Səhabələr

İbn Ərkamınn evində

Ərkam ibn Əbil Ərkamın əlinə öz imkanından Haqq üçün istifadə etmək fürsəti keçmişdi. Ərkamın (r.a.) Səfa təpəsində bir evi var idi. O, Rəsulullahı və səhabələri bura dəvət edir. Müsəlmanlar burada çox rahat namaz qıla, Quran oxuyaraq gələn ayələri maneəsiz paylaşa bilərdilər.

Təklif ağlabatan idi və Allah Rəsulu (s.ə.s.) tərəfindən də qəbul ediləcəkdi. Yeni bir mərhələ başlayırdı. Rəsulullah (s.ə.s.) İbn Ərkamın təklifini qəbul edərək Səfa təpəsindəki bu evə köçmüşdü. Bu, üç il sürəcək yeni bir həyat demək idi.[1]

Artıq bədxah qonşular arxada qalmışdı və yeni bir məkanla yanaşı, İslamın yayılmasına da yeni rəng gəlmiş, yeni bir təkan verilmişdi. Müsəlmanlar xəlvətcə bura gəlir və Rəsulullahdan (s.ə.s.) yeni gələn ayələri öyrənir, iman və təqva ilə bağlı uzun söhbətlər edir və başqalarının da əlindən tutmaq üçün  fikir sancısı çəkirdilər.

Ammar ibn Yasir və Suheyb ibn Sinan

Ammarın atası Yasir ibn Amir, qardaşları Haris və Maliklə birlikdə itkin düşən dördüncü qardaşlarını axtarmaq üçün Yəməndən Məkkəyə gəlmişdilər. Uzun müddət burada qalsalar da, qardaşlarından heç bir xəbər ala bilməmişdilər. Bundan sonra Malik və Haris Yəmənə qayıtmış, Yasir isə Məkkədə qalmağa qərar vermişdi. Bu müddətdə Yasir Əbu Hüzeyfə ilə razılaşmış, onun işlərini öhdəsinə götürmüşdü. Əbu Hüzeyfə az vaxt ərzində diqqətini çəkən Yasiri kölələrindən biri olan Sümeyyə ilə evləndirmişdi. Bu evlilikdən də Ammar dünyaya gəlmişdi.

Yasirin ailəsinə olunan iltifat davam edirdi. Əbu Huzeyfə Yasiri azad etmişdi. Daha bundan sonra Yasir Mahzumoğullarının köməkçisi hesab edilirdi.

Artıq Ammar da böyümüş və Peyğəmbərin dəvətini qəbul etmişdi. Bir gün o, Rum diyarından gələn Suheyb ibn Sinanla İbn Ərkamın evinin qabağında qarşılaşır.

Süheyb ibn Sinan Rum diyarında əsir edilmiş və Məkkədən Kəlb adlı bir adam onu satın alaraq buraya gətirmişdi. Bir müddətdən sonra Kəlb onu Abdullah ibn Cüdana satmışdı və o artıq İbn Cüdanın yanında yaşayırdı. Süheyb ibn Sinan Hiradakı peyğəmbərlik hadisəsini eşitmişdi və bu səadətə qovuşmaq arzusu ilə İbn Ərkamın evinə tərəf gedirdi. İndi tale onu özü kimi gənc olan Ammar ibn Yasirlə üz-üzə gətirmişdi.