Səhabələr

Ariflərin dilindən ucalan səda

Zeyd ibn Amrın əllə düzəldilən bütlərin ilah olmayacağını söyləməsi bir çoxlarını narahat etmiş və oxların ona tuşlanmasına səbəb olmuşdu. Hətta buna görə qardaşı Hz. Ömərin də atası olan Xəttabın şiddətli təzyiqləri ilə üzləşmişdi. Necə olmuşdu ki, Xəttab ailəsindən biri Məkkənin hakim dairəsinə qarşı çıxaraq özünə başqa yol seçmişdi? Xəttaba görə, bütlərə ibadətdə nöqsana yol verməyin və kəsdikləri heyvanların ətini yemək kimi adətə məhəl qoymamağın cəzası mütləq olmalı idi.

Xəttab onu “ağıllansın” deyə Məkkənin ətraf təpələrinə çıxarır və işgəncə verirdi. Özü yorulanda gəncləri yerinə vəkil təyin edir və  bununla qardaşının “ağıllanacağı “ ana  qədər  işgəncənin davam etməsini təmin edirdi. Nə qədər avara, axmaq, sərsəri  varsa, onları tənbeh edir, öz qardaşının Məkkəyə dönməsinə icazə vermirdi.

Artıq Zeyd Məkkəyə yalnız gizli gələ bilirdi. Gəlişindən xəbər tutar-tutmaz onu yaxalayır və “birdən dinimizi dəyişdirər” və ya “başqalarını da özünə cəlb edər” əndişəsi ilə dərhal Məkkədən uzaqlaşdırırdılar. Çünki o, hər fürsətdə səcdəyə qapılır və belə deyirdi:

−  Mənim ilahım İbrahimin ilahıdır, dinim də İbrahimin dinidir.[13]

Zeyd Cahiliyyə çirkabından sıxılmış, yeni-yeni axtarışlara başlamışdı. Əvvəlcə yəhudilərin yanına gedib onların inancını mənimsəmək istəyir, ancaq bu inancın onu qane etməyəcəyini anlayır. Sonra xristianlığa yönəlir, amma qısa müddətdə bu dində də axtardığını tapa bilməyəcəyi qənaətinə  gəlir.

Beləcə bir gün özü kimi İbrahimin (ə.s.) dinini yaşayan bir hənif tapmaq ümidi ilə doğma yurdunu tərk edib Şam tərəflərə üz tutur. Əhli-kitab arasında axtardığını tapmaq məqsədi ilə soruşa-soruşa Məvsili və Ərəb yarımadasını gəzib-dolaşır. Ancaq könlünə təskinlik verəcək  bir həmdəm tapmaqda aciz qalır. Nəhayət, Şama gələndə bir rahibi  nişan verirlər. Zeyd məqsədini ona danışır. Rahib də adi adam deyildi. İstəyini anlamışdı və  Zeydə belə nəsihət edir:

− Sən mənə elə bir dindən bəhs edirsən ki, bu gün həmin dini yaşayan bir adam tapmaq mümkün deyildir. Sən İbrahimin hənif dinini axtarırsan. O isə nə yəhudidir, nə də xristian. O, tək olan Allaha ibadət edir və gəldiyin bölgədəki Beytə yönələrək namaz qılıb səcdə edirdi. O dini öyrədən və bilənlərin hamısı bu dünyadan köçüb. Ancaq gözlənilən bir Peyğəmbər var ki, Onun gəliş vaxtı çox yaxınlaşıb. Sən öz yurduna qayıt və orada gözlə. Çünki Allah sənin qövmün arasından İbrahimin dini üzrə bir Peyğəmbər göndərəcək ki, O,  Allah dərgahında  ən mükərrəm (hörmət və təzim edilən, ikram olunmuş) varlıqdır.

Bütün bu əlamət və işarələr Zeydin gəldiyi Məkkəni göstərirdi. Qəribə idi ki, axtardığını tapmaq üçün tərk etdiyi məkana axtarıb tapa bilmədiyi Son Peyğəmbər gələcəkdi. Vaxt itirməyə gərək yox idi. Və Zeyd dərhal yola düzəlir.

Şam yəhudi və xristianları Zeydin bu hal və hərəkətlərini bəyənməmişdi. İş o yerə çatır ki, Zeydin yolunu kəsib muradını gözündə qoyurlar − onu amansızcasına  öldürürlər.

O, gələcək Son Nəbiyə inamı tam olmasına rəğmən, Onun gəlişi əfərəsində qürub edəcək və gözlədiyi xoşbəxt anı görmədən axirət səfərinə çıxacaqdı. Tez-tez bunları təkrar edirdi:

− Mən bilirəm ki, yaxın vaxtlarda bir din gələcək! Artıq onun kölgəsi başımızın üstündədir. Fəqət bilmirəm ki, o günü görəcəyəm, yoxsa yox?!