Səhabələr

Elçilər və yayılma dövrü

Hicrətdən əvvəl Məkkədə nazil olan bir ayədə içki kimi insana zərər verən şeylərlə yanaşı, üzüm və xurmadan lazımi yerlərdə istifadə olunduqda gözəl nəticələrin əldə edilməsindən bəhs olunmuş, ancaq açıq şəkildə hər hansı bir qadağa qoyulmamışdı. Buna baxmayaraq, ayədə xurma və üzümdən hazırlanan rizq "gözəl" əlavəsi ilə təqdim edilsə də, içki tərəfinin təyinsiz ifadə edilməsi və həmçinin ayənin sonunda ağılın vurğulanması insanları düşündürməyə başlamışdı.[11] Əshab tərəddüd etdikləri içki məsələsində də Allah Rəsuluna suallar verir və bir açıqlama gözləyirdilər. Çox keçmədən gələn ayədə onun həm faydalı, həm də zərərli tərəflərə malik olması, ancaq faydasından çox zərərinin olması ifadə edilirdi[12] Ancaq bu ayə də qəti hökm vermirdi və Hz.Ömər kimi insanlar yenə gözləməyə üstünlük verir və:

– Allahım! İçki məsələsində bizə sağlam və qəti bir hökm ver, – deyə gözlərini Cəbrailin gətirəcəyi xəbərə dikirdi.

Bunlardan sonra gələn "Sərxoş halda namaza yaxın durmayın" əmri də[13]  məsələni qəti həll etmirdi. Çünki hələ qəti bir qadağa olmadığına görə əshabdan bəziləri müxtəlif problemlərə səbəb olsa da, hələ də namazlar arasında içki içirdi!

Hərçənd içkinin insanı haralara aparıb çıxaracağını təxmin edənlər ondan uzaqlaşmışdılar, ancaq hökm aydın, qəti və ümumi olmadığı üçün məcburedici durum da yox idi!

Beləcə, bir gün Allah Cəbraillə içki məsələsində son hökmünü Rəsuluna (s.ə.s.) göndərir:

– Ey iman gətirənlər! – deyə səslənir, – Şərab da, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq və namaz qılmaqdan ayırmaq istər.

Gələn ayələr içki məsələsində bütün ixtilafları aradan qaldırır, məsələni açıq-aşkar təhlil edir, son hökmü bildirirdi. Bundan sonra heç kim tərəddüd etməyəcək və artıq Hicazda içkinin yeri olmayacaqdı. Bundan başqa ayənin sonunda Uca Allah Ona inanan qullarından:

– Artıq bu işə son qoyacaqsınızmı?[14] – deyə soruşur və imanla içkinin eyni yerdə olmayacağını bəyan edirdi.

Bu vaxt bəzi səhabələr Əbu Talhanın evində toplanmışdı. Birdən bayırda carçının səsi eşidilir. Gələn ayəni oxuyur və içkinin bundan belə yasaq olduğunu elan edirdi! Carçının səsini eşitcək Hz.Ənəsə səslənən Əbu Talha:

– Haydı çıx, bax, bir gör nə deyirlər, – deyir.

Bayıra çıxıb bəyanı eşidən Hz.Ənəs qaçaraq evə gəlir və:

– Diqqət edin, içki haram buyrulmuş, – deyərək məsələni xəbər verir.

Hər kəs yerində donub qalır! Əlində qədəhi olanın qədəhi yerə düşür! Rəsulullahın carçısının səsi eşidilən kimi, qapı və pəncərdən küçələrə içki tökülməyə başlayır, Mədinə küçələrində içki axır! Qapılardan: "Vaz keçdik, ey Rəbbimiz!" – deyə səslər yüksəlir.

Əshab həssaslığı idi bunlar və dərhal suallar yağmağa başlayır. Daha öncə içki içdiyi halda cəbhədə şəhid olanların, yatağında ölənlərin halı necə olacaqdı! Çünki Bədirdə, Uhudda, Xəndəkdə savaşıb şəhid olan qardaşlarını düşünməyə başlamışdılar. Ayənin sonu bu suallara da bir aydınlıq gətirirdi: "İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinərək imanlarında səbatlı olub yaxşı və faydalı işlərə davam etdikləri, sonra təqva və imanda möhkəmləndiyi, sonra da bu təqva ilə başqasına yaxşılıq edən və etdiklərini də gözəl edən ehsan (Allahı görürmüş kimi ibadət etmək) mərtəbəsinə çatdıqları təqdirdə, haram edilməmişdən əvvəl  daddıqları (yeyib içdikləri) şeylərdən ötrü günah tutulmaz. Allah yaxşı iş görənləri sevər!"[15]

