Səhabələr

Hüzn İli

− Xeyr! Mən Abdulmuttalibin dinini tərk etməmişəm. Mən ancaq qardaşım oğluna sahib çıxır və Onu qorumağa çalışıram, − deyir. Qureyşlilər rahat nəfəs almışdı:

− Yaxşı edirsən, həm də bununla qohumluq vəzifəni yerinə yetirib lütfkarlıq göstərirsən, − deyərək oradan uzaqlaşırlar.

Bir neçə gün də ötmüşdü. Qureyşin intiqam səsləri bir az səngi­mişdi. Məkkədə, az da olsa, sakitlik  vardı. Ancaq bu, qısamüddətli, süni bir sükut idi. Çünki Əbu Cəhil və Ukbə ibn Əbi Muayt bir araya gəlmiş, Əbu Ləhəbə baş çəkməyə getmişdilər. Görünür, Əbu Cəhil yenə Əbu Cəhilliyini edəcək, Uqbə də Uqbəliyini göstərəcəkdi. Bu adamlar küfr ab-havasını təşkil etməkdə, insanlara təzyiq göstərib onların qərarlarına təsir etməkdə və ictimai rəyi istədikləri istiqamətə yönəltməkdə mahir idilər. Hər ikisi Əbu Ləhəbə yaxınlaşaraq belə deyir:

− Sənin qardaşının oğlu atanın harada olduğu xəbərini sənə də veribmi?

− Harada imiş? − deyə Əbu Ləhəb soruşur.

− Atanın cəhənnəmdə olduğunu söyləyir, − deyə onun zəif yerinə toxunur, bununla da onun tərs damarını yerindən oynatmağa çalışırdılar. Əfsuslar olsun ki, bu təhrik baş tutur.

Çünki bu, Əbu Ləhəbin ən ağrılı yeri idi. Əbu Ləhəb özü və xanımı haqqında deyilənlərdən də xəbərdar idi, amma hər şeyə rəğmən (!), həddini aşan zülmdən əziyyət çəkən qardaşı oğluna sahib çıxmaq, dəstək olmaq istəmişdi. Atası haqqında söz söyləməsini istəmirdi və dərhal qardaşı oğlu ilə olan bütün əlaqəsini kəsməli idi. Allah Rəsulunun (s.ə.s.) yanına gəlir və bunları deyir:

− Vallah, nə qədər ki sən, Abdulmuttalibin cəhənnəmdə olduğunu deyəcəksən, mən də Sənə əbədiyyən  düşmən olacağam!

Bu, yolların yenidən ayrıldığını göstərən bir cümlə idi. Əbu Ləhəb kimisindən ancaq bunu gözləmək olardı. Bundan sonra Qureyş yenidən hiddətlənib coşacaq, Məkkədə yaşanan müvəqqəti sakitlik dövrü də artıq xəyallarda qalacaq.[12]

 
[1]. Bax: “Sad” surəsi, 38/4-8; Bax: ibn Hişam, Sire, 2/264 və b.
[2]. Bax: Halebi, Sire, 2/49-50
[3]. Bax: “Qəsəs” surəsi, 28/56.
[4]. Abdulmuttalibin dinində qalmaq məsələsi Əbu Talibin imanı məsələsində mühüm yer tutur.
[5]. Bax: Buhari, Sahih, 1/457 (1294)
[6]. Bax: “Tövbə” surəsi, 9/113-114.
[7]. Bax: ibn Hişam, Sire, 2/265, 266
[8]. Bax: Buhari, Sahih, 3/1409 (3672) Əbu Taliblə bağlı Peyğəmbərimizdən (s.ə.s.) “Rəbbimdən onun üçün böyük xeyir umuram.” (İbn Sad, Tabakat, 1/124/125), “Əgər mən olmasaydım o, indi cəhənnəmin ən alt qatında əzab çəkirdi.” (Müslim, Sahih, 1/195 (209) və “Onun cəhənnəmdəki əzabı topuq sümüklərinə qədər çatır.” (Müslim, Sahih, 1/195 (210) şəklində də rəvayətlər vardır.
[9]. Heysemi, Mecmaü’z-Zevaid, 9/218
[10]. İbn Sa’d, Tabakat, 8/18
[11]. İbn Hişam, Sire, 2/264
[12]. Bax: İbn Sa’d, Tabakat, 1/211. Peğəmbərimiz (s.ə.s.) o gün əmisi Əbu Ləhəbə də buna bənzər sözlər deyəcək və sözünün arxasında duracaqdı. Ancaq daha sonra nazil olan ayələrdə bu mövzu fərqli yönləri ilə dəfələrlə nəzərdən keçiriləcək və nəticədə, başda Allah Rəsulunun ana-atası olmaqla İslamı tanımadan vəfat edən “fətrət əhli”nin əhli-nicat olması  mövzusu təsdiqlənəcəkdi. Bax: “İsra” surəsi, 17/15; “Ənam” surəsi, 6/130, 131, 156, 157; “Qəsəs” surəsi, 28/47,59; “Taha” surəsi, 20/134; “Şüəra” surəsi, 26/208, 209; “Fatır” surəsi, 35/37; “Nisa” surəsi, 4/156. Həmçinin  Allah Rəsulunin  ana-atasının yenidən həyata qaytarılaraq iman gətirməsinə dair də məlumat vardır. Ətraflı məlumat üçün Bax: Akcay, Mustafa, Ebeveyn-i Resul Risaleleri, Yeni Akademi Yayınları, İstanbul, 2005
Davamı: 1 2 3 4 5 6 7