yerlərə açıq şəkildə dəvət edilirdi. Əsil-nəcabətli insanlardan övlad sahibi olmaq çox əhəmiyyətli bir dəyər idi və bunun üçün bəzi insanlar arvadlarını əsil-nəcabətli bildikləri kişilərin yanına göndərirdilər. Beləliklə, bir neçə kişi ilə yaxınlıq edib hamilə qalan qadınlar dünyaya övlad gətirir, uşağın atasını müəyyənləşdirməyə gəlincə də bu məsələdə qadınlar şəriksiz söz sahibi idilər. Onlar dünyaya gətirdikləri körpənin kimə aid olduğunu söyləsə, bu, bir əsas kimi götürülür və etirazsız qəbul edilirdi.[21]

Xüsusilə, qadınlar ailədə artıq yük hesab edilir, buna görə də valideynlər çıxış yolu kimi qızlarını daha erkən ərə verməyə səy göstərir və bununla da, bütün məsuliyyəti kürəkənin çiyninə yükləyib özlərini  vəziyyətdən çıxarmağa çalışırdılar.

Qısası, dünya artıq Sonuncu Sultana həsrət, Allahın yenidən hidayət lütfünə təşnə idi... Zülmətin hədsiz qatılaşdığı bu anlarda artıq vaxt yaxınlaşmışdı. Dünya hər yönü ilə Onun gəlişinə hazırlaşır, gözlər üfüqə dikilir, şəfəqin doğmasını gözləyirdi.


