Səhabələr

İbn Ərkamınn evində

Bu vaxt bəziləri söz atmağa başlamışdı:

− Nə oldu, Həmzə! Yoxsa sən də dədə-babalarının dinindən döndün?

Hz. Həmzənin cavabı gecikmir:

− Mənim üçün hər şey aydın olandan sonra Onun Allahın Rəsulu olduğunu və dediklərinin də haqq olduğunu söyləməyimə nə mane ola bilər ki?! Allaha and olsun ki, mən Ondan vaz keçməyəcəyəm. Sözünüzə sadiqsinizsə, gəlin mənə mane olun, görüm necə olursunuz!

Həmzənin qərarı qəti idi və birbaşa qardaşı oğlu Məhəmmədül-Əminin hüzuruna gəlir. Keçirdiyi hissləri danışır Ona... Fikirlərini bölüşür və bundan belə həmişə yanında olacağı müjdəsini verir. Əslində çətin qərar idi, çünki bir əmi üçün özündən iki yaş kiçik qardaşı oğlunun dizinin dibinə çöküb Onun hər dediyini qəbul etmək, qırx dörd illik keçmişin üstündən xətt çəkib yenidən doğulmaq və bu günə qədər yığdıqlarını bir tərəfə atıb həyata sıfırdan başlamaq güclü iradə tələb edirdi və Hz. Həmzə o gün bu iradəni ortaya qoymuşdu.

Ancaq bu cür iradə nümayiş etdirmək güman edildiyi kimi asan da deyildi... Axşam Həmzə (r.a.) evinə qayıdanda nəfs və şeytan onu öz məngənəsinə salmaq üçün beynini  suallarla məşğul etməyə başlayır. Həmzə kimi bir adamın iman cərgəsinə qoşulmasını  şeytan asan-asan həzm edərdimi heç? Şeytan dərhal Hz. Həmzənin yanında peyda olmuşdu və:

− Bəs sən Qureyşin böyük adamlarından deyildinmi? Dədə-babalarının dinini atıb atalarının dinindən dönən bir adamamı tabe olursan? Sənin bu hərəkətindənsə ölmək daha yaxşıdır, − deyərək onun içinə qor salmağa çalışırdı.

Tamamilə şeytani yanaşma idi, şeytani düşüncə idi... Haqq surətində görünüb qarşısındakının ağlını oğurlamaq üçün riyakar bir davranış və tamamilə fürsət ovçuluğu idi bu... Ancaq aslan ovçusu  Həmzə artıq Həzrəti Həmzə olmuşdu və onun kimi bir iradə sahibi asanlıqla təslim olmazdı. Lakin vəsvəsə hələ davam edirdi. Əlbəttə, heç Həmzə kimi bir adamı buraxmaq olardımı?

Gözünə yuxu getməyən Hz. Həmzə halını Rəbbinə ərz etmək üçün birbaşa Kəbəyə gedəcək və orada dua edərək qəlbinə gələn şübhə və vəsvəsədən qurtulmaq üçün Allaha yalvaracaqdı. O, artıq bir yola çıxmışdı və yolun zərurətlərini də yerinə yetirməli idi. Həqiqətən də, Allah (c.c.) bu səmimi yalvarışlarından sonra Hz. Həmzənin qəlbinə düşən şübhə toxumlarını aradan qaldırmış və o,  mənəvi rahatlıq içində yenidən evinə qayıtmışdı.

Səhər açılan kimi Hz. Həmzə qardaşı oğlu Məhəmmədül-Əminin hüzuruna gəlir və dünən başına gələnləri danışır. Allah Rəsulu (s.ə.s.) şəfqətlə əmisinə yönəlir və xeyli söhbət edir onunla polad kimi bir imanın öhdəsindən gələ bilməyəcəyi heç bir məsələ ola bilməzdi. Hz. Həmzə də bu imanı ortaya qoyacaq, şeytana şans verməyəcəkdi. Həmin gün qardaşı oğlunun hüzurundan gedərkən son sözü bu olmuşdu:

− İçimdən gələn ən səmimi hisslərlə deyirəm ki, Sən yaxşını və doğrunu təmsil edirsən, ey qardaşımın oğlu! Sən heç əndişə etmədən dinini təbliğ etməyə davam et. Allaha and olsun ki, artıq mənim üçün günəşin aydınlığının belə heç bir əhəmiyyəti yoxdur. Çünki mən artıq ilk dinimə qovuşdum.[9]

Hz. Həmzənin gəlişi müsəlmanlar üçün xüsusi bir əhəmiyyət ifadə edirdi. Gülməyə həsrət qalmış üzlər, az da olsa, təbəssümlə tanış olmuş, əzilmiş hisslər sevinclə barışmağa başlamışdı. Necə böyük bir rəhmət idi bu; başlanğıcı pis kimi görünən bir gündə Həmzə kimi aslan ovçusu gəlmiş və Peyğəmbərimizin tərəfinə keçmişdi. Artıq Hz. Həmzə Onunla birlikdə hərəkət edəcək və Ona köməkçi olacaqdı. Bundan sonra qureyşlilər məkrli planlar hazırlayarkən Hz. Həmzənin varlığını mütləq nəzərə alacaq, ən azı bəzi vərdişlərindən əl çəkəcək və addımlarını ona uyğun müəyyənləşdirəcəkdi.

Beləliklə, Muttalib ailəsi arınırdı; Əli və Həmzə kimi sinəsi İslama təşnə olanlar gəlib hüzurda həyat taparkən Əbu Ləhəb və oğlanları Utbə ilə Uteybə kimi qatı qəlblilər Allahın zikrindən qafil idi və möhürlənmiş qəlbləri ilə imana arxa çevirmişdilər. Gələn bir ayə mövzunu belə xülasə edirdi:

− Məgər Allahın köksünü islam üçün açmaqla Rəbbindən nura qovuşan kəs, qəlbi möhürlənmiş, qəlbi qatılaşan, sinəsi daralan kimsə kimi ola bilərmi?! Elə isə, vay qəlbləri Allahın zikrinə − Qurana qarşı sərt olanların halına! Onlar haqq yoldan açıq-aydın azmışlar.[10]