Səhabələr

Hüzn İli

O isə:

− Xeyr, mən Abdulmuttalibin dinində qalıram, − deyə cavab verir.[4]

Artıq ölümünə az qalmışdı. Digər qardaşı Abbas onun lap yaxınlığında dayanmışdı. Dodaqlarındakı hərəkətlərə fikir verirdi. Bu zaman böyük himayədar və şəfqətli əmi gözlərini əbədi yumurdu.

Allah Rəsulu (s.ə.s.) küfrün təzyiqi altında iman yoluna heç cür girə bilməyən əmisi Əbu Talib üçün bundan sonra da dua edəcək və belə deyəcəkdi:

− Mənə gəldikdə isə, bu qadağan edilməyənə qədər sənin bağışlanmağın üçün dua edəcəyəm.[5]

Onun bu ifadəsi çox keçmədən Cəbrailin müjdələri ilə gücləndirilir. Gələn ayə əvvəlcə mövcud vəziyyət barədə məlumat verib, sonrakılar üçün, sanki, bu mənzərəni əbədiləşdirir, ardınca da atalarından bir nümunə verərək bu məsələdə necə davranmaq lazım gəldiyini bir örnəklə izah edirdi:

− Müşriklərin cəhənnəmlik olduqları müsəlmanlara bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz! İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o, öz atasından uzaqlaşdı − onunla bütün əlaqələrini kəsdi. Həqiqətən, İbrahim Allaha çox dua edərək yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi.[6]

Dəfndən sonra Abbas ibn Abdulmuttalib kədər içində boğulan Allah Rəsuluna yaxınlaşır və qardaşı oğluna:

− Ey qardaşımın oğlu! Allaha and olsun ki, qardaşım Əbu Talib Sənin ondan istədiyin həmin kəlməni son anında söylədi, − deyir.

Rəsuli-Əkrəm (s.ə.s.) əmisi kimi fikirləşmirdi və üzünü ona tutub:

− Mən eşitmədim, − deyir.[7]

Abbas ibn Abdulmuttalib qardaşı oğluna bir az da yaxınlaşaraq əmisi ilə bağlı daha həlim və ölçülü olmasını istəyir. Amma O, onsuz da hər şeyin yerini bilən insan idi; Haqq yolunu ən yüksək səviyyədə təmsil edirdi. Əslində bu məsələlərdə O, hamı üçün bir  örnək  idi. Ona görə də əmisi Abbasa belə deyir:

− Ümid edirəm ki, qiyamət günündə Mənim şəfaətimin ona xeyri olar, cəhənnəmdəki əzabı az da olsa, yüngülləşər və həmin mərhələni daha asan keçirər.[8]

Hz. Xədicəyə vida

Əbu Talibin vəfatından üç gün keçmişdi. Allah Rəsulu (s.ə.s.) onun heç olmasa dünya ilə vidalaşarkən bir ünvan qoyub getməsinə çox çalışmışdı, amma dodaqlarından bu ünvanı ifadə edən bir cümlə eşitməmişdi. Onun yoxluğunu fürsət bilən Qureyş daha insafsız davranacaq və Rəsulullah bu rəftarın qarşısında əmisinin yoxluğunu daha çox hiss edəcəkdi. Çox qüssəli idi: Ona ən çox dəstək olan və Onu  himayə edən əmisi Əbu Talibi imanına şahid olmadan, dünyadakı həlimliyinə qarşı əbədi səadəti yoluna girdiyini ifadə edəcək bir kəlmə eşitmədən torpağa verməyin kədəri içində idi.

Qaranlığın çökdüyü anlar idi. Xəstə yatağında qoyduğu həyat yoldaşının vəziyyətindən narahat idi və təlaşla onun çadırına doğru yönəlir... Çünki Hz. Xədicə xəstəlikdən qıvrılırdı. Allah Rəsulu (s.ə.s.) son səfərindən əvvəl qızdırma içində olan həyat yoldaşına baş çəkməyə gedirdi. Məhrumiyyətlər qoşa gələcək; Əbu Talib kimi himayədarının ardınca, dostundan və ən sadiq yarından da məhrum olacaqdı...

Yaxınlaşır və yavaşca çadırın pərdəsini aralayır... Xəstəlikdən inildəyən Hz. Xədicənin halı ürək dağlayırdı, ayrılıq sezilirdi bu iniltilərdən... Hz. Xədicə Məkkənin ən varlı qadını olduğu halda, bu gün aclıq və sıxıntıdan qaməti bükülmüşdü, sürgün həyatının dəhşətli  ağrı-acıları  ilə çarpışa-çarpışa qalanlara “əlvida” deyirdi.

Onun kədərində Allah Rəsulunu qızları ilə birlikdə tək qoyub getməyin narahatlığı gizli idi. Gedirdi, amma ürəyi himayəsiz qalan həyat yoldaşında, Sultanlar Sultanına və mərhəmətli Rəbbinə əmanət etdiyi yetimlərində idi. Erkən doğulmuşdu (“Xədicə” sözünün mənası “erkən doğulan” deməkdir ), Haqqın yolunu erkən seçmişdi və indi də öz əlləri ilə əmanət göndərdiyi  iki balasına qovuşmağa  hamıdan erkən gedirdi.

Davamı: 1 2 3 4 5 6 7