 
[1]. Məktubların göndərilməsi ilə bağlı altıncı ilin sonu və yeddinci ilin məhərrəm ayı kimi tarixlər göstərilir. Bax: Salihi, Sübülül-Hüda ver-Reşad, 11/344, 372)
[2]. Həbəşistan dövlət idarəsində Nəcaşi kəlməsi hökmdar və ya padşah sözləri kimi ən yüksək vəzifəli şəxsi bildirmək üçün istifadə olunurdu. İfadələrdən görünür ki, Allah Rəsulunun (s.ə.s.) buraya göndərdiyi məktublarda iki müxtəlif Nəcaşidən bəhs olunur. Çünki ilk Nəcaşi olan Asbam ibn Əbcər Hz.Cəfər və onunla birlikdə buraya hicrət edən səhabələr vasitəsilə müsəlman olduğunu iqrar etmiş və Allah Rəsuluna (s.ə.s.) təzim dolu məktub göndərmişdi. Ona görə də Hz.Ənəsin də dediyi kimi, Allah Rəsulu Amr ibn Ümeyyə ilə göndərdiyi bu məktubla yeni Nəcaşini də İslama dəvət edirdi. Bax: Müslim, Sahîh, 3/1397 (1774); İbn Kayyım, Zâdu’l-Meâd, 3/603; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 11/344, 366
[3]. Bax: "Ali-İmran" surəsi, 3/64. Allah Rəsulu ayənin sonundakı  "Əgər onlar üz döndərərlərsə, o zaman onlara deyin: "İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq!" ifadəsini də yazmış və Nəcaşiyə: "Əgər üz çevirsən, o zaman qövmün arsındakı xristianların günahı da sənin üzərinə düşər," – deyə xəbərdarlıq etmişdi. Bax: İbn Kesir, Sire, 2/41; el-Bidaye ven-Nihaye, 3/104
[4]. Ancaq ikinci gəmi dənizin ortasında batacaq və öz oğlu da daxil olmaqla altmış nəfər heyət boğulacaqdı. Taberî, Tarih, 2/132; İbn Hacer, el-İsâbe, 1/65; İbn Esir,Usudu’l-Ğâbe, 1/38
[5]. "Ali-İmran" surəsi, 3/64
[6]. Bundan xəbər tutan Allah Rəsulu Usqufu nəzərdə tutub: "O, təkbaşına bir ümmət kimi həşr olunacaq!" deyə müjdəsini verəcəkdi. Bax: Salihi, Sübülül-Hüda ver-Reşad, 11/355
[7]. Daha sonralar Allah Rəsulu (s.ə.s.) Muqavqisin hədiyyə etdiyi bu cariyələrdən Sirini Hassan ibn Sabitə hədiyyə edir. Hz.Mariya ilə də özü evlənir və bu evlilikdən İbrahim adlı bir oğlu dünyaya gəlir. Muqavqis hədiyyə etdiyi qatıra da "Düldül" ismi verilir. Bax: İbn Sad, Tabakat, 1/134-135; Taberi, Tarih, 2/141,218
[8]. Muqavqisin göndərdiyi hədiyyələr arasında bir həkim də var idi. Onunla görüşüb söhbət edən Allah Rəsulu (s.ə.s.): – Öz xalqının yanına dönə bilərsən, çünki biz acmadıqca yemək yeməyən, yemək yediyimiz zamanda doymadan süfrədən qalxan bir toplumuq, – buyurur. Bax: Halebi, Sire, 3/251
[9]. Rəsulullahın nə zaman, kimə və kiminlə məktub göndərdiyini bilmək üçün bax: Salihi, Sübülül-Hüda ver-Reşad,11/344 vd
[10]. Bax: İbnül-Esir, Üsüdül-Ğabe, 3/168
[11]. "Nəhl" surəsi, 16/67: Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz. Şübhəsiz ki, bunda da ağılla düşünənlər üçün bir ibrət vardır.
[12]. "Bəqərə" surəsi, 2/219: Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: "Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür!" (Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: "Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!" Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz.)
[13]. "Nisa" surəsi, 4/43
[14]. "Maidə" surəsi, 5/90, 91
[15]. "Maidə" surəsi, 5/93
Davamı: 1 2 3 4 5 6 7 8 9