Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Döyüş meydanlarında İslam dininin təbliğ edilməsi

Tarix: 07.05.2013 | Bu məqalə 1. 923 dəfə oxunub.

Sad b. Əbi Vəqqasın bir dəstə müsəlman heyətini döyüşdən əvvəl Kisranın yanına göndərməsi

Əbu Vail rəvayət edir: “Həzəti Sad (r.a.) gəldi və Qadisiyədə düşərgə saldı. Dəqiq bilmirəm, amma yeddi və ya səkkiz mindən çox deyildik. Müşriklər isə otuz min nəfər idi (İbn Kəsrin “əl-Bidayə”də Seyf və daha başqa tarixçilərdən nəql etdiyinə görə, o gün düşmənin ümumi sayı səksən min imiş. Digər bir rəvayətdə də Rüstəmin yanında yüz iyirmi minlik qoşun olması, səksən min əsgərin də ehtiyatda baş verənləri izləməsi yazılır). Həmçinin Rüs­təmin ordusunda otuz üç baş fil var idi. Onların içindən olan ağ fil keçmiş Kisralardan biri olan “Sabur”un fili idi. Ən böyüyü və ən qabaqda gedəni idi, o biri fillər onun arxasınca gedirdilər. İranlılar: “Gücünüz yox, silahınız yox, nə üçün gəldiniz? Haydı, geri qayıdın,” – dedilər. “Dönməyəcəyik!” – cavabını verdik. Oxlarımıza baxıb gülür və: “Dük dukiğ, iğ (teşi)” deyir, oxlarımızı kirmana (toxuma aləti) bənzədirdilər. Dönməyəcəyimizi bildirincə: “Bizim yanımıza başbilənlərinizdən birini göndərin, gəlişinizin səbəbini yaxşı-yaxşı izah etsin,” – dedilər.

Həzrəti Muğirə b. Şubə: “Mən varam!” – deyib onlara tərəf getdi, taxta çıxıb Rüstəmin yanında oturdu, iranlılar donquldanıb bağırışdılar. Muğirə:

– Burada oturmaq mənim şərəfimi artırmaz, hökmdarımızı da dəyərdən salmaz, – dedi. Rüstəm: “Doğru söylədin. Yaxşı, nə üçün gəldiniz?” – deyə soruşdu.

Həzrəti Muğirə: “Biz pislik və azğınlıq içində idik, Allah-taala bizə Peyğəmbər göndərdi, onunla bizi doğru yola çatdırdı, onun sayəsində bizə ruzilər bəxş etdi. Bu diyarda bitən buğda dənələrini yeyib əhli-əyalımıza da daddırınca: “Bunu yeməyə alışdıq, bundan sonra yeməsək, dözə bilmərik! Bizi o torpaqlara aparın, buğda çörəyi yeyək!” – dedilər. Rüstəm: “Onda sizi öldürərik!” – dedi. Muğirə: “Bizi öldürsəniz, cənnətə girərik, biz sizi öldürsək, cəhənnəmə girərsiniz, sağ qalanlarınız da cizyə verər,” – dedi. Muğirə “Cizyə verərsiniz,” – deyincə farslar donquldana-donquldana: “Sizinlə sülh bağlamarıq!” – dedilər.

Muğirə: “Çox yaxşı, indi döyüşmək üçün siz bizim tərəfə keçəcəksiniz, yoxsa biz sizin tərəfə?” – deyə soruşdu. Onlar: “Biz sizin tərəfinizə keçəcəyik!” – dedilər. Bunun müqabilində İslam ordusu geri çəkildi, farslar keçincə müsəlmanlar ani bir hücumla onları məğlubiyyətə uğratdılar”.[1]

Müaviyə b. Qurrə (r.a.) rəvayət edir: “Qadisiyyə döyüşünün baş verdiyi gün Muğirə b. Şubəyə (r.a.) iranlıların başçısının yanına getmək əmri verildi. Muğirə: “Mənimlə on nəfər də gəlsin,” – dedi. İstəyi yerinə yetirildi. Muğirə paltarını möhkəmcə bağladı, təmiz dəri qalxanını götürüb getdi. Fars sərkərdəsinin yanına çatanda yoldaşlarına: “Yerə bir qalxan qoyun,” – dedi. Qoyulan qalxanın üstündə oturdu. Uzun boylu bir fars:

– Ərəblər! Ölkəmizə niyə gəldiyinizi bilirəm. Öz diyarınızda qarınlarınızı doyuracaq yemək tapa bilmirsiniz. Alın, sizə ehtiyacınız qədər yemək verək. Biz atəşpərəst cəmiyyətik, sizi öldürmək istəmirik, sizi öldürsək, torpağımız çirklənər, – dedi.

