Səhabələr

Hz. İbrahimə qədər uzanan şəcərə

Məsələ artıq xoşluqla həll edilmiş, hakimin yanına getməyə də ehtiyac qalmamışdı. Bir müddət istirahət edib Məkkəyə qayıdırlar.[2]

Abdulmuttalibin on övladı və nəzirini vermək cəhdi

Uzun müddət rəyasət (rəhbərlik, rəislik) vəzifəsini layiqincə yerinə yetirən Abdulmuttalibin bu illərdə on oğlu dünyaya gəlmişdi. On oğlunun da sağlam boya-başa çatdığını və ona dayaq olacaq yaşa gəldiyini görüb Zəmzəmi tapanda dediyi nəziri xatırlayır, sözünü yerinə yetirmək üçün onlardan birini qurban vermək istəyir. Çünki Allaha səmimi qəlbdən dua etmiş və istəyinə cavab verildiyi təqdirdə oğlanlarından birini Kəbədə qurban edəcəyini nəzir demişdi. İndi isə qəbul edilmiş duanın müqabilində  deyiləni vermək lazım idi.

Əvvəlcə oğlanları Haris, Zübeyr, Hacəl, Dirar, Muqavvim, Abduluzza (Əbu Ləhəb), Abbas, Həmzə, Əbu Talib və Abdullahı öz hüzuruna toplayıb məsələni onlarla müzakirə edir. Nəzir ataları tərəfindən deyilmişdi, etiraz etmək olmazdı, onlar da qəbul etdiklərini bildirdilər. Ancaq qurbanın hansı yolla müəyyənləşdiriləcəyi hələ məlum deyildi. İşin bu yerində Abdulmuttalib hər birinin bir ox götürməsini və üstünə adını yazıb ona verməsini tələb edir. Atalarının bu istəyi də dərhal yerinə yetirilir. Sonra oxları da götürüb Kəbədəki Hübəl[3] bütünün yanına girən Abdulmuttalib oxlardan birini çəkir. Həyəcanla oxun üstündəki ada baxır: “Abdullah” yazılmışdı. Abdullah onun ən çox sevdiyi sonbeşiyi idi. Ancaq qərar qəti idi və dəyişdirmək olmazdı.

Abdulmuttalib çölə çıxıb nəticəni maraqla gözləyənlərə qurban veriləcək oğlunun adını elan edir. Sonra da Abdullahın əlindən tutub bir əlində bıçaq nəzirini vermək məqsədi ilə İsaf və Nailə bütünə tərəf getməyə başlayır.

Bu,  zarafat deyildi.  Çünki atası Hz. İbrahim kimi onda da təslimiy­yət hissi hakim idi. Bu, əsrlərdir həsrəti çəkilən bir Peyğəmbərin babasından gözlənilən bir mətanət idi və Abdulmuttalib oğlunu qurban kəsmək üçün bir ciddiyyət içində işə başlamış, vədini yerinə yetirməyə hazırlaşırdı. Oğlu Abdullah da Hz. İsmail kimi təvəkkül içində idi. Bunu görən Qureyşin böyükləri dərhal Abdulmuttalibə yaxınlaşır:

− Sən neyləmək istəyirsən, ey Abdulmuttalib! − deyirlər.

Abdulmuttalib sakit şəkildə:

− Onu qurban kəsəcəyəm, − cavabını verir. Adamlar araya girir:

− Əsla belə bir şey etmə! Çünki bu, mümkün olası iş deyil. Başqa bir çarəyə əl at! Çünki bu gün sənin burada bunu etməyin yeni bir adətin başlanğıcı deməkdir. İnsanların kökünü kəsməkmi istəyirsən? − deyə ona qarşı çıxırlar.

Davamı: 1 2 3 4 5 6 7 8 9