Səhabələr

Hüzn İli

Gedişdən əvvəl çöhrəsinə şirin bir təbəssüm qonur, görünür, artıq Cəbrailin müjdəsini gətirdiyi cənnət yamacları açılmışdı gözlərinin önündə... Ancaq bu şirin təbəssüm, şəfqət və mərhəmət buludları kimi çadırın ağzında onu gözləyən Həyat Yoldaşını görüncə acılaşmış, dərin qüssəyə çevrilmişdi. Hər ikisi bir-birinin halına hüznlənmişdi.

Bu, şəfqət və mərhəmət Sultanını dərindən yaralayan bir mənzərə idi!.. Gözlərindən axıb yanaqlarına süzülən damcılar saqqalını islatmışdı, dalbadal hıçqırıqlar düyünlənirdi boğazında!..

Allah Rəsulu (s.ə.s.) minnətdarlıq duyğusu ilə xanımına yaxınlaşır və kəlmələrin də aciz qaldığı bu məna yüklü cümlələri titrək dodaqları ilə bir-bir sıralamağa başlayır:

− Ey Xədicə! Mənə görə sən bu çətinliklərə dözmək məcburiy­yətin­də qaldın və məqamına görə, bir həyatdan məhrum yaşadın.

Əslində sən bunlara layiq bir qadın deyildin. Kərəminə qarşılıq kərəmlə təltif olunmaq varkən sən məşəqqət, möhnət və əziyyət gördün, − demək istəyirdi. Davam  edir sözlərinə:

− Ancaq unutma ki, Allah hər sıxıntı və çətinliyin arxasından mütləq çoxlu xeyir murad etmişdir...[9]

Əbu Talibdən sonra ikinci əsas dayağı da artıq yaşamırdı. Hz. Xədicə (radıyallahu anha) altmış beş yaşında ikən dünya və dünyanın bütün çətinlikləri ilə vidalaşıb içində nə bir hay-küy, nə də bir yorğunluq olan, incilərlə hörülmüş əbədi məkanına köçmüşdü.

Beləliklə, o, Hirada çıxan Günəşin ardınca bir Qədr Gecəsində başladığı yeni həyatına yenə bir Qədr Gecəsində nöqtə qoymuşdu. Allah Rəsulu (s.ə.s.) məzarına enib onu (r.a.) əbədi yurdun ilk qapısı olan Hacun qəbiristanlığındakı məkanına yerləşdirir və üstünü torpaqla örtüb düzəldir.[10]

Müsibətlər artıq leysan kimi yağmağa başlamışdı. Çünki Allah Rəsulunun (s.ə.s.) yanında nə bir dəstəyi vardı ki, qarşıya çıxan hər çətinlikdən ona sığınıb rahatlıq tapsın, nə bir dayağı vardı ki, onun atmosferi ilə fəlakətlər kimi üstünə şığıyan meteoritlərdən qorunsun və nə də bir etibarlı köməkçisi vardı ki, baş verənlərə illərin təcrübəsi ilə sinə gərməyə kömək etsin.

Allah Rəsulu üçün şəfqətli bir atadan, etibarlı bir arxa və zəngin qəlbli bir əmidən sonra sadiq yar, əziz zövcə və şəfqətli bir dayaq artıq yaşamırdı. Bu səbəbdən Qureyş daha da cəsarətlənmişdi; Rəsulullaha (s.ə.s.) daha çox təzyiq göstərilirdi. Bir gün nəfsinə düşkünlərdən biri Peyğəmbərimizin üstünə toz-torpaq atmışdı, O da üst-başı tozlu-torpaqlı evinə gəlmişdi. Qızlarından biri atasını bu vəziyyətdə görüb çox kədərlənmiş, ağlaya-ağlaya Onun paltarını təmizləməyə başlamışdı. Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdu:

− Ağlama, qızım, əsla üzülmə! Allah sənin atanı hədər etməyəcəkdir![11]

Bu il – dalbadal baş verən kədərli hadisələrlə yadda qalacaq və “Hüzn ili” adlanacaqdı. Çünki bu vaxt bir yandan müşriklərin haqsız zülm və əziyyətləri həddini aşmış və nəzarətdən çıxmış, digər tərəfdən də, Peyğəmbərimizin iki əsas dayağı əbədi aləmə köçmüşdü.

Əbu Ləhəbi də təsirləndirən mənzərə

Əbu Talibin və Xədicə anamızın vəfatından sonra Rəsulullah (s.ə.s.) dərin bir hüznə dalmış və vaxtının çoxunu evində tək keçirməyə başlamışdı. ləri ilə baş-başa verib qəm-qüssəyə bürünmüşdü. Anasız qalmağın nə olduğunu ən yaxşı bilən yenə də O (s.ə.s.) idi. Buna görə də qızlarına şəfqətlə yanaşır və belə bir anda onlara daha çox vaxt ayırırdı.

Abduluzza (Əbu Ləhəb), necə olsa da, Peyğəmbərimizin əmisi idi. Qureyşin qardaşının yoxluğundan istifadə edib Rəsulullaha daha çox təzyiq göstərdiyini görürdü. Bu mənzərə onun cəhənnəmdə yanacaq daş qəlbini belə yumşaltmış və Allah Rəsulunun (s.ə.s.) hüzuruna gələrək belə təklif etmişdi:

− Ya Məhəmməd! İstədiyin kimi rahat hərəkət et. Əbu Talibin sağlığında necə davranırdınsa, yenə işinlə məşğul ol! Lata and olsun ki, mən ölənə kimi Sənə heç kim toxuna bilməyəcək.

Həqiqətən də, bu, çox gözlənilməz bir hadisə idi. Deməli, Allah istəyəndə, olmaz kimi görünənlər necə olursa, daş vicdanlar da mərhəmətə gəlib yumşala bilirdi.

Bir gün ibnul-Qaytala adlı bir şəxs Peyğəmbərimizə həqarət edib pis sözlər söyləmiş, bunu eşidən Əbu Ləhəb dərhal gedib ibnul-Qaytalaya həddini bildirmişdi. O da heyrətlənmişdi, dünənəcən onlarla birlikdə qardaşı oğlunun ölümünə imza atan və onları heç nədən üç il sürgünə göndərən adam elə bil qarşısında dayanan Əbu Ləhəb deyildi!

İbnul-Qaytala qaça-qaça qureyşlilərin yanına gedib deyir:

− Ey qureyşlilər! Əbu Utbə də dinindən döndü!

Bu, həmin günün ən gözlənilməz xəbəri idi... Artıq Əbu Ləhəb də gedib Məhəmmədə iman gətirmişdisə, deməli, bu dünya onlara zindan olacaqdı. Tez Əbu Ləhəbin yanına gəlir və məsələni öyrənmək istəyirlər.

Davamı: 1 2 3 4 5 6 7