Səhabələr

İbn Ərkamınn evində

Həmin vaxtlar qarşı cəbhənin ən tanınmış simalarından olan Əbu Cəhil, Əbu Süfyan və Ahnəs ibn Şərik bir-birindən gizlicə gəlmiş; namaz qılıb Quran oxuyan Allah Rəsulunu daha yaxından görüb oxuduqlarına qulaq asmaq istəmişdilər. Çox maraqlanırdılar, ancaq etdikləri bu işdən başqasının xəbərdar olmasını da istəmir və buna görə də qaranlığın düşməsindən istifadə edirdliər. Çox möhtəşəm görüş idi; Allahın ən sevgili bəndəsi Uca Yaradanla irtibat qurmuşdu, bir vüslət yaşayırdı ki, tamaşasından doymaq olmurdu. Heyranlıqla uzun müddət orada dayanıb qulaq asdılar, yayın istisində yağan rəhmət damcıları kimi idi qulaqlarına gələn nəğmələr... Elə məst olmuşdular ki, o gecəki son kəlamı eşidənə qