Səhabələr

Həbəşistan Hicrətləri

Nəcaşiyə göndərilən məktub və Nəcaşinin cavabı

 Bu arada Allah Rəsulu (s.ə.s.) Amr ibn Ümeyyə vasitəsilə Nəcaşiyə bir məktub göndərərək onun ölkəsinə gələn Cəfər ibn Əbi Talibi və yoldaşlarını himayə etməyini istəyirdi. Deməli, məsələ yalnız eşidilən məlumatlara əsaslanmır, əlaqələr dərin bilgilər üstündə qurulurdu. Hətta yalnız bu məlumatları da yetərli saymır, baş verən hadisələrlə bağlı xəbərləşərək vəziyyətin risk altına düşməsinin qarşısını almağa çalışırdılar. Rəsulullah (s.ə.s.) məktubunda bunları söyləyirdi: “Bismilləhir-rahmənir-rahim! Allahın Rəsulu Məhəmməddən Nəcaşiyyil-Əshama. Allahın salamı sənin üzərinə olsun! Səni vəsilə edərək Mən Məlik, Quddus, Mumin və Müheymin olan Allaha həmd edirəm. Mən şəhadət gətirirəm ki, Məryəm oğlu İsa Allahın Bətul (namuslu), Tayyibə (təmiz, saf) və iffətli Məryəmə bəxş etdiyi bir ruh və kəlməsidir. O (cəllə cəlaluhu), Məryəm oğlu İsanı da Adəmi (ə.s.) yaratdığı kimi yaratmışdır. Mən səni tək və tayı-bərabəri olmayan Allaha və Onun dostluğuna, Mənə tabe olub, Haqdan gətirdiklərimlə Mənə iman gətirməyə dəvət edirəm. Çünki mən Allahın Rəsuluyam! Mən sənə əmim oğlu olan Cəfər ibn Əbi Talibi və onunla birlikdə müsəlmanlardan ibarət bir qrup göndərdim. Yanına gələndə onlara qonaqpərvərliyini göstərib ölkəndə qalmalarına imkan ver və onlara çətinlik törətmə! Əlbəttə, mən səni və ordunu Allaha dəvət edirəm. Mən üstümə düşən təbliğ vəzifəmi yerinə yetirib nəsihətimi etdim, siz də bunu məndən qəbul edin! Salam hidayət yolunu seçib ona tabe olanların üzərinə olsun!” Peyğəmbərimizin məktubunu alıb oxuyan Nəcaşi bir məktub yazıb cavab olaraq Məkkəyə göndərir. Məktubda bunlar yazılmışdı: “Allahın Rəsulu Məhəmmədə Nəcaşiyyil-Əsham ibnil Əbcərdən... Allahın salamı, bərəkəti və mərhəməti Sənin üzərinə olsun, ey Allahın Nəbisi! O Allah ki, Ondan başqa ilah yoxdur və məni də O, İslamla hidayətə çatdırmışdır! Sənin məktubun və İsa haqqında zikr etdiklərin mənə çatdı, ey Allahın Elçisi! Yerin və göyün Rəbbinə and olsun ki, İsa Sənin zikr etdiklərindən artıq bir şey söyləməmişdir. Sənin bizə göndərdiklərindən və əmin oğlu ilə yoldaşlarının danışdıqlarından çox şey öyrənib mərifət sahibi olduq. Mən şəhadət gətirirəm ki, Sən sadiq və təsdiqlənmiş Allah Rəsulusan. Mən də Sənə tabe oldum və əmin oğluna beyət edib, yanında aləmlərin Rəbbi üçün iman gətirib müsəlman oldum. Sənə oğlum Əriha ibn Əsham ibn Əbcəri göndərirəm. Mən də ancaq özümə malikəm. Əgər hüzuruna gəlməyimi əmr etsən, onu da edərəm, ey Allahın Rəsulu! Çünki mən bilirəm ki, Sənin söylədiklərinin hamısı haqdır”.[9] Nəcaşinin məktubundan da göründüyü kimi, o, Peyğəmbərimizin (s.ə.s.) dəvətini qəbul edir və öz ölkəsinə gələn müsəlmanları himayə edəcəyini söyləyirdi. Hətta Nəcaşi bundan da başqa, əgər istəsə, səltənəti və hakimiyyəti də tərk edib Onun hüzuruna gələcəyini bildirir və buna görə də, bir işarəsinin kifayət edəcəyini deyirdi. Öz-özlüyündə bu məktublaşma bu gün də eyni yolda irəliləməyə çalışanlar üçün çoxşaxəli strategiya örnəyi kimi mühüm əhəmiyyət kəsb edir. 

Davamı: 1 2 3 4 5 6 7 8