Səhabələr

Elçilər və yayılma dövrü

Digər məktublar

Artıq sülh şəraiti hökm sürürdü. Allah Rəsulu İslamın adını daha genış coğrafiyalara yaymaq üçün məktub yazıb dörd tərəfə elçilər göndərirdi. Hər kəsə əl uzatmaq üçün olduqca həssas davranır, bir dəqiqənin belə hədər getməsinə könlü razı olmurdu. İnsanlarla Rəbbin arasına girən bütün əngəlləri aradan qaldırıb hər kəsi Allaha qulluq məqamına gətirmək istəyirdi. Onsuz da bir axırzaman peyğəmbəri kimi vəzifəsi də bu idi və Allah Rəsulu (s.ə.s.) missiyasını layiqincə yerinə yetirirdi.

Yəmamə hökmdarı Həvzə ibn Əlinin yanına Süheyl ibn Amrın qardaşı Səlit ibn Amrı, Dimşək hökmdarı Haris ibn Əbi Şəmirə Şuca ibn Vəhbi və Bəhreyn hökmdarı Münzir ibn Savanın yanına da Ala ibn Hədrəmini göndərmişdi.

Təbliğin məktubla aparılan qismi sadəcə müəyyən bir zamanı əhatə etmirdi. Təbliğin hər bir formasına müraciət edilir və insanların imanla tanış olması naminə bütün imkanlar səfərbər olunurdu.[9]

Allah Rəsulunun məktublarını aparan səhabələrin adından və onların ortaya qoyduğu əzmdən də göründüyü kim, Rəsulullahın elçiləri də təbliğat baxımından ən azı məktublar qədər əhəmiyyət daşıyırdı. Onlara ünvanlanan suallara cavablar verir, qarşı tərəfin düşüncə dünyalarını sezib onların anlayacağı dildə danışır və o günə qədər öyrəndiklərini müxatəbləri ilə yerli-yerində bölüşürdülər.

Artıq Hiradan doğan nurun müxtəlif coğrafiyalara yayılması zamanı idi. Bunun üçün Rəsulullah (sallallahu əleyhi və səlləm) müxtəlif zamanlarda müxtəlif məsələləri nəzərə alaraq məktublar yazıb lazımi adamlara çatdırmağı hədəfləyirdi. Məsələn: Amr ibn As müsəlman olduqdan sonra Allah Rəsulu onu dünənəcən qarşı çıxdığı dini bu gün müdafiə edib başqalarına da təbliğ etmək tapşırığı ilə Oman məliki Ceyfər və qardaşı Abdın yanına göndərir və beləcə, Hz.Amrın siyasi dühasından İslamın təbliğində istifadə edir.

Əlbəttə, məktub göndərdiyi adamların hamısı gəlib müsəlman olmurdu. Onların bəzisi Allah Rəsulunun dəvəti ilə İslamı qəbul edir, bir qismi də küfründə inadkarlıq edir, fürsəti əldən verirdi. Ancaq bir fərqlə ki, artıq Ərəbistan yarımadasında yalnız Rəsulullahın hökmü keçirdi və qəbul etməyənlər də bu həqiqəti görüb duyurdular.

Bundan sonra ən kiçik bir hərəkətdə Allah Rəsulu da hesaba alınır və atılan addımlarda Onun rəyini öyrənmək mühüm bir strategiyaya çevrilirdi. Çünki insanların könlünə xitab edən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) artıq dünya miqyasında ən önəmli iqtidar sahibi idi.

İçki yasağı

Hicazda İslamdan əvvəl də bəzi adamlar nəticəsinə görə içki içməyi özlərinə haram saymış və israrlara baxmayaraq, içkiyə yaxın durmamışdılar. Bunların arasında ilk dəfə içkini bu cəhətinə görə özünə qadağan edənlər Amir ibn Zarib və ya Afif ibn Madikərib ilə Rəsulullahın babası Abdulmuttalib ibn Cüdan hesab edilir. Daha sonrakı dönəmdə Hz.Əbu Bəkir, Osman ibn Mazun, Osman ibn Affan, Abdurrəhman ibn Avf, Abbas ibn Mirdas və Qeys ibn Asim kimi şəxslər də onların yolunu davam etdirmişdir. Hətta Abbas ibn Mirdasa:

– Bu içkidən bir qədəh içməzsənmi, çünki o, sənə güc və gümrahlıq verər, – dedikdə o:

– Mən səhər qövmümün böyüyü kimi qalxıb, axşam onların ən səfehi halına düşməyi əsla istəmirəm! Vallah, xeyr! Mənimlə ağlımın arasına girən bu şeyi əsla mədəmə doldura bilmərəm, – deyə reaksiya vermiş və açıq-aşkar insanı başqalarının nəzərində alçaldan, oyuncağa çevirən içkiyə əlini də vurmamışdı.[10]

Davamı: 1 2 3 4 5 6 7 8 9