Muğirə cavab verdi: “Vallah, biz bu düşüncələrlə gəlmədik. Biz daşlara və bütlərə tapınan bir qövm idik. Sitayiş etdiyimiz daşdan daha gözəlini gördüyümuz vaxt onu atar, başqasını götürərdik. Nəhayət, Allah bizə özümüzdən bir Peyğəmbər göndərdi. O bizi İslama çağırdı, biz də Ona tabe olduq. Biz əsla azuqə əldə etmək üçün gəlmədik. İslamı qəbul etməyən düşmənlərimizlə döyüşmək mükəlləfiyyətini daşıyırıq. Döyüşçülərinizi öldürmək, zürriyyətləri­ni əsir götürmək üçün gəldik. Yemək məsələsinə gəlincə and içirəm ki, qarındolusu yemək tapa bilmirdik, hətta çox zaman doyunca içməyə su da tapa bilmirdik. Sizin torpaqlarınızda isə bol ərzaq, bol su tapdıq. Vallah, bu nemətləri qoyub getməyəcəyik, bunlar ya sizin olacaq, ya da bizim!”

Rüstəm farsca: “Doğru söylədi,” – dedikdən sonra Muğirəyə: “Sabah gözün çıxacaq,” – dedi. Amma sabahısı gün bir oxun batması ilə öz gözünü itirdi,”[2]

“Əl-Bidayə”də tarixçi Seyfin bunları nəql etdiyi yazılır: “Sad b. Əbi Vəqqas (r.a.) bir dəstə yoldaşını döyüşdən əvvəl Kisranın yanına göndərdi. Onu İslama dəvət edəcəkdilər. Kisranın hüzuruna çıxmaq üçün icazə istədilər, izin verildi. Müsəlman heyətin əyin-başını görmək üçün bölgə sakinləri küçələrə çıxdı. Baxdılar ki, əyinlərində qısa paltar, əllərində qamçı, ayaqlarında çarıq, altlarında çəlimsiz ayaqlarını sürüyən atlar! Çox təəccübləndilər. Bu adamlar onların həm sayına, həm də hərbi imkanlarına görə güclü və möhtəşəm ordularını necə məğlub edəcəkdi?

Müsəlman heyət Məlik Yezdəgirdin hüzuruna çıxanda hökmdar onları qarşısında oturtdu. Yezdəgird çox təkəbbürlü, tərbiyəsi naqis və kobud bir adam idi. Heyətdən geyimlərinin, xirqələrinin, çarıqlarının və qamçılarının adlarını soruşmağa başladı. Müsəlmanların hər cavabını bir uğur kimi qəbul edirdi. Amma Allah onun öz lehinə olan düşüncələrini əleyhinə çevirdi. Sonra onlardan soruşdu: “Bu ölkəyə nə səbəbə gəldiniz? Sizi o daxilimizdəki çəkişmə və qarışıqlıqlar cəsarətləndirdi?”

Numan b. Muqarrin belə bir cavab verdi:

– Allahın bizə rəhmi gəldi və bir Peyğəmbər göndərdi. O, bizə xeyri göstərir, xeyir işləməyi əmr edir, şəri tanıdır, ondan da çəkindirirdi.

