Səhabələr

Elçilər və yayılma dövrü

Rəsulullahdan məktubu alan Hz.Dıhyə birbaşa Busraya gedir. Burada Bizansın Busra valisi Harisi tapır və bu məktubla birlikdə özünü Rum məliki Heraklın yanına aparmağı xahiş edir.

Məktubu alan Haris öz yaxın adamı Adiyy ibn Xatəmə Rəsulullahın elçisi Hz.Dıhyəni həmin əsnada Qüdsdə olan Heraklın yanına aparmağı əmr edir və beləliklə, Hz.Dıhyə üçün yeni bir yolçuluq başlamış olur. Bu arada bəzi adamlar ona yaxınlaşır: "Hökmdarın hüzuruna girərkən üzünü yerə qapayıb səcdə et və izin vermədikcə də başını yerdən qaldırma!" – deyə yol  göstərir. Hz. Dıhyə Allahdan başqasına səcdə etməyəcəyini söylədikdə isə "hökmdar onu qəbul etməyəcək", "hüzurundan qovacaq" kimi təhdidlər yağdırırlar.

Herakl ulduzlara baxıb onların hərəkətlərindən müxtəlif mənalar çıxarmaqda mahir idi və bu sıralarda Qüdsə hüznlü ab-hava hakim olmuşdu. Herakl üzüntüsünün səbəbini soruşanlara:

– Bu gecə ulduzlara baxarkən bu ümmətlərin sünnətliləri arasında Xitan məliyinin zühur etdiyini  gördüm, – deyir və soruşur:

– Bu əhali içində sünnət olunanlar kimlərdir?

– Yəhudilərdən başqa sünnət olan yoxdur, – deyə cavab verirlər, – onlardan da narahat olmağına dəyməz. Tabeliyində olan bölgələrə xəbər yollayarsan, nə qədər Yəhudi var, hamısını öldürərlər və sən də beləliklə, narahatlıqdan qurtulmuş olarsan!

Belə bir kədərli zamanda Hz.Dıhyə gəlir, Rəsulullahın məktubunu Rum hökmdarı Herakla çatdırır:

– Ey hökmdar, – deyirlər, – bu adam Şam ərəblərindəndir. Öz bölgəsində baş verən əhəmiyyətli bir hadisəni sənə bildirmək məqsədilə gəlmişdir!

Herakl bir tərəfdən Hz.Dıhyəyə, digər tərəfdə də əlindəki məktuba baxır. Məktub ərəbcə olduğu üçün dərhal bir tərcüməçi çağırıb oxutdurur: "Rəhman və Rəhim olan Allahın adı ilə...Allahın Rəsulu Məhəmməddən rumluların böyüyü Herakla..."

Tərcüməçi bu sözləri oxuyar-oxumaz Heraklın qardaşı oğlunun sinəsindən vurduğu yumruq zərbəsi ilə yerə sərilir:

– Adamın məktubunu görmürsənmi? – deyir, – sənin adından əvvəl öz adı ilə başlamış və üstəlik sənin hökmdar olduğunu söyləməyib sadəcə rumluların böyüyü olduğunu qeyd etməklə kifayətlənmişdir! Bu gün bu məktub burada oxuna bilməz!

– Vallah, sən ya kiçik bir ağılsız, ya da böyük bir dəlisən, – deyə cavab verir Herakl, – Mən sənin belə olduğunu bilmirdim. Məktubun içinə baxıb onu oxumadan cırmaq istəyirsən? Həyatıma and olsun ki, əgər O, həqiqətən, söylədiyi kimi, Allahın Rəsuludursa, məktubuna mənim adımdan öncə öz adı ilə başlamaqda, məni də rumluların böyüyü adlandırmaqda haqlıdır. Çünki mən onların hökmdarları deyil, sadəcə sahibiyəm, həm də məndən başqa sahibləri yoxdur ki! Həm də əgər Allah diləsə idi, farslar öz hömdarları Kisranı öldürdüyü kimi, onlar da məni öldürərdilər!

Herakl bunun ardınca tərcüməçiyə əmr edib məktubun qalan qismini də oxutdurur: "Salam və salamatlıq  hidayətə tabe olanların üzərinə olsun! Sözümün məğzi budur: Mən səni İslamın əngin dünyasına dəvət edirəm. Müsəlman ol, bəxtiyarlığa qovuş ki, Allah da sənə iki qat mükafat versin! Əgər bu dəvətimi qəbul etməsən, bil ki, yoxsul kəndlilərin də daxil olmaqla bütün xalqının günahı sənin boynundadır".

Allah Rəsulu (s.ə.s.) məktubunda bir ayə də yazmışdı. Bu ayədə Uca Allah Rəsulu vasitəsilə Herakl kimi əhli kitab olanlara xitab edirdi: "De ki: "Ey kitab əhli, sizinlə bizi birləşdirən, müştərək və adil olan "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək!" Əgər onlar yenə də üz döndərərlərsə, o zaman onlara deyin: "İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq!" [5]

Məktubu sona qədər dinləyən Rum hökmdarı Heraklın ağzından bu cümlələr çıxır:

– Vallah, mən Davud oğlu Süleymandan sonra "Bismilləhirrahmənirrahim" deyə başlayan belə bir məktubu heç eşitməmişdim!

Sonra da yanında olanları bayıra çıxarıb hüzuruna nüfuzlu xristian din xadimlərini çağırtdırır. Fikirlərini öyrənmək istəyir. Rahiblərin başçısı Usquf:

– Özündən başqa ilah olmayana and olsun ki, – deyə sözə başlayır, – şübhəsiz,  O, Musa və İsanın bizə gələcəyini müjdələdiyi, bizim də gəlişini gözlədiyimiz peyğəmbərdir!

Davamı: 1 2 3 4 5 6 7 8 9