Səhabələr

Hüzn İli

Bir də doğru söz danışın və əmanətə riayətdə nöqsana yol verməyin, çünki bu ikisində xüsusi mənada məhəbbət, ümumi mənada da ucalıq vardır.

Sizə son olaraq Məhəmmədə qarşı yaxşı davranmağı tövsiyə edirəm. Çünki O, Qureyş arasında ən etibarlı şəxs, ərəblərin içində ən dürüst və bu saydıqlarımın hamısını özündə cəmləşdirən ən fəzilətli insandır. O, elə bir işlə ortaya çıxdı ki, könül onu qəbul edir, dil isə qınanmaq, rüsvay olmaq qorxusu ilə inkar edir! And olsun ki, mən ərəblərin qaça-qaça gəldiyini, ətraf yerlərdən yaxşı insanların axın etdiyini və zəif adamların da ümumi mənada Onu qəbul edib mənəvi rahatlıq tapdığını, Onun gətirdiklərini təsdiq edib bu işi ucaltdıqlarını sanki indidən görürəm. Belə gedərsə, ölümdən sonra onlar feyz və bərəkətlə coşarkən, Qureyşin başçıları və irəlidə gedənləri arxada qalacaq və ulduzları sönüb işıqsız qalacaq, bugünkü zəifləriniz baş tacı olacaq, ən imkanlınız ən möhtac vəziyyətə düşəcək və bu gün Ona ən uzaq olanınız sabah Onun hüzurunda ən yaxşı mövqedə olacaq. Baxın, ərəblər hələ indidən Ona ağuşuna açıb köməyinə gəldi, könüllərini açıb Onu başlarına tac etdilər.

Ey Qureyş, aranızdakı dəyərə sahib çıxın! Ona köməkçi  və mübarizəsində mühafizəçi olun! Allaha and olsun ki, kim sizdən Onun yoluna daxil olsa, kamilliyə çatar və gətirdiyini rəhbər tutan da həmişə xoşbəxt yaşayar. Kaş həyatım bir az da uzun olaydı və əcəlim bir az da gecikəydi, mən Onun bu çətinliklərini aradan qaldırmış və başındakı bəla və müsibətləri də dəf etmiş olaydım![2]

Hər bir adam üçün sırğa edilib qulağa asılası bu nəsihətlər anlayanlar üçün böyük məna kəsb edir. Görünür, bunlar müşriklərin xoşuna gəlməmişdi. Şübhəsiz, onların küfrlə bağlı başqa planları var idi və onları da işə salmaqla hər ötən gün daha dərin uçuruma yuvarlanmaları labüd idi. Müşriklər yenə donquldanmağa başlayır və başlarını yelləyib oradan uzaqlaşırlar.

Son ümid

Qureyşin böyükləri yanından gedən kimi Əbu Talib qardaşı oğluna tərəf dönür:

− Vallah, ey qardaşımın oğlu! Sən onlardan mümkün olmayan şeylər istəmədin! − deyir.

Bu, Peyğəmbərimizi (s.ə.s.) ümidləndirən bir cümlə idi. Nəhayət, illər sonra əmisində İslama gəliş əlamətləri görünmüş, bir qapı aralanmışdı. Hər fürsəti dəyərləndirmək istəyən şəfqət Peyğəmbəri (s.ə.s.) böyük bir ümidlə ona yaxınlaşır. Bu qədər vaxt ərzində himayə qanadları ilə Onu mühafizə edən əmisinin iman yolunda bir addım atmadan dünyadan köçməsinə könlü heç cür razı deyildi:

− Ey əmim! Elə isə, onu sən söylə ki, mən qiyamət günündə sənə şəfaət edə bilim, − deyir.

Bu, özünü insanların imanını xilas etməyə həsr etmiş Rəsulullah üçün, əlbəttə ki, mühüm bir fürsət idi, əmisinin iman gətirməsini o qədər ürəkdən arzulayırdı ki!.. Ancaq iman qismət məsələsi idi. İnsan peyğəmbər də olsa, Allah diləmədikcə heç kimi imanda sabit tuta və bu yolu istədiyi adamdan ötrü müstəsna hala gətirə bilməzdi. Çünki vəhy də eyni şeyləri bildirirdi:

− Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Ancaq Allah dilədiyini hidayətə çatdırar.[3]

Və kədərli vida

Bəli, bu, bir sevginin təsiri idi, lakin heç cür nəticə əldə olunmurdu. Bu axırıncı cəhd də yeni və son bir ümid idi. Əbu Talib qardaşı oğlunun bu qədər səmimi ümid bəsləmədiyini görərək:

− Ey qardaşımın oğlu, − deyir. Səsinin ahəngində “O qədər də ümidli olma!” gizlənirdi sanki. Bir anlıq sükutdan sonra:

− Vallah, əgər Qureyşin mənə dəli deməsindən və ölümdən qorxduğum üçün bu sözü dediyimi güman edəcəklərindən narahat olmasaydım, onu mütləq deyərdim. Ancaq onu yalnız Səni sevindirmək üçün söyləyərəm, − deyir.

Lakin Peyğəmbərimiz yenə də hər anı dəyərləndirmək istəyəcək və hər fürsətdə əmisinin daimi bir ünvan qoymasına çalışacaqdı.

Küfrün öndərləri yenə əmisinin yanına gəlmişdilər. Bu vaxt Allah Rəsulu (s.ə.s.) xəstə yatağında olan Əbu Talibə yaxınlaşmağa başlayır. Digər əmisi tez qabağa çıxıb Rəsulullahın oturmaq istədiyi boş yerdə oturur. Məqsədi Allah Rəsulunun Əbu Talibə son anlarında təsir edib onu İslama dəvət etməsinin qarşısını almaq idi. Əbu Talib canı ilə məşğulkən küfr yenə öz işini görür, iman məsələsində ən kiçik bir cəhdə də imkan vermək istəmirdi. Göz-gözə gəlib şəfqətlə əmisinə baxmasına da dözümləri yox idi. Peyğəmbərimiz (s.ə.s.) hər fürsətdə iman tələb edirdi. Əslində,  Əbu Talibin həyatının bu son anlarında imanla küfür mübarizəsi son həddə idi:

− Ey Əbu Talib! Yoxsa Abdulmuttalibin dinindən dönürsən? − deyə soruşurlar.

Davamı: 1 2 3 4 5 6 7