Bizi elə bir məfkurəyə dəvət etdi ki, ilk anda onu dostu və özündən sonra xəlifəsi Əbu Bəkirdən başqa heç kim qəbul etmədi. O, bir şey dedi, biz başqa şey dedik, O, doğrunu hayqırdı, biz inkar etdik! Amma O, artarkən biz azaldıq. Aləmlərin Rəbbi ilə bizim aramızda vasitəçi oldu! Bizə söylədiyi Allahın sözü, bizə əmr etdiyi Allahın əmrləri idi. Bizə Rəbbimizin belə buyurduğunu söylədi:
– Allah mənəm! Təkəm, ortağım yoxdur. Heç bir şey yoxkən, Mən var idim. Varlığımdan başqa, hər şey yox olacaq! Bütün varlıqları Mən yaratdım. Hər şey Mənə dönəcək. Rəhmətim sizə yetişdi. Ölümdən sonra əzabımdan qurtaracağım yolu göstərmək, sizi öz evim olan əmin-amanlıq yurduna aparmaq üçün bu şəxsi göndərdim!”
Biz də onun Haqqın dərgahından haqqı gətirdiyinə şəhadət edirik. Allah-taala bizə Peyğəmbər vasitəsilə bunları bildirdi: “Bu məfkurədə kim sizə tabe olsa (dininizi qəbul etsə), lehinizə olan onun da lehinə, əleyhinizə olan onun da əleyhinədir. Qəbul etməyənlərə də cizyə təklif edib öz canlarınızı qoruduğunuz kimi, onları da himayənizə götürün. Cizyə verməyi qəbul etməyənlərlə də döyüşün, aranızda hakim mənəm. Sizdən öldürüləni cənnətimə qoyacağam. Sağ qalanınıza da düşmənini məğlub etməsi üçün kömək edəcəyəm”.
Muğirə bunları nəql etdikdən sonra belə dedi: “İndi istəsən, alçaldıcı vəziyyətdə cizyə ver, istəsən, qılıncı seç! Diləsən, İslamı qəbul et, canını qurtar.” Yezdəgird: “Bunları mənə deyirsən?” – dedi. Muğirə: “Mən mənimlə danışan insana deyirəm bunları, əgər başqası mənimlə danışsa idi, bunları sənə deməzdim!” – dedi. Yezdəgird: “Elçiləri öldürməmək adətdən olmasa idi, dərhal sizi öldürərdim. Mənim yanımda sizə veriləcək heç bir şey yoxdur!” – dedi və adamlarına: “Bir çuval torpaq gətirin, bunların ən əsil-nəcabətlisinin belinə yükləyin, Mədaindən çıxana qədər qoyun küçədə daşısın,” – deyə əmr verdi. Müsəlman heyətə də: “Sərkərdənizin yanına qayıdın və ona bildirin ki, üzərinə Rüstəmi göndərirəm. Qoy onu və ordusunu Qadisiyyə xəndəklərinə basdırsın, onu və sizi cəzalandırsın. Daha sonra Rüstəmi ölkənizə göndərəcəyəm, Kisra Saburun etdiyi işgəncələrindən daha dəhşətlisini sizə versin, sizi bir-birinizə düşmən etsin!” – dedi və soruşdu: “Ən əsil-nəcabətliniz kimdir?”
Heç kimdən səs çıxmadı. Yalnız Asam b. Amr (r.a.) çuvalı götürmək üçün: “Ən əsil-nəcabətlisi mənəm, bunların başçısıyam, torpağı mənə yükləyin,” – dedi. Yezdəgird: “Özünün dediyi kimi ən əsil-nəcabətliniz bu adamdırmı?” – deyə soruşdu. Onlar da: “Bəli,” – deyə cavab verdilər.
Asım torpağı çiyninə alıb eyvan və evləri keçib miniyinin yanına gəldi, torpağı onun belinə yüklədi. Yola çıxdılar. Asım yoldaşlarını keçdi, Qudeys qapısını geridə qoyunca: “Sərkərdəmizi zəfərlə müjdələyin! İnşallah, müzəffər olacağıq!” – dedi.
Yoluna davam edib özü ilə gətirdiyi torpağı Ərəb torpaqlarına keçirdi. Sonra geri qayıtdı, baş sərkərdə Sad b. Əbi Vəqqasın (r.a.) yanına girdi, son vəziyyəti izah etdi və: “Müjdə! Vallah, Allah onların mülklərinin açarlarını bizə verdi!” – dedi.
İslam ordusu Yezdəgirdin Asımın kürəyinə yüklətdiyi torpağı xeyrə yozub bunu fars torpaqlarını fəth edəcəyinə müvəffəq olacağına işarə saydı”.[3]