[1]. Suyuti, Hasaisu’l-Kubra, 1/60. Bütün bu hadisələrin nəticəsini qeyd etmək məqsədilə bildirək ki, aradan əsrlər ötəcək və həqiqətən, Satihlə Şıqqın dediyi kimi, Seyf ibn Yezən adlı bir hökmdar bizanslılarla və farslarla əlbir olaraq bütün Yəmən bölgəsini öz hakimiyyəti altına alacaqdı.  Bu vaxt ətrafdakı qəbilələrdən onu təbrik etmək və hədiyyə vermək üçün gələnlərin arasında Qureyş dəstəsi də var idi. Bu dəstənin arasındakı bir nəfər Seyf ibn Yezənin diqqətini cəlb edir. Bu,  Abdulmuttalib idi. Onunla danışmaq istəyirdi, yaxınlaşıb kim olduğunu soruşur. Sonra ona da gözlədiyi Peyğəmbər haqqında bildiklərini bir-bir danışır. Əlbəttə, onun bu sözləri baba Abdulmuttalibə də qucaq dolusu müjdə və sevinc bəxş edirdi.  Bax: İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 2/328
[2]. Taberi, Tarih, 1/426
[3]. Taberi, Tarih, 1/427-428
[4]. Taberi, Tarih, 1:427-429
[5]. Ayni, Umdetü’l-Kari, 4/176
[6]. Süheyli, Ravdü’l-Ünf, 1/72
[7]. Bu adamın Abdullah ibnus-Samir olması nəql edilir. Bax: İbn Hişam, Sire, 1/149
[8]. Bu iki rahiblə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) qarşılaşması və aralarında olan dialoq sonrakı səhifələrdə veriləcəkdir.
[9]. Suyuti, Hasaisu’l-Kubra, 1/31-38
[10]. Beyhaki, Sünenu’l-Kubra, 9/114 (18042) Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Faran dağlarının arasında zühur edib peyğəmbərlik vəzifəsi ilə səfərbər ediləcək, sonra da Mədinəyə hicrət edəcəkdi... Bədir... Uhud...geridə qalır...Bir gün fitnənin başçılarından  olan Qureyzəğullarının yaşadıqları bölgə mühasirə edilir. Bu vaxt illərlə əvvəl ibn Heyyəbanı dinləyən bəzi gənclər bir yerə yığışaraq öz qəbilələrinə belə deyirlər: − Ey Qureyzəoğulları! Allaha and olsun ki, bu, İbn Heyyəbanın vaxtında sizə haqqında danışdığı və barəsində  sizdən əhd aldığı Sonuncu Peyğəmbərdir. Bundan sonra bəzi adamlar da bir ağızdan: – Bəli, vallah, düz deyirsiniz. Hadisələrin gedişatı eynilə onun dediyi kimi cərəyan edir, – deyirlər və birlikdə Rəsulullahın hüzuruna gəlib İslamı qəbul edirlər. Beləliklə, həm mallarını, həm də canlarını qoruyurlar. Göründüyü kimi, İbn Heyyəban gözlədiyi Şəxsi şəxsən görə bilməmişdi, amma başqalarının gözünün açılmasma səbəb olmuşdu. İndi onlar İbn Heyyəbanın yerinə də Rəsulullaha tabe olmuşdular.
[11]. İbn Hişam, Sire, 2/54
[12]. İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 2/268
[13]. Taberi, el-Camiu’l-Beyan, 3/304
[14]. Suyuti, Hasaisu’l-Kubra, 1/43. Amir ibn Rabia davam edərək nəql edir: “Bir gün mən də müsəlman oldum və gəlib Allah Rəsuluna Zeydin sözlərini bir-bir danışdım. Salamını çatdıranda hörmətlə Zeydin salamını aldı. Sonra “Qiyamət günü təkbaşına bir ümmətdir” dediyi Zeydlə bağlı belə buyurdu: “Mən Zeydi cənnətdə ətəyini sürüyə-sürüyə gəzərkən gördüm”.
[15]. Halebi, Sire, 1/318-321. Quss ibn Səidənin qəbiləsindən olan Carud ibn Ala adlı nüfuzlu bir adam Abdi Qaysoğullarının bir heyəti ilə birlikdə adını eşitdiyi şəxsin İncildə bəhs olunan Şəxs olub-olmadığını dəqiqləşdirmək məqsədilə Rəsulullahın hüzuruna gəlir. Simasında bir yaxınlıq görüb Ondan nə ilə göndərildiyini soruşub cavabları eşitdikdən sonra artıq Onun peyğəmbərliyinə heç bir şübhələri qalmamışdı. İncildə müjdələnən Əhməd həmin an qarşılarında dayandıqları Şəxs idi. Daha tərəddüdü qalmayan Carud bunları deyir: − Səni haqq peyğəmbər olaraq göndərən Allaha and içirəm ki, Sənin xüsusiyyətlərini İncildə oxuyub öyrənmişdik. Sənin xoş xəbərini Məryəmin oğlu müjdələmişdir. Sənə daim salam olsun və səni göndərən Allaha həmd olsun. Əlini uzat, ey Allahın Rəsulu! Mən şəhadət gətirirəm ki, Allahdan başqa ilah yoxdur və Sən də Allahın Rəsulusan! Başçılarının bu sözlərindən sonra heyət üzvləri də tövhid kəlməsini söyləyib müsəlman olduqlarını elan edirlər. Bu qıtlıq dönəmində bu cür ilahi rəhməti görən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) sevinir və eyni qəbilədən olduqları üçün aralarında Quss ibn Səidəni tanıyanın olub-olmadığını soruşur: – Quss ibn Səidəni kim tanımır ki? Hamımız onu tanıyırıq, ey Allahın Rəsulu! –cavabını verəndə: − Bəs indi Quss ibn Səidə əl-İyadi necədir? – deyə soruşur Rəsulullah. Onlar da: − Vəfat etdi, ey Allahın Rəsulu! – deyirlər. Bu cavabın ardınca Rəsulullah buyurur: − Mən onu bir gün haram aylarda Ukaz bazarında qızılı rəngli dəvənin üstündə görmüşdüm. Hamısını xatırlamasam da, çox gözəl və xoş sözlər danışırdı: “Ey insanlar! Bir yerə yığışıb birləşin, yaxşı qulaq asın və əzbərləyin. Hər canlı öləcəkdir. Hər ölən də bir daha geri qayıtmayacaqdır. Gələcək, mütləq günü gələcək, gələcəkdir”. Allah Rəsulu bunları deyib onlardan Qussu dinləyənin olub-olmadığını soruşur. Və əlavə edir: – Onun həmin günkü sözlərini xatırlayanınız varmı? Heyətin arxa tərəflərində bir canlanma oldu və bir nəfər qabağa çıxaraq: – Mən hamısını xatırlayıram, ey Allahın Rəsulu, – deyir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buna çox sevinir. Peyğəmbərimizin sevincindən cəsarətlənən həmin şəxs o gün Quss ibn Səidədən eşitdiklərini bir-bir deyir. Qussun çıxışı xatırlanmışdı, amma aydın idi ki, Rəsulullah onun haqqında daha çox şey eşitmək istəyir: − Quss ibn Səidənin o gün dediyi şeiri bilən varmı? – deyə soruşur. Bu dəfə Hz. Əbu Bəkir qabağa çıxır və: − Anam-atam sənə fəda olsun! Həmin günkü hadisələrə mən də şahid idim. Quss ibn Səidə belə deyirdi, – deyə sözlərinə başlayır və onun şeirini misra-misra oxuyur.
[16]. Halebi, Sire, 1/318-321. Deməli, əsas amil illər və əsrlərin sınağından çıxan səy göstərməkdir. Bir baxımdan gələcəyə bir ünvan qoymaqdır. Əgər bunu edən cövhərdirsə, mütləq cövhərin qədrini bilən sərraflar gələcək və Onun qədrini bilib təqdir edəcək. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: − Ümid edirəm ki, Uca Allah qiyamət günündə Quss ibn Səidəni ayrı bir ümmət olaraq dirildər. İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 1/141
[17]. Bax: Şehristani, el-Milel ve’n-Nihal, 2/86, 87; Buti, Fıkhu’s-Sire, 44, 45
[18]. Ebu’l-Hasen en-Nedvi, Maza Hasira’l-Alem Binhitati’l-Muslimin, 28
[19]. “Ey Adəm oğulları! Hər namaz vaxtı məscidə gedərkən gözəl paltarlarınızı geyin. Yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz!” (“Əraf” surəsi, 7/31). Ədəb yerlərini örtmək (sətri avrət) həmişə olduğu kimi, xüsusilə namaz, təvaf kimi ibadətlərdə fərzdir. Lakin israf etməmək şərtilə hər müsəlmanın ibadət vaxtı ən gözəl və təmiz paltarını geyinməsi Peyğəmbərin sünnətidir. Camaatla olanda, məsciddə oturanda ədəb, ciddilik, özünü ağır aparmaq da gözəl zinət və gözəl görünüşdür. Həmçinin başqa ayələrdə qeyd edilən “üzlərini qibləyə çevirmək” əmrində də bu nizam-intizama işarə var. Bundan başqa, ayənin işarəsindən bu da başa düşülür ki, məscid və ətrafı İslam şəhərində gözəllik baxımından ən gözəl və mərkəz yerlərdə yerləşməlidir. Bununla yanaşı, məscidlərin əsl bəzəyi həmin yerlərin ibadətlə canlandırılıb şənləndirilməsi və ibadət edən möminlərin hal və hərəkətləridir.
[20]. Bununla bağlı bir ayədə mövzu belə anladılır: “Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəbdən üzü qapqara qaralar. Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. İndi nə etsin? Görəsən onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? Bir görün onlar neçə pis mühakimə yürüdürlər!” (“Nəhl” surəsi, 16/58-59).
[21]. Buhari, Sahih, 5: 1970 (4834)