Səhabələr

Elçilər və yayılma dövrü

Səhabələr çaşıb-qalır:

– Ya Rəsulullah, – deyirlər, – həvarilər necə xilaf çıxmışlar?

Rəsulullah (s.ə.s.):

– Mən sizdən yerinə yetirilməsini istədiyim vəzifəyə O da həvariləri dəvət edir. "Yer üzü məliklərinə adamlarını göndər!" – deyə Ona Allahın vəhyi gəldiyi zaman onları lazımi yerlərə yönəldir. Ancaq həvarilərdən yaxın yerlərə göndərilənlər razılıq versə də, uzaq yerlərə göndərilənlər isə bu işə qarşı çıxırlar. Buna görə də İsa əllərini açır və: "Allahım, – deyə yalvarır, – Mən Sənin Mənə vəhy etdiklərini həvarilərə bildirdim. Ancaq onlar bu məsələdə ixtilafa düşdülər!"

"Bunun cavabında Allah da: "Onların öhdəsindən Mən gələrəm," – deyə vəhy edir.

Səhər açılanda hər bir həvari göndəriləcəkləri yerin dilini öyrənmiş halda yuxudan oyanırlar. Buna görə İsa da onlara: "Bax bu, Allahın sizin üçün təqdir edib qətiləşdirdiyi işdir. İndi vaxt itirmədən gedin," – deyə əmr edir.

Allah Rəsulu (s.ə.s.) bu hadisə ilə əshabını hazırlayırdı. Çünki Onun risaləti Hz.İsa kimi yalznız müəyyən bölgəni əhatə edib müəyyən insanlara xitab etmir, bütün insanları ehtiva edirdi.

Elə isə Onun əshabı həvarilərdən daha çox səy göstərməli və Rəsulullaha (s.ə.s.) itaətdə qüsura yol verməməli idilər. Belə də olacaqdı! Onun sözlərini dinləyən əshab:

– Ya Rəsulullah, – deyir, – Allaha and olsun ki, biz heç bir məsələdə Sənə müxalif  olmarıq. Bizi hara istəsən, ora da göndər. Şübhəsiz ki, biz Sənin əmrini tərəddüdsüz yerinə yetirəcəyik!

Səhabələrinin hazır olduğunu və qəti cavabını görən Allah Rəsulu onların bəzisini seçib ətrafdakı qəbilə rəisləri, dövlət başçıları və hökmdarların yanına göndərməyə başlayır. Məktublar yazır və bu məktubları əshabı ilə lazımi yerlərə göndərir. Bunu eşidən əshabda ayrı bir həyacan hasil olur.

Bizans, Fars və Həbəşistana məktub göndərəcəyini eşidəndə narahatlıq keçirir və bunu da Rəsulullaha çatdırırlar:

– Ya Rəsulullah, – deyirlər, – onlar üzərində möhür olmayan bu məktubları oxumaz!

Doğru söyləyirdilər, təbliğatda qarşı tərəfi tanımaq bu baxımdan çox əhəmiyyətli idi və başlanğıcdan mənfi nəticə ilə qarşılaşmamaq üçün də onun (məktub göndərilən ünvanın) tələblərini nəzərə almaq lazım idi. Allah Rəsulu da dərhal özünə gümüşdən üzük düzəltdirir. Üzüyün qaşında üç sətirdə "Məhəmməd...Rəsul...Allah" yazdırır. Bundan sonra göndərilən bütün məktubların altında bu imza olacaqdı!

Eyni gün ərzində altı səhabəsini hüzuruna çağırıb altısını da müxtəlif yerlərə göndərir.

İlk elçi Həbəşistana

İlk çağrılan səhabə Amr ibn Ümeyyə idi. Allah Rəsulu (s.ə.s.) onu Həbəşistan məliki Nəcaşinin yanına göndərir. Məktubda yazılırdı:

"Rəhman və Rəhim olan Allahın adı ilə. Bu, Allahın Rəsulu Məhəmməddən Həbəşistanın hökmdarı Nəcaşiyə yazılmış bir məktubdur. Allaha və Rəsuluna iman edənlərə, Allahdan başqa ilah olmadığına, Onun tək və şəriksiz olduğuna, möhtac olmadığına, nə doğmuş, nə də doğulmuş olmadığına şəhadət edənlərə, Məhəmmədin də Onun qulu və Rəsulu olduğunu təsdiq edənlərə daim əmin-amanlıq nəsib olsun!

Şübhəsiz ki, Mən səni İslamın ənginlik və əmin-amanlığına dəvət edirəm, çünki Mən Allahın Rəsuluyam! Sən də müsəlman ol və onun güvənc verən dünyasına daxil ol.[2]

Davamı: 1 2 3 4 5 6 7 8 9