Səhabələr

Həbəşistan Hicrətləri

Abdullah ibn Süheylin gəlişi

Hz. Abdullah Qureyşdə təsirli sözləri və şeirləri ilə tanınan, natiqliyi dillərdə dastan olan və hər məsələdə Qureyşə müəllimlik edən Süheyl ibn Amrın oğlu idi. Peyğəmbərimiz (s.ə.s.) haqqında ilk dəfə əmisi Səlid ibn Amrdan eşitmişdi. Hz. Səlidin səyləri nəticəsində müsəlman olan digər əmiləri Xatib və Səkranın tərifli sözləri onun da qulağına çatmış və bir müddətdən sonra Rəsulullahın (s.ə.s.) hüzuruna gedib müsəlman olan yeznəsi Əbu Səbrə və böyük bacısı Ümmü Gülsümdəki dəyişikliyi hiss etmiş, içində İslama ciddi maraq oyanmışdı. Görünür, Məkkədə yeni şirin “su bulağı” var idi və deməli, bunun fərqinə varan hər kəs bir-bir oraya  qaçır və bulaqlardan doya-doya abi-həyat içirdi. Atası Süheyl baş verənlərdən nə qədər narahat olub onlara həcv qoşsa da, Hz. Abdullah əmilərinə olan etibar və etimadı  ilə atasının bu məsələdə haqsız olduğu qənaətinə gəlir və bu səbəblə də ənənə olaraq miras qalan bütün anlayışları bir-bir sorğu-suala çəkirdi. Bir gün o da bu şirin suyun mənbəyinə tərəf qaçmaq və həyat bəxş edən bulaqdan doyunca içmək qərarına gəlmişdi. Əmilərinin şəfqət dolu nəzərləri altında Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlir və atasına inadla tövhid kəlməsini ucadan söyləyib müsəlman olur. Ancaq atası Süheyl bu məsələni  elə də asan həzm edənə oxşamırdı. Oğlu Abdullahın da gedib müsəlman olduğunu eşidən kimi, cin atına minir və onu köhnə inancına qaytarmaq üçün hər vasitəyə əl atacağını deyirdi. Həqiqətən də, dediyini edir və oğlunu görən kimi, tutub zəncirləyir. Hər saat yediyi kötəklər artıq onun qidasına çevrilmişdi; min bir təhqir və həqarətlər də ədviyyatı və salatı olmuşdu. Bütün bunlar Hz. Abdullah üçün dözülməz ağrılar idi. Süheyl oğlunun üstünə o qədər inad və hiddətlə gedirdi ki, imanla bağlı bircə kəlmə də eşitmək istəmir, hər dəfə sözünü ağzında qoyur, bircə cümlə də deməsinə imkan vermirdi. Abdullahın vəziyyəti Ammarın başına gələnlərə çox oxşayırdı. Yalnız Ammarın başının üstünü alıb ona zülm edənlər başqaları olduğu halda, Abdullaha işgəncə verən öz atası idi. Abdullah zəncirlər arasında Həbəşistana hicrət xəbərini eşitmişdi. Əmisi Səkran da Həbəşistana köçənlərin arasında idi. Bir ömür boyu bu cür zəncirlərə bağlı qalıb hər an atasından kötək yeməyə halı qalmamışdı və artıq qərara gəlmişdi; fürsət tapan kimi Həbəşistana qaçacaqdı. Hz. Abdullah düşündüyü kimi də edir. Digər tərəfdə isə qəzəbli atası Süheyl oğlunun onun əlindən xilas olub Həbəşistana getdiyini eşidəndə dəli olmuşdu. Onun arxasınca təhdidlər yağdırır, bir gün yenə əlinə düşsə, ona edəcəklərini bir-bir söyləyirdi. Məkkəlilərin müsəlman olması xəbərinə sevinən və atasının da artıq yumşaldığını zənn edən Hz. Abdullah Həbəşistandan qayıdırdı. Oğlunun gəlməsi xəbərini eşidən Süheyl onun haqqında düşündüklərini həyata keçirməyi səbirsizliklə gözləyirdi. Nəhayət, Hz. Abdullah Məkkəyə girən kimi onun üstünə atılmış və əl-qolunu bağlamışdı. Artıq yenə Hz. Abdullahı fasiləsiz işgəncələr gözləyirdi. Bir zirzəmidə təkbaşına acından qıvrılırdı. Ona bütün günü işgəncə verən atasının zülm və təhqirlərinə artıq dözə bilmirdi. Hz. Ammarın başına gələnləri eşitmişdi və belə bir vəziyyətdə Allahın ona verdiyi rüsxətin də fərqində idi. İşgəncələr artıq dözülməz həddə çatanda bu rüsxətdən istifadə etməyə qərar verir. Beləliklə, o da atasının dediklərinə “hə” deyəcək və bir az da olsa, rahat nəfəs alacaqdı. Həqiqətən də, belə olur, oğlunun “ağıllanıb tərbiyələndiyini” görən Süheyl Hz. Abdullaha təzyiqlərini yavaş-yavaş azaltmağa başlayır. Ancaq yenə ehtiyatı əldən buraxmır, kənardan onun hərəkətlərinə nəzarət edir və səmimi olub-olmadığını yoxlamağa çalışırdı. Bir müddət sonra artıq oğluna heç bir şübhəsi qalmamış və Abdullaha əvvəlki kimi etibar etməyə başlamışdı. Bu vəziyyət Bədr döyüşünə kimi davam edəcəkdi... 

Davamı: 1 2 3 4 5 6 7 8