Səhabələr

İbn Ərkamınn evində

Aman Allah! Adamlar göz görə-görə Allah Rəsulunu (s.ə.s.) məsxərəyə qoyurdular. Bu, ədəbsizlik idi. Allahın ən sevgili bəndəsi­­­nə qarşı hörmətsizlik idi. Hətta bu üslubları ilə onlar yalnız Peyğəmbərə (s.ə.s.) deyil, Allaha da həqarət edirdilər. Hansına cavab verə bilərdi? Həm də cavab verilsə, Rəsulullahın (s.ə.s.) qarşısında bu cavabı başa düşəcək kim var idi? Bunlara ən yaxşı cavab susmaq idi.

Ortalıq buz kimi olmuşdu. Hər şeyə rəğmən, Rəsulullah (s.ə.s.) onların da iman gətirəcəklərinə ümid edir və aradakı qapını tamamilə bağlamırdı. Çünki belə hallarda vəziyyətin gərginliyinə, həmsöhbətlərin anlamazlığına və mühitin qafilliyinə baxmayaraq, səbir etmək lazım idi. Ən azı hər iki tərəfdəki vəziyyəti müşahidə edənlər bir gün bunları dəyərləndirər və Haqq cərgəsindəki yerini alardı. Özləri gəlib təslim olmasalar da, vaxtı gələndə bu adamların ailələrindən iman gətirənlər mütləq ola bilərdi. Yenə böyüyə böyüklük düşürdü. Buna görə bir daha danışır Allah Rəsulu (s.ə.s):

− Allah Məni sizə bunları etmək üçün göndərmədi, − deyir və əlavə edir:

− Mən sizə gətirəcəyimi gətirdim və Allahdan aldığım təbliğ vəzifəsini də yerinə yetirdim. Əgər bundan sonra qəbul etsəniz, bilin ki, bu, sizin üçün dünya və axirət səadəti deməkdir. Əgər qəbul etməyib rədd etsəniz, aramızda Allah (c.c.) öz hökmünü verənə qədər mən də dişlərimi sıxar, səbir edər və gözləyərəm.

Görünürdü ki, Peyğəmbərimizin pak ruhu çox sıxılmışdı. Buna görə də məsələni tez yekunlaşdırmaq və bu cansıxıcı mühitdən uzaqlaşmaq istəyirdi.

Amma bu adamların niyyəti işi daha da uzatmaq idi ki, bununla özlərinə görə əylənirdilər. Yenə içlərindən biri eyni üslubda bunları deməyə başlayır:

− Madam bizim üçün bunları etməyəcəksən, elə isə Rəbbindən özün üçün istə! Məsələn, bizə dediklərini təsdiq edən bir mələk göndərsin və həmin mələk də Sənin haqqında bizə məlumat versin. Həmçinin Ondan istə, Sənin üçün cənnət kimi bağ və bostanlar, qızıldan və gümüşdən saraylar, malikanələr versin və Səni bir anın içində varlıların cərgəsinə qatsın! Çünki Sən də bizim kimi bazara gedib-gəlirsən. Biz necə qazanc dalınca sürünürüksə, Sən də məişət məsələlərinin dalınca qaçırsan. Biz bununla Sənin Allah qatındakı dəyərini anlayarıq, zənn etdiyin kimi, həqiqətən də, Sən Onun (c.c.) peyğəmbərisənsə, beləliklə, biz də Sənin Onun yanındakı yerini görərik!

Yəqin idi ki, bu adamlarda abır-həya adlı bir şey yox idi. Öz aləmlərində, əyləndiklərini zənn edirdilər. Yerindən duran qabağa çıxıb ağzına gələni danışırdı. Rəhmət Peyğəmbəri (s.ə.s.) isə hər şeyə rəğmən, dözür və dişini dişinə sıxıb səbir edirdi. Hislər etiraz etsə də, belə yerdə məntiq ön plana çıxmalı və səbir edilməli idi. Buna görə də:

− Sübhanallah, − deyir Allah Rəsulu (s.ə.s.), − Mən sadəcə bir peyğəmbərəm! Mənim kimi bir adamın Rəbbindən belə şeylər tələb etməsi doğru olmaz ki!? Mən sizə buna görə göndərilməmişəm ki!? Allah məni xəbərdar etmək və müjdələmək üçün göndərmişdir. Qəbul etsəniz, dünyanı və axirəti siz qazanacaqsınız. Əgər qəbul etməsəniz, o vaxt da Allah (c.c.), haqqınızdakı hökmünü verənə qədər səbir edərəm.

Artıq hərədən bir səs eşidilirdi:

− Bu səmanı ayaqlarımızın altına sər ki, Sənə inanaq!

− Ey Məhəmməd! Rəbbin də hazırda bizim Səninlə burada oturduğumuzu, Səndən bunları istədiyimizi bilirmi? Elə isə bütün bunların xəbərini Sənə bildirsin və işin həqiqətini bizə öyrətsin!

− Eşitdiyimizə görə, bütün bunları Sənə Yəmamədəki Rəhman adlı bir adam öyrədirmiş! Halbuki, Sən də bilirsən ki, biz Rəhmana qətiyyən inanmırıq!

− Ey Məhəmməd! Sən bizi üzrlü hesab elə, amma biz Səni, ya da Sən bizi məhv edib qurtarana qədər, ya da biz Sənin öhdəndən gələnə kimi elə başıboş buraxmarıq!

− Biz mələklərə qulluq edirik, halbuki onlar Allahın qızlarıdır.  Allahı və mələkləri gözümüzün qabağına gətirib bizə göstərməyənə kimi Sənə inanası deyilik!

Hərə nə gəldi danışırdı, elə bir gurultu qopmuşdu ki... Söhbət qurtarmaq bilmirdi. Artıq məclis məclislikdən çıxmış, dözülməz hala gəlmişdi. Buna görə də Allah Rəsulu (s.ə.s.) oranı tərk etmək üçün ayağa durmaq istəyir. Onunla birlikdə Abdullah ibn Əbi Umeyyə də durur və Ona bunları deyir:

− Ey Məhəmməd! Gördüyün kimi, qövmün Sənə bəzi şeylər təklif etdi, amma Sən heç birini qəbul etmədin! Sonra Sənin Allah qatındakı mövqeyini öyrənmək, daha sonra Sənə tabe olmaq və Səni təsdiq etmək üçün bəzi şeylər istədilər, onu da etmədin! Hətta Sənin öz mövqeyini daha da möhkəmləndirmək üçün bəzi tələbləri oldu, onlara da müsbət cavab vermədin. Qorxutduğun əzabı tezləşdirib başlarına gətirmələrini söylədilər, onu da etmədin. Vallah, mən göyə nərdivan söykəyib qat-qat səmaya qalxmayana, oradan gətirdiklərini öz gözlərimlə görməyənə və bütün bunlara dörd mələk gətirib şahid tutmayana kimi Sənə əsla inanmaram. Hərçənd and olsun ki, bütün bunları etsən də, mən Səni təsdiq edəcəyimi sanmıram![14]