Səhabələr

Elçilər və yayılma dövrü

– Biz dinimizdən daha xeyirlisini tapmayınca onu dəyişmərik, – deyə Muqavqis cavab verir.

– Mən səni Allahın göndərdiyi və mükəmməl yaratdığı İslam dininə dəvət edirəm. Şübhəsiz ki, o Peyğəmbər də insanları eyni şeyə dəvət edir. Bu da bir gerçəkdir ki, Ona ən çox qarşı çıxanlar qureyşlilər, ən çox düşmənçilik edənlər yəhudilər və ən yaxın olanlar da xristianlardır.

Həyatıma and olsun ki, İsanın Məhəmmədi müjdələməsi ilə Musanın İsanı müjdələməsi arasında fərq yoxdur. Bizim səni Qurana dəvət etməyimiz sənin əhli-Tövratı İncilə çağırmağın kimidir! Hər peyğəmbər hansı toplumla qarşılaşmışsa, o toplum Onun ümməti olmuşdur, Ona itaət etmişdir. Ona görə sən də bu peyğəmbəri dərk etmiş sayılırsan! Həm də biz səni İslam dininə dəvət etməklə İsa peyğəmbərin dinindən uzaqlaşmağa dəvət etmirik, əksinə Ona tabe olmağa və Onun təbliğ etdiyi həqiqətlərə əməl edib yaşamağa dəvət edirik!

Allah Rəsulunun elçisi Xristian dininə aid lazım olanları deyir və bunları dinləyən Muqavqis:

– Bu peyğəmbərin işini xeyli düşündüm, – deyə sözlərinə başlayır, – nə dünyadan əl çəkməyi əmr edir, nə də hər kəsə görə gözəl olan və tələb edilənləri yasaqlayır! Eyni zamanda Onu insanları aldadan bir sehirbaz və ya yalançı bir kahin kimi də görmürəm! Əksinə mən Onda torpağın altından xəbər verib gizli danışıqları aşkara çıxarma kimi peyğəmbərliyə aid bəzi əlamətləri görürəm. Ancaq yenə düşünəcəyəm!

Qəribə idi; adam nə iman etdiyini söyləyir, nə də buna qarşı çıxırdı! Daha sonra Allah Rəsulunun məktubunu naxışları fil dişindən düzəldilmiş bir qutunun içinə qoyur və üstünü də möhürləyib xidmətçilərinin birinə verir. Ardınca Muqavqis katibini çağırır və ərəbcə bunları yazdırır:

– Bismillahirrahmənirrahim. Abdullahın oğlu Məhəmmədə qiptilərin böyüyü Muqavqisdən...

Əsas məsələyə gəlincə məktubunu oxudum və orada bəhs etdiyin xüsuslarla dəvət etdiyin şeyi anladım! Mən də bilirəm ki, gələcək bir Nəbi vardır. Ancaq mən onun Şamda zühur edəcəyini sanırdım!

Şübhəsiz ki, mən Sənin elçinə səxavət göstərdim və onunla Sənə qiptilərin nəzərində yüksək mövqe tutan Mariya və Sirin adlı iki cariyə və bir qatır göndərirəm! Sənə salam olsun![7]

Daha sonra da məktubu Hz.Xatibə verib:

– İndi get, ancaq bu barədə qiptilər heç nə bilməsin, – deyə tapşırır və onu hədiyyələrlə Mədinəyə yola salır.

Xatib ibn Əbi Bəltəa Mədinəyə gəlir, Misirdə keçirdiyi beş günü Allah Rəsuluna (s.ə.s.) danışır. O da:

– Nə bədbəxt adamdır! Səltənətinə qıya bilmədi. Əsirgədiyi səltənəti heç özünə də qalmayacaq, – buyurur.[8]

Fars hökmdarı Kisra

Allah Rəsulunun (s.ə.s.) Fars hökmdarı Kisraya yazdığı məktubu səhabə Abdullah ibn Hüzafətüs-Səhmi aparırdı. Məktubu Bəhreyn valisi Münzir ibn Sava vasitəsilə Kisraya çatdıracaqdı. Bu məktubda da Allah Rəsulu Allahın adı ilə başlayıb Ona təzim etdikdən sonra özünün Allah tərəfindən göndərilmiş bir peyğəmbər olduğunu yazır, farsların böyüyü Kisranı da imana dəvət edirdi. Ancaq Kisra elə məktubun ilk cümləsini eşidər-eşitməz  məktubu oxuyan şəxsin əlindən çəkib alır:

– Necə olur ki, mənim adımdan öncə öz adı ilə başlayır, – deyə məktubu cırıb yerə atır.

Vəzifəsini yerinə yetirdiyini düşünən və bacardığı qədər onlara xəbərdarlıq etməyə çalışan Hz.Huzafə oranı tərk edib Mədinəyə doğru yol alır. Bu vaxt Kisra adamlarını onun arxasınca göndərib yenidən hüzuruna gətirmək istəsə də, Hz.Hüzafə yolu çoxdan yarılamış və nəhayət, Mədinəyə çatmışdı.

Hz.Huzafə başına gələnləri bir-bir Allah Rəsuluna (s.ə.s.) danışır. Onu dinləyən Rəsulullah:

– Allah da onun səltənətini parça-parça edəcək, – deyir və əlavə edir, – Allahım! Mənim məktubumu parçaladığı kimi Sən də onun səltənətini parça-parça et!

Belə də olur. Kisra Allah Rəsulunun məktubunu cırıb yerə atdıqdan sonra Yəmən valisi Bazana məktub yazır və adamlarından güclü və bacarıqlı iki nəfəri Allah Rəsulunun yanına göndərib Rəsulullahı yanına gətirməyi əmr edir, hətta yenidən öz qövmünün dininə qayıtmadığı təqdirdə Rəsulullahın başını istədiyini deməyə də cəsarət edir!

Ancaq vəziyyət heç də onun gözlədiyi kimi olmur. Belə ki, o ərəfədə fars torpaqlarında üsyan baş verir və bunu fürsət bilən Bizans onlara hücum edir. Bu qarışıq vəziyyətdə Kisranın oğlu Şiraveyh (Şuriyə) də atasını öldürüb taxta çıxır və beləliklə, Allah Rəsulunun məktubunu parçalayan Kisranın ölkəsində bir xaos hakim olur.

Davamı: 1 2 3 4 5 6 7 8 9