Səhabələr

Hüzn İli

Yenə vəhyin əlamətləri görünmüşdü, Cəbrail yeni vəhy gətirirdi:

− Onlar öz içərilərindən özlərini Allahın əzabı ilə qorxudub irşad edən bir peyğəmbər gəlməsinə təəccüb etdilər və o kafirlər: “Bu, yalançı bir sehrbazdır! Görəsən, O, “Allahdan başqa heç bir tanrı yoxdur” deməklə tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəccüblü bir şeydir, − deyirlər.

Bu ifadə onların addım-addım təqib edildiyini açıq-aşkar göstərirdi. Atdıqları hər addım izlənilir və içlərində gizlətdikləri hər şey gözləmədikləri bir vaxtda qarşılarına qoyulub ifşa olunurdu. Çünki ayənin davamında belə deyilirdi:

− Onların əyanları dərhal hərəkətə keçib bir-birinə: “Gedin öz tanrılarınıza ibadətdə möhkəm olun. Bu, ciddi bir işdir. Doğrusu, biz bu tövhid inancını sonuncu dində (xaçpərəstlikdə) də eşitməmişik. Bu sırf bir uydurmadır. Məgər bizim kimi əyan-əşrəf dura-dura, kitab göndərilməyə bir O qalmışdı?!”.

Əlbəttə, hamının bir hesabı var idi, amma hesabı ən axırda aparan hər şeyin mütləq sahibi Allah (c.c.) olacaqdı:

− Doğrusu, onlar Mənim buyurduqlarım  barədə şəkk-şübhə içindədir. Doğrusu, onlar hələ Mənim əzabımı dadmamışlar![1]

Əbu Talibin son nəsihətləri

Dadacaqdılar... Amma hər şeyin bir vaxtı vardı. Söhbətin bu yerində yaşlı Əbu Talib Qureyş təmsilçilərinə tərəf dönüb bunları deyir:

− Ey Qureyş camaatı! Siz, Allahın yaratdıqlarının içindən seçdiyi və ərəblərin məqamca yüksək olanlarsınız. İtaət edilməli seyidlər sizin aranızdadır, gözünü qırpmadan təhlükələr  üstünə gedən qəhrəmanlar, səxavət və mərdlikdə ad çıxaranlar da həmçinin... Yaxşı bilin ki, siz ərəblərin arasında özbaşına buraxılmamış və seçilmış bir məqama  gətirilmisiniz. Siz şərəfinizlə birlikdə yaşayırsınız! Elə isə, sizin vəzifəniz bunu insanlara səxavətlə paylamaq, insanların üzərinə düşən isə, bunu əldə etmək üçün müxtəlif vasitələr tapmaqdır.

Hazırda insanlar sizin qarşınızda dayanmışlar və aranızda savaş var. Mən sizə bu təmələ ehtiram göstərməyinizi tövsiyə edirəm, çünki onda Rəbbin razılığı, rahat dolanışıq və tutduğunuz mövqeyi möhkəmləndirmək imkanı var!

Qohum-əqrabalarınıza baş çəkin və onlarla əlaqəni əsla kəsməyin, çünki qohum-əqrəbanı ziyarət etmək əcəl anındakı üzüntünü kəsib hüzn və kədəri azaltdığı kimi, kəmiyyət baxımından da güc deməkdir və gözünüz arxada qalmaz!

Həddi aşmaqdan və üsyan etməkdən uzaq olun, çünki bu ikisində əsrlərin məhvi gizlənir ki, sizdən əvvəlkilərin vəziyyətini bilirsiniz.

Sizdən kömək istəyənə yardım edin və əlini açıb sizdən bir şey istəyəni də əliboş qaytarmayın, çünki bu iki məsələ həyatın və ölümün şərəfini özündə ehtiva edir.

Davamı: 1 2 3 4 5 6 7