Səhabələr

Elçilər və yayılma dövrü

Artıq Mədinədə fərqli və yeni bir mərhələ başlayırdı. Hudeybiyyə müqaviləsinin bağlanması ilə Məkkədən gözlənilən təkhükələr aradan qalxmış və beləliklə, dindən xəbərsiz yaşayanlara İslamın gözəlliklərini çatdırma imkanı əldə edilmişdi. Belə ki, bu günə qədər olan bütün müharibələri məkkəlilər başlatmışdı, hər bir qarşıdurmada onların imzası vardı. Müsəlmanlar hər dəfə də müdafiə mövqeyində olmuş, hava-su qədər dəyərli ilahi bəyanı bu mənasız, qayəsiz sıxıntılar arasında daha geniş kütlələrə çatdırma fürsəti ələ düşməmişdi. Halbuki bir möminin əsas qayəsi Allahın adını möhtac könüllərə çatdırmaq və onların da Allahı tanımasını təmin etməkdi.

Əslində Hudeybiyyə ilə birlikdə Məkkənin fəthi də başlamışdı. Çünki bundan sonra insanlar sülh şəraitində İslamı daha yaxından tanıma, dinin gözəlliklərini görmə imkanı əldə edəcəkdilər. Məkkədən Mədinəyə və Mədinədən də Məkkəyə yeni "yol"lar açılacaq və bu yollarda din naminə yeni səfərlər təşkil ediləcəkdi.

Allah Rəsulu (s.ə.s.) İslamı möhtac könüllərə çatdırmaq üçün bu şansı daha yaxşı dəyərləndirəcək və əshabını da bu istiqamətdə yönəldəcəkdi. Artıq daxildə və xaricdə könülləri fəth etmək zamanı idi. Çünki O yalnız müxatəblərinə, ətrafındakı insanlara deyil, bütün bəşəriyyətə bir peyğəmbər olaraq göndərilmişdi. Buna görə də İslamiyyət kimi bir neməti digər insanlara da çatdırmaq lazım idi. Məhz indi Allah Hudeybiyyə ilə möminlərə bu fürsəti verirdi.

Hicrətdən altı il keçmiş, yeddinci ilə girmək üzrə idi.[1] Rəsulullah Hudeybiyyədən sonra günlərin birində əshabına səslənir. Öncə Allaha həmdlə təzim edir, ardınca da onlara:

– Ey insanlar, – deyə xitab edir, – şübhəsiz, Allah Məni mərhəmət olaraq və hər kəsə göndərdi. Mənə qarşı vəzifənizi yerinə yetirin ki, Allah da sizə mərhəməti ilə cavab versin! Çünki Mən bəzilərinizi məliklərə elçi göndərəcəyəm. Ancaq nəbadə İsrailoğullarının  İsa ibn Məryəmə etdikləri kimi, siz də Mənə müxalif olasınız!

Davamı: 1 2 3 4 5 6 7 8 9