Ona itaət etməyin əvəzində bizə dünya və axirətin xeyirlərini vəd edir. Hansı qəbiləni dəvət edirdisə, şübhəsiz, həmin qəbilə iki yerə bölünürdü, bir dəstəsi ona yaxınlaşarkən, digəri ondan uzaq qalırdı. Onun dininə qəbilənin nüfuzlu adamları qəbul edirdi. O, Allahın dilədiyi qədər bu şəkildə dini təbliğ etdi. Sonra Allah ona əmr etdi ki, qarşı çıxan ərəblərin üstünə hücum etsin və əvvəlcə onlardan başlasın. O da belə etdi. Nəticədə, ərəblərin hamısı iki yolla müsəlman olmağa başladı: zorla və ya öz arzusu ilə. Əvvəlcə müsəlman olmaq istəməyənlər sonra məmnun qaldılar. Öz arzuları ilə İslama girənlərin şövqləri daha da artdı. Onun bizə gətirdiyi dinin etdiyimiz düşmənçiliklərdən daha üstün olduğunu anladıq. O, bizə əvvəl yaxın qonşumuz olan millətlərdən başlamağı, onları ədalətə çağırmağı tövsiyə etdi. Biz sizi dinimizə çağırırıq. Bu, İslam dinidir. O, gözəli bəyənən, çirkini pisləyən bir dindir. Qəbul etsəniz, sizə Allahın kitabını verəcək, onun hökmləri ilə hökm etmək şərtilə geri qayıdacaq, işlərinizə və ölkənizə qarışmayacağıq. Bizə cizyə gətirsəniz, cizyələrinizi qəbul edəcək, sizi qoruyacağıq, əks halda sizinlə döyüşəcəyik.

Yezdəgird: “Yer üzündə sizdən daha vəhşi, daha azğın, bir-biri ilə çəkişən, pis xasiyyətli bir qövm tanımıram. İndiyə qədər səhradakı kəndləri sizə həvalə etmişdik. Farslar sizinlə döyüşmür, siz də onlara qarşı çıxmazdınız. Sayınızın çoxalması sizi aldatmasın. Əgər dolanışıq çətinliyi sizi bu yola sövq etdisə, bolluğa qədər sizə ərzaq verərik, böyüklərinizə bəxşişlər, hədiyyələr verər, hamınızı geyimlə təmin edərik. Başçılarınızı var-dövlətə tutar, sizinlə mülayim davranan bir hökmdar da təyin edərik,” – dedi.

Müsəlman heyəti susdu. Muğirə b. Şubə ayağa qalxdı və:

– Ey Məlik! Bu gördüklərin ərəblərin rəisləri, öndərləridir, zadəganlarıdır. Zadəgan zadəgandan utanar: zadəganlara ancaq zadəganlar ikram edər, əşrafın hüququnu yenə əşraf qoruyar. Onlar nə üçün göndərildiklərini sənə tamamilə açıqlamadılar, hər sözünü cavablandırmadılar. Yaxşı da etdilər! Onlar kimi insanlara ancaq belə hərəkət yaraşar. Məndən cavab istə, sənə gerçəkləri mən çatdırım, onlar da şahid olsunlar. Sən məlumatın olmadan bizi bəzi xüsusiyyətlərlə təsvir etdin!

Bizim çox pis bir vəziyyətdə olduğumuzu söylədin, doğrudur! Bizdən pisi yox idi. Aclığımız heç bir qövmün aclığına bənzəmirdi, həşaratları, əqrəbləri, ilanları yeyir, bunları təbii qidalar sayırdıq.

Evlərimiz isə torpağın üstü idi, geyimlərimizi də dəvə tükündən, qoyun yunundan hörürdük. Dinimiz isə bir-birimizi öldürmək, bir-birimizə zülm etmək idi. Çörəyimizə ortaq olmasın deyə qız övladlarımızı diri-diri basdıra bilirdik. Əvvəlki halımız bu idi. Sonra Allah bizə hər kəsin tanıdığı bir adamı Peyğəmbər göndərdi. Biz onun soyunu, kimliyini və doğumunu bilirdik. Torpağı dünyamızın ən xeyirli yeri, əsil-nəcabət cəhətdən ən üstünümüz, evi evlərimizin ən yaxşısı, qəbiləsi qəbilələrimizin ən şərəflisi idi. Şəxsiyyəti etibarilə Peyğəmbərlikdən əvvəl də ən doğrumuz, ən yumşaq xasiyyətlimiz idi.

Davamı: 1 2 3 4 5