Səhabələr

Ariflərin dilindən ucalan səda

3. Hicaz

Digər bir bölgədə − Hicazda da Onun zühurundan bəhs edirdilər. Hicaz sakinləri əksəriyyət etibarilə cəhalət yolunda yürüsə də, onların içində Varaqa ibn Nəvfəl, Zeyd ibn Amr və Quss ibn Saidə kimi nura həsrət olanlar, yol gözləyənlər vardı. Bu fəzilətə aşiq insanlar cəmiyyətdə baş verən hadisələrdən narahatlıq keçirsələr də, əllərindən heç nə gəlmirdi. Bir ümid vardı: Allahın Son Peyğəmbəri gələcək və qaranlıq uçurumlara yuvarlanan kütlələri zülmətdən çıxaracaqdı. Bu üç nəfər, Tövrat və İncil başda olmaqla, müəyyən mənbələrlə  tanış olmuş və həmin qaynaqlarda onları xilas edəcək Son Peyğəmbərin məziyyətlərinə rast gəlmişdi.

Zeyd ibn Amr

Zeyd ibn Amr aşəreyi-mübəşşərədən (Aşəreyi-mübəşşərə − Peyğəm­bərin (s.ə.s.) özlərinə Cənnətlik olduqlarını müjdə verdiyi səhabələrdir. Bu kəslər Allahın əmrlərinə bağlılıqda və dinə xidmət yolunda göstərdikləri fədakarlıqda Allahın rizasını tam qazanmışdılar. Həmin  səhabələr bunlardır: Hz. Əbu Bəkir, Hz. Ömər, Hz. Osman, Hz. Əli, Hz. Əbdürrəhman bin Avf, Hz. Ubeydə ibn Cərrah, Hz. Said ibn Zeyd, Hz. Sad ibn Əbi Vaqqas, Hz. Talha, Hz. Zübeyr ibn Avvam (r.a.)) olan məşhur səhabə Said ibn Zeydin atası, Zeynəb binti Cahşın böyük qardaşı və Hz. Ömərin də əmisi idi. Hz. İbrahimdən qalan Hənif inancına etiqad edənlərdən idi. Bu səbəbdən bütlərdən üz döndərir və hər fürsətdə bütlərin heç bir xeyir və zərər verə bilməyəcəyini söyləyirdi. O ancaq Allahın adı ilə kəsiləni yeyir, harama əl uzatmırdı.

Bir gün kürəyini Kəbəyə söykəyib oturduğu zaman ətrafına yığışan insanlara belə səslənmişdi:

− Ey Qureyş camaatı! Zeydin nəfsi qüdrəti əlində olana and olsun ki, burada məndən başqa aranızda İbrahimin dinində olan  yoxdur.

Ardınca  əllərini səmaya qaldırmış və:

− Allahım! Əgər Sənin dərgahında hansı üzün daha xeyirli olduğunu bilsəydim, mütləq ona səcdə edərdim. Amma bunu bilmirəm,− deyə çarəsizliyini dilə gətirmiş, mindiyi heyvanın üstündə  səcdəyə gedərək “Bir” olaraq qəbul etdiyi Rəbbinə şükrünü əda  etmişdi.[11]

Bütlərlə əhatə olunmuş mühitin təzyiqlərindən xilas olmaq və inancları yolunda yeni insanlar tapmaq arzusu ilə bir gün özü kimi  muvahhid (Allahın bir, tək (vahid) olduğunu qəbul edən) Varaqa ibn Nəvfəl, Osman ibn Huveyris və Abdullah ibn Cahşla birlikdə səfərə çıxmış və Məvsildə yaşayan bir rahibin yanına gəlmişdi. Rahib üzünü Zeydə tutub:

−  Ey dəvə sahibi! Haralardan gəlirsən? − deyə soruşur.

−  İbrahimin tikdiyi binanın olduğu diyardan! − cavabını verir.

−  Nə axtarırsan? Nəyin arxasınca düşmüsən? − deyə məqsədini soruşanda Zeyd:

− İnancımı yaşaya biləcəyim sağlam bir din axtarıram, − deyir.

Rahib heyrət içində idi. Qəribə idi, insanlar məhz din arayanların göz dikdiyi məkandan buraya gəlir və başqa bir din axtarırdılar. Təəccüb doğururdu. Dərya içrə dəryada olub suyun qədrini bilməyənlər də varmış. Ancaq haqpərəst olmaq lazım idi  və  Rahib Zeydə çevrilərək:

− Geri qayıt! Çünki gözlədiyin sənin gəldiyin yerdə zühur etmək üzrədir, − dedi.[12]