Səhabələr

Elçilər və yayılma dövrü

Allah Rəsuluna (s.ə.s.) göndərilən məktub

Aradan bir neçə gün keçdikdən sonra Rum hökmdarı Hz.Dıhyəni çoxlu hədiyyələr və  bir məktubla yola salır. Məktubunda bunları yazmışdı: "İsanın müjdələdiyi Allahın Rəsulu Məhəmmədə Rum hökmdarı Herakl tərəfindən...

Sənin elçin göndərdiyin məktubla yanıma gəldi. Şəhadət edirəm ki, Sən Allahın Rəsulusan. Onsuz da biz Səni əlimizdə olan İncildə yazılanlardan tanıyırıq. Məryəm oğlu İsa da Səni müjdələmişdi!

Rumları Sənə iman etməyə dəvət etsəm də, onlar bundan qaçdı və yaxın durmadılar. Məni dinləsəydilər, şübhəsiz, bu, onlar üçün daha yaxşı olardı. Mən Sənin yanına gəlməyi, hüzurunda olmağı və ayaqlarını yumağı çox istərdim!"

Ancaq Hz.Dıhyə yola düşüb Hımsa adlı yerə çatanda Cüzamdan bir dəstə insan onun yolunu kəsir, nəyi varsa, əlindən alır. Beləcə Allah Rəsulunun elçisi Mədinəyə yalnız əynindəki köhnə paltarla qayıda bilir.

Hz.Dıhyə Mədinəyə çatan kimi birbaşa Allah Rəsulunun (s.ə.s.) hüzuruna girir. Heraklın məktubunu Allah Rəsuluna uzadır və başına gələnləri bir-bir danışır. Rəsulullah məktubu oxuyub Heraklın da başına gələnləri dinlədikdən sonra üzünü Dıhyətül-Kəlbiyə tutur və:

– Məktubum onların yanında olduqca səltənətləri davam edəcəkdir, – buyurur.

Qipti hökmdarı Muqavqis

Allah Rəsulunun məktubunu Misir və İskəndəriyyə hökmdarı Muqavqisə səhabə Xatib ibn Əbi Bəltəa aparır. Bu məktubda da oxşar ifadələr yer alır və Misir qiptisi də İslama dəvət edilirdi. Allah Rəsulu (s.ə.s.) əhli-kitabı tövhidə çağıran ayəni yazmağı ehmal etməmiş və qarşı tərəfin əhəmiyyət verdiyi məsələləri dilə gətirmişdi. Muqavqisi İskəndəriyyədə tapan Hz.Xatib Peyğəmbərimizin məktubunu ona çatdırır. Məktubu oxuduqdan sonra aralarında belə bir dialoq olur. Muqavqis:

– Mən anlamaq istədiyim bəzi şeyləri səndən soruşacaq  və səninlə söhbət edəcəyəm.

– Buyurun, söhbət edək!

– Sənin böyüyün bir peyğəmbər deyildirmi?

– Bəli, O, Allahın Rəsuludur!

– Əgər O, həqiqətən, Allahın bir peyğəmbəri idisə, Onu yurdundan çıxarıb başqa bir yurda sığınmaq məcburiyyətində qoyan insanlara nə üçün bəddua etmədi?

– Sən Məryəm oğlu İsanın Allahın Elçisi olduğuna şəhadət edirsən, elə deyilmi? Onu öz qövmü tutub asmaq istəyirdi. O, həqiqətən, bir peyğəmbər olduğuna görə Allah Onu dünya səmasına yüksəldənə qədər O, öz qövmünün həlak edilməsi üçün Allaha dua edə bilməzdimi?

Bu cümlələr qarşısında Muqavqisin susmaqdan başqa çarəsi qalmır.

Bir müddət sonra yenidən Hz.Xatibə yönəlir və:

– Sözünü bir daha təkrarlaya bilərsən? – deyir.

Xatibin sözlərini bir daha dinləyib sonra yenidən susur, dərin düşüncələrə dalır. Daha sonra ona dönüb deyir:

– Həqiqətən, gözəl söyləyirsən. Sən yerli-yerində danışan yaxşı bir hakimsən. Görünür, həm hakim, həm də yerli-yerində danışan insanın yanından gəlirsən!

Onun bu qədər yumşaldığını görən Rəsulullahın elçisi Hz.Xatib davam edir:

– Səndən əvvəl də buralarda "Mən sizin ən böyük rəbbiniz deyiləmmi?" deyən insanlar vardı! Ancaq Allah həm dünya, həm də axirətdə onların cəzasını verdi. Sən də bundan ibrət al ki, başqaları da səndən ibrət alası olmasın!

Davamı: 1 2 3 4 5 6 7 8 9