Səhabələr

İbn Ərkamınn evində

Utbənin planı

Məkkədə hər an gözlənilməz hadisələr olurdu. Bir tərəfdən Cəbrailin gətirdikləri dalğa-dalğa yayılır, digər tərəfdən də Qureyş hər dəfə yeni tələləri ilə inananların qarşısına çıxırdı. Onlar bu günədək müxtəlif cildlərə girmiş, fərqli üsullardan istifadə etmiş, amma istədikləri nəticəni əldə edə bilməmişdilər. İndi də Həmzə kimi bir adamı itirməyin ağrısını çəkirdilər. Gündən-günə qarşı tərəfdə kəmiyyət və keyfiyyət artımı müşahidə edilməsinə baxmayaraq, özləri elə hey itki verirdilər.

Başçı və “fikir atası” məqamında olan Utbə bir gün yoldaşlarına belə bir təklif edir. Bu vaxt Rəsulullah (s.ə.s.) Kəbədə oturub tək-tənha Allaha ibadət edirdi. Utbə yanındakılara Rəsulullahı (s.ə.s.) göstərib belə deyir:

−  Ey Qureyş! Nə deyirsiniz? Gedib Məhəmmədlə danışım və Ona bəzi təkliflər verim. Nə bilmək olar, bəlkə bəzilərini qəbul etdi.

− Olar, ey Əbəl Vəlid. Get, danış Onunla!

Qövmünün fikirlərini də öyrənən Utbə ayağa qalxır və birbaşa Peğəmbərimizin (s.ə.s.) hüzuruna gəlir. Təəccüblü idi, gəlişində mülayimlik vardı; sanki, o günədək  köpürən Utbə deyildi gələn. Yanına gəlir və:

− Ey qardaşımın oğlu! − deyərək sözə başlayır. Üzündə imana aid bir əlamət də görünmürdü, amma bu qədər mülayim davranmasının səbəbi nə idi görəsən? Sözlərinə belə davam edir:

− Sən də bilirsən ki, aramızdakı yerin və qövmünün nəzdində mövqeyin çox fərqlidir. Amma Sən qövmünə elə təkliflər gətirdin ki, bununla da onların arasını ayırdın, böyüklərini zəlalətlə günahlandırdın; dini düşüncələrini və tanrılarını alçaltdın, qısası, onların babalarının qoyub getdiklərini yox saydın. Bax indi mənə yaxşı qulaq as! Sənə bəzi təkliflərim olacaq, bəlkə, qəbul edərsən və bir nöqtədə razılaşarıq.

Peyğəmbərimiz (s.ə.s.) də diqqətlə qulaq asırdı. Görəsən, nə təklif edəcəkdi ki, aralarındakı düşmənçilik də bitəcək və bundan sonra sülh imkanı doğacaqdı?

− Danış, ey Əbəl Vəlid! Səni dinləyirəm, − buyurur.

− Ey qardaşımın oğlu, bizə təklif etdiyin işdə məqsədin əgər mal-dövlət əldə etməkdirsə, öz aramızda Sənə istədiyin qədər mal-dövlət toplayaq və Səni ən varlı adamımız edək. Əgər bununla mövqe, məqam əldə etmək istəyirsənsə, Səni özümüzə rəhbər təyin edək və Səndən xəbərsiz heç bir addım atmayaq. Əgər Sən bununla taxt-tac davası güdürsənsə, Səni hökmdar təyin edək. Yox, əgər bu Sənə gələnlər, öhdəsindən gələ bilmədiyin cin vurması və ya yuxudursa, Səni bu haldan qurtarmaq üçün mallarımızla səfərbər olaq və Səni bu vəziyyətdən xilas edək. Çünki əgər müalicə olunmasan, başa bəla olan cin, adamı öz təsiri altına alar.

Qureyşin yeni planı artıq bəlli olmuşdu. Peyğəmbərimiz dərin bir sükut içində idi... Bu adamlar nə istəyirdi? Utbə bir addım da qabağa gələrək bunları deyir:

− Ya Məhəmməd! Sən xeyirlisən, yoxsa atan Abdullah?

Peyğəmbərimiz (s.ə.s.) bu suala da cavab vermir. Xeyr, bəlkə də, cavabın ən gözəli ilə − susmaqla cavab verirdi. Gözlədiyi cavabı ala bilməyən Utbə şeytani sözlərini söyləməyə davam edir:

− Əgər onun Səndən daha xeyirli olduğunu qəbul edirsənsə, bil ki, o, Sənin hazırda təhqir etdiyin tanrılara sitayiş edirdi. Yox, əgər Özünü ondan daha xeyirli görürsənsə, onda danış, sözlərinə mən də qulaq asım.

Növbə Hz. Məhəmmədə (s.ə.s.) gəlmişdi və bayaqdan dinləyən Allah Rəsulu soruşur:

− Sözünü deyib qurtardınmı, ey Əbəl Vəlid?

Başqa nə deyə bilərdi ki?!

− Bəli, − deyir yavaşca. Bu dəfə sözə Söz Sultanı başlayır. Əvvəlcə:

− Elə isə bir az da sən Mənə qulaq as, − deyir. Utbə:

− Yaxşı, − söyləyir.

Rəsulullah böyük bir ehtiramla dizlərini yerə qoyur və:

− Bismilləhir-rahmənir-rahim! Ha, Mim! Bu Quran mərhəmətli, rəhmli olan Allahdan nazil olmuş bir bəyandır. Ərəbcə Quran olaraq onu bilən bir qövm üçün ayələri müfəssəl izah edilmiş bir kitabdır. Bu Quran həm möminlərə cənnətlə müjdə verəndir və həm də kafirləri cəhənnəm əzabı ilə qorxudan!  Buna rəğmən inkar edənlərin əksəriyyəti ondan üz döndərib dinləməz və deyər ki: “Sənin bizi dəvət etdiyinə qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır”.[11]

Allah Rəsulu (s.ə.s.) oxuyur, Utbə də səsini çıxarmadan bir kənara çəkilib qulaq asırdı. Rəsulullah on üçüncü ayəni oxuyanda Utbə dözə bilmir. Xəstə adamlar kimi titrəyirdi. Əllərini Allah Rəsulunun (s.ə.s.) mübarək dodaqlarına tərəf aparır. Taqəti qalmamışdı:

−  Sus, ey Məhəmməd! İnandığın Allah xatirinə sus, − deyir.

Peyğəmbərimiz də ona:

− Budur, ey Utbə! Artıq eşitdiyini eşitdin, bundan sonrasını özün bilərsən, − buyurur.

Utbə böyük bir sarsıntı keçirirdi. Dinlədikləri müqabilində, sanki, dəlik-deşik olmuşdu. Bəlkə də, belə böyük insana bir az əvvəl etdiyi təkliflərin cılızlığından xəcalət çəkirdi. Böyük bir zərbə almış adamlar kimi, ağır-ağır yerindən qalxır və asta addımlarla yoldaşları tərəfə gedir.