Səhabələr

Ariflərin dilindən ucalan səda

Tubba məliki Mədinədə

Bu, necə dərin bir imandır ki, bir gün gələcək Tubba məliki Əbu Kərb səltənətini  bu vəzirliyə qurban etmək üçün yollara düşəcək və Hz. Əli kimi Allah Rəsulunun yanında qalmaq üçün ölkəsini tərk edib Onun hicrət edəcəyi günü gözləmək amalı ilə Mədinəyə köç edəcəkdi. Bu necə bir hikmətdir ki, neçə illər əvvəl Mədinəni dağıtmaq məqsədi ilə gələn Tubba Məliki indi bu şəhərə  taxt-tacını, səltənətini Yəməndə qoyub gözlənilən Peyğəmbərin evini tikmək niyyəti ilə tək-tənha gedirdi? Artıq o da adi bir insandı.

Beləcə, Mədinəyə gələn Əbu Kərb buradan torpaq sahəsi satın alır. Çox keçməmiş zəruri avadanlıqları tədarük edib bu yerdə ev tikdirməyə başlayır.

Mədinə kiçik bir bölgə idi və hamı bir-birini tanıyırdı. Bu yad adamın kim olduğunu öyrənmək çox çəkməmişdi. Yəmən tərəflərdən olan bu şəxs çoxları üçün əlçatmaz olan  mövqe və səltənətindən üz döndərib bu yerlərə köçmüşdü.

Mədinədə yenicə köç salmış bu adam haqqında bir izahat gözləyirdilər. Nə səbəbə bu qədər dəbdəbə və əzəməti, ehtişamı, səltənəti və əmrindəki minlərlə insanı bir kənara ataraq bu yerlərə gəlmişdi? Və nə üçün burada torpaq alıb ev tikdirirdi?

Əlbəttə, ətrafına yığışan və heyrətdən donub qalan bu insanlara nəsə demək lazım idi. Amma Əbu Kərb istəmədiyi bir şeyi söyləmək məcburiyyətində qalan adamın vəziyyətinə düşmüşdü. Gözləri, hər hərəkəti: “Məni öz halımla baş-başa buraxın“, − deyirdi, sanki... Ancaq onun bildiyi həqiqətə başqalarının da ehtiyacı var idi və gizləməsinin mənası yox idi. Bəlkə, Yəmən əhli  kimi mədinəlilər də iman gətirərdilər.

Ürəyi həyəcanla döyünür və titrəyən dodaqlarından bu cümlələr süzülməyə başlayır Əbu Kərbin:

− Mən qədim kitablardan oxudum ki, çox keçmədən Faran dağlarının arasında bir Peyğəmbər zühur edəcək və Məkkə, nəinki o Nəbiyə sahib çıxmayacaq, hətta Ona qarşı amansız davranacaq. Həmin Peyğəmbər də bir müddət sonra bu bölgəni tərk etmək məcburiyyətində qalacaq. Sonra da buraya − Mədinəyə hicrət edəcək. Mən məhz hicrət edib bura gələcək həmin Peyğəmbər içində qalsın deyə  indidən Onun  evini  tikirəm.

Bu  sözlərin mənasını çox az adam dərk etmişdi... Ancaq deyilənlə­rin mənasız olmadığını bilənlər də vardı və anlamayanlar da özlərini başa düşmüş kimi göstərib  oradan dağılışdılar...

Günlər keçir, məlikin gözlədiyi Son Sultan görünmürdü.

Artıq tale (qədər) onun üçün də hökmünü verəcək və məlik də fani dünya ilə vidalaşıb əbədiyyətə qovuşacaqdı.

Məlikin evi övladlarına miras qaldı... Onlar da həmin evi başqalarına satdılar...[5]