Səhabələr

İbn Ərkamınn evində

Bunları deyən şəxs Peyğəmbərimizin bibisi Atiqənin oğlu idi. Ən yaxınından da yadlara belə yaraşmayan sözlər eşidirdi. Bibisi oğlu bu sözləri deyib məclisi tərk edir. Allah Rəsulu (s.ə.s.) da evinə getmək üçün oturduğu yerdən qalxır. Necə ümidlərlə gəlmişdi, amma indi... Tək qalmışdı. Rəbbindən başqa Onu qoruyan heç kim yox idi. Nəhayət, Cəbrail imdadına yetişir. Gələn ayələrdə Uca Allah bunları buyururdu:

− Onlar: “Bizə yerdən (Məkkədən) bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik. Yaxud Sənin ağacları arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın olmayınca; yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud Allahı və mələkləri peyğəmbərliyinin doğruluğuna şahid olaraq açıq-aşkar qarşımıza gətirməyincə və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca biz sənə iman gətirməyəcəyik.

Əgər bizə səmadan oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!”  – deyirlər.

Ya Rəsulum! De: “Rəbbim pakdır, müqəddəsdir! Mən isə yalnız peyğəmbər olan bir insanam!”[15]

Yeni bir cəmiyyət inşa edən Quran bu qədər hadisələrin içində və İlahi inayət də Allah Rəsulunun (s.ə.s.) yanında idi. Allah Rəsulu (s.ə.s.) qəflət dolu bir axşamın havasını udmuşdu, amma indi Cəbrail gəlmiş, doğru yolda olduğunu bildirmiş, bu cür adamlara qarşı nümayiş etdirəcək  davranışı da öyrətmişdi.

Əslində, Hz. Məhəmmədin axır zaman Nəbisi olduğunu Onun həyatına qəsd edən bu düşmənləri də bilir, Onun gözlənən peyğəmbər olduğuna inanırdılar. Ancaq bunu bilməklə yanaşı, Firon təkəbbürü, zülmət içində tayfa təəssübkeşliyi və o qədər inadkarlıqları var idi ki, heç cür gəlib müsəlman olmurdular.

Müğirə ibn Şübə insafa gəldiyi bir vaxtda bunları danışmışdı:

“Əbu Cəhillə oturmuşduq. Yenə Məhəmmədül-Əmin bizə tərəf gəldi. Bəzi şeylər danışaraq dini təbliğ etdi. Əbu Cəhil ədəbsizcə:

− Ey Məhəmməd! Əgər bunları o biri tərəfdə təbliğ etdiyinə dair şahid axtarmaq üçün edirsənsə, heç özünü yorma, mən Sənə şahidlik edərəm, indi isə məni narahat etmə! − dedi.

Məhəmməd kədər və üzüntü içində yanımızdan uzaqlaşdı. Mən Əbu Cəhildən soruşdum:

− Həqiqətən, Ona inanmırsanmı?

Əbu Cəhil mənə belə cavab verdi:

− Əslində bilirəm ki, O, peyğəmbərdir. Lakin Haşimilərlə keçmişdən bəri aramızda rəqabət var. Onlar “Hacılara xidmət edib Kəbənin örtüyünə sahib çıxmaq işi ilə gələnlərə Zəmzəm suyu vermək işləri bizdədir” deyib fəxr edirlər. Bir də “Peyğəmbər də bizdəndir” desələr, mən buna heç dözə bilmərəm”.[16]

Yeni bir təklif

Yenə günlərin bir günü Peyğəmbərimiz (s.ə.s.) Kəbəyə gələrək Allahın evini təvaf edirdi. Bu vaxt qarşısına Əsvəd ibnül-Muttalib, Vəlid ibn Müğirə, Ümeyyə ibn Xaləf və As ibn Vail kimi Qureyşin yaşlı adamlarından ibarət bir heyət çıxır. Yəqin ki, yenə məkrli plan qurmuşdular və bu planlarını irəli sürmək istəyirdilər. Belə deyirlər:

− Ey Məhəmməd! Gəl biz Sənin tanrına qulluq edək, Sən də bizim tanrılarımıza qulluq et. Beləliklə, Sən və biz bir məsələdə müttəfiq olarıq. Belə olan təqdirdə əgər Sənin ibadət etdiyin tanrı xeyirlidirsə, hamımız bundan nəsibimizi alarıq, yox, əgər bizim ibadət etdiyimiz tanrılar xeyirlidirsə, onda da Sən bundan nəsibini alarsan!

Onlar bununla nə məqsəd güdürdülər? Əcəba, Allah Rəsulu  (sallallahu əleyhi və səlləm) belə bir şeyi, fərz etsək ki, qəbul etsəydi, onlar, həqiqətən, Allaha iba­dət edəcəkdilərmi? İbadət davamlılıq tələb edən bir qulluq idi, bir il bir qibləyə, növbəti il də başqa tərəfə dönmək ikiüzlülükdən başqa nə ilə izah edilə bilərdi? Görünür, onlar kimi düşünə biləcək bütün küfr əhlinin ağzını yummaq üçün yenə Cəbrail imdada yetişmişdi. Onun gətirdiyi ayələrdə belə buyrulurdu:

− De: “Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm!

Siz də mənim ibadət etdiyimə −Allaha ibadət etməzsiniz!

Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!

Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!

Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə, sizin dininiz sizə, mənim dinim də mənə)!”[17]

Rəsulullahın can düşmənlərinin baxışları

Hər nə qədər Rəsulullaha (s.ə.s.) qarşı bu cür planlar qurulsa və bu planlar Onun həyatına qəsd etmək həddinə çatsa da, düşmənləri Onun haqqında yenə də pis fikirdə deyildilər. Çünki Peyğəmbərimizin “Əmin” adlandırılacaq qədər dürüst həyatı var idi və onlar heç cür bu etibarı yox saya bilmirdilər.

Bundan başqa, Onun söylədikləri qulaqardına vurulacaq sözlər də deyildi; adam öldürməmək, zina etməmək, oğurluq etməmək, başqasının malına göz dikməmək... Qısası, bütün bunlar cəmiyyətin islah olunmasını istəyən hər bir şəxsin sahib çıxmalı olduğu dəyərlər idi.

Ancaq Allaha iman... Quran... Axirət həyatındakı sorğu-sual, əməl dəftəri və atılan hər addımı yazan mələklərin mövcudluğu kimi məsələlər onları narahat edirdi. Kefləri istəyən kimi yaşamağa mane olan hər cür inama etiraz edirdilər. Asan deyildi, uzun illər yaşadıqları həyatı bir tərəfə qoyacaq və həmin günə kimi nə varsa, inkar edib yeni bir yolla gedəcəkdilər! Bunu edə bilmək isə fəzilət tələb edirdi.