Səhabələr

Ariflərin dilindən ucalan səda

Keşişə yaxınlaşan Salman:

− Məni kimə qoyub gedirsən? − deyə kədərli-kədərli yalvarır.

Keşiş də fikirli idi. Tez-tez gözlərini üfüqə dikir, bu vəziyyətdə donub qalırdı. Yenə eyni halda idi... Hüzn dolu bir səslə bunları deməyə başlayır:

− Bu gün buralarda münasib bir adam tanımıram ki, səni əmanət edim. Lakin İbrahimin Hənif dini üzrə göndəriləcək Sonuncu Pey­ğəm­bərin kölgəsi artıq üstümüzdədir. O, Ərəb diyarında zühur edəcək. Onun hicrət edəcəyi məkan iki isti bölgə arasında xurma ağacları ilə dolu bir yerdir. Onun gizlədilməsi mümkün olmayan bəzi əlamətləri və işarələri var. İki kürəyi arasında peyğəmbərlik möhrü var. O, hədiyyə qəbul etdiyi halda, sədəqəni əsla qəbul etməz və yeməz. Əgər gücün çatarsa, get və Onu orada gözlə. Onu görən kimi tanıyacaqsan.

Və kədərli Salman bütün mal-mülkünü satıb yenidən yola düzəlir. Bu dəfəki hədəf gələcəyinə iman etdiyi Allahın Sonuncu Peyğəmbəri idi.[9]

İbn Heyyəban Şam diyarında  məhsuldar torpaq sahələrinə malik bir adam idi. Dinə meyli sayəsində qısa müddətdə yəhudi alimi səviyyəsinə yüksəlir. Oxuyub vaqif olduğu məlumatların işığında bir gün evini tərk edir və gözlədiyi Peyğəmbəri axtarmaq məqsədilə yollara düşür: ünvan Mədinə idi. Və niyyəti aydın idi: burada məskunlaşmaq və beləcə Son Nəbinin gəlişinə şahid olmaq.

Qısa müddətdə mədinəlilərlə qaynayıb-qarışmış, “mədinəli” olmuşdu. O, bir könül insanı idi; namaz qılır, insanlara yaxşılıq edir, nəsihət verir və ibadətdən başqa heç nə düşünmürdü. Qıtlıq vaxtlarında mədinəlilər onun yanına gəlir və ilahi rəhmətin (inayətin) – yağışın yağması üçün birgə edilən dualarda onu da yanlarında görmək istəyirdilər. O isə Allah naminə bir sədəqə verilmədən bu istəklərə “bəli” deməz, duadan əvvəl xeyirli bir iş görülməsini istəyərdi. Bunun ardınca duaya başlayar və çox keçməmiş  yağış dolu buludların gəlməsinə, göylərdən rəhmət enməsinə  şahid olardılar. Eyni vəziyyət bir neçə dəfə təcrübə edildikdən sonra artıq mədinəlilərdə qəti qənaət hasil olmuşdu.

Nəhayət, İbn Heyyəbanda da axirətə səyahətin əlamətləri görünmüşdü. İbn Heyyəbanın dünyadan köçəcəyini anlayanlar yığışmış, onun son nəsihətlərindən faydalanmaq istəyirdilər. Gedəcəyini  özü də anlamış və insanlara səslənmişdi:

− Ey yəhudi camaatı! Bildiyiniz kimi, mən buğda  tarlaları və üzüm bağları ilə zəngin torpaqlardan yoxsulluq və qıtlıq hökm sürən bir diyara gəlmişdim. Heç bunun səbəbini bilirsinizmi?

Hər kəsi maraq götürmüşdü. Onun buraya gəliş məqsədini kim bilirdi ki? O, səssiz-səmirsiz gəlmiş və bir mədinəli kimi sadə həyat yaşamışdı. Təəccüblə:

− Sən daha yaxşı bilirsən, − deyirlər.

Tarixə bir qeyd həkk etmək lazım  idi və ibn Heyyəban bunları danışmağa başlayır:

− Mən bu yerlərə zühur anı yaxınlaşan Peyğəmbəri gözləmək üçün gəlmişdim. Bura onun hicrət edəcəyi yerdir. Mən ümid edirdim ki, O, bura gələcək və mən də Ona tabe olacağam. Onun kölgəsi başımızın üstündədir, təşrifinə lap az qalıb...

Ancaq İbn Heyyəbanın bir əndişəsi vardı. Onlarla birgə yaşamış, xarakter və təbiətlərini yaxşıca öyrənmişdi. Bu inadkar insanlar özlərindən kənar hansısa müsbət dəyişikliyə mahiyyətinə varmadan mənfi yanaşar və onu qətiyyən yaxına buraxmazdılar. Bu Peyğəmbər gələndə də eyni cür davransalar, halları necə olardı? Elə isə onları belə davranacaqları halda, başlarına gələ biləcəklərdən də xəbərdar etməli, bundan çəkindirməli idi. Onlara unuda bilməyəcəkləri, ruhun dərinliyinə işləyən sözlər söyləyir:

− Ey yəhudi camaatı! Ona qarşı çıxmayın!  Çünki O, cihad əmri ilə mükəlləfdir  və Ona qarşı müxalif olanları əsarət altına almaq səlahiyyəti ilə göndəriləcəkdir. Bu, əsla sizi Ona tabe olmaqdan çəkindirməsin!

İbn Heyyəban bunları deyib gəlişini gözlədiyi Son Peyğəmbərin həsrəti ilə əbədiyyətə qovuşur. Artıq Mədinədə İbn Heyyəbandan qulaqlarda sırğa olan sözlər və xoş xatirələr qalmışdı”. [10]