Səhabələr

Hüzn İli

Əbu Talibə sonuncu müraciət

İllərin yorğunluğu Əbu Talibin belini bükmüşdü, addımlarını belə çətinliklə atırdı. Artıq bir ayağı burada, bir ayağı məzarda idi. O, bu gü­­nə qədər təkcə özünün yox, həm də qəbiləsinin yükünü çiyinlərində daşımış, hər kəsin qarşı çıxmasına rəğmən, qardaşı oğlunun məsuliyyətini öhdəsinə götürərək möhnət hücrələrində keşməkeşli həyat yaşamışdı. Görünür, yeni bir yük qaldıracaq halda deyildi.

Bir ramazan ayı idi. Əbu Talib də xəstə idi. Deyəsən, bu xəstəliklə əbədi aləmə köçəcəkdi. Qısa müddətdə Əbu Talibin xəstələnməsi xəbəri bütün Məkkəyə yayılmış və baş çəkməyə gələnlər gündən-günə artırdı.

Bir tərəfdə isə küfr cəbhəsi hər şeyə rəğmən, boş dayanmırdı. Əbu Talibin xəstə olduğunu bilirdilər və buna görə də, çox keçməmiş, Utbə və Şeybə ibn Rəbia, Əbu Cəhil, Ümeyyə ibn Xaləf və Əbu Süfyan ki­mi Qureyş böyüklərindən ibarət təxminən iyirmi beş nəfərlik heyət bir  araya  gəlmiş və Əbu Taliblə axırıncı dəfə danışmaq üçün razılaşmışdılar. Vəziyyəti müzakirə edərkən  belə deyirdilər:

− Həmzə və Ömər də müsəlman oldu, onları itirdik. Məhəmmədin işi qəbilələr arasında da yayılır. Gəlin  Əbu Talibin yanına gedək və o, qardaşı oğlunu bizə təslim etsin. Vallah, biz bu işin öhdəsindən başqa cür gələ bilməyəcəyik.

− Düzü, bu qocadan qorxuram, ölüb gedərkən Məhəmmədin dediklərini deyəcək. Sonra biz ərəblərin dilindən qurtara bilməyəcəyik!

− Ən yaxşısı, siz indi gözləmə mövqeyində qalın. Sabah əmisi vəfat edəndə işini bitirərsiniz!

Bu cür fikirlər irəli sürsələr də, bir məsələdə  razılığa gəlirlər: vaxt itirmədən ölüm ayağında olan Əbu Taliblə danışmaq... Əbu Talibin yanına gedib belə təklif edirlər:

− Ey Əbu Talib! Şübhəsiz ki, sən bizim vəziyyətimizi də, öz başına gələnləri də bilirsən. Narahat olduğumuz məsələlər də məlumdur. Qardaşın oğlu ilə aramızda baş verənlər heç kimdən gizli deyil, hər şey göz qabağındadır! Ona de, biz Ondan, O da bizdən uzaq dayansın! Bizim dinimizlə və fikirlərimizlə məşğul olmaqdan əl çəksin ki, biz də Onun yaxasını buraxıb dininə qarışmayaq!

Əbu Talibin nəzərində vəziyyət, sanki, yumşalmışdı. Hər kəs öz həyatını yaşasa, heç kim narahat edilməyəcək, qardaşı oğlu da əmin-amanlıqda olacaqdı. Bu fikirlərlə Allah Rəsulunu (s.ə.s.) yanına çağırır:

− Ey qardaşımın oğlu! Bu adamlar qövmünün böyükləridir. Onlar yekdilliklə Sənə təminat verir, bir daha Sənə dəyməyəcəklərini söyləyirlər, − deyir.

− Mən onlardan yalnız bir kəlmə istəyirəm ki, onlar həmin kəlmə ilə bütün ərəblərə hakim olacaq və bir gün gələcək ki, bu sözlə əcəmlər də onlar kimi yaşamağa başlayacaqlar.

Bu cümlədən Məhəmmədin onların təklifini qəbul etdiyi nəticəsini çıxaran Əbu Cəhil tez irəli çıxır:

− Bircə kəlməmi? Nə deyirik, istədiyin kəlmə olsun! Atanın xatirinə and olsun ki, Sənə bir yox, on kəlmə verərik, − deyir. Artıq sonuncu nöqtə qoyulmalı idi və Rəsulullah (s.ə.s.):

− “Lə iləhə illəllah” deyəcək və Ondan başqa ibadət etdiyiniz hər şeyi tərk edəcəksiniz! − deyir.

Bu, Onun hər fürsətdə tələb etdiyi məsələ idi. Həmişə olduğu kimi, bu, yenə onların xoşuna gəlməmişdi. Əllərini bir-birinə vurub alqışlayır, bir tərəfdən də burunlarını sallayıb deyinməyə başlayırlar:

− Yoxsa sən, ey Məhəmməd, bütün tanrıları tək bir ilaha çevirmək istəyirsən?

Bir başqası qabağa çıxır və əlavə edir:

− Vallah, bu adam istədiyiniz heç bir şeyi sizə verməyəcək. Yenə siz istədiyinizi etməyə davam edin və sizinlə onun arasındakı məsələ həll olunana qədər əsla atalarınızın dinini buraxmayın!

Davamı: 1 2 3 4 5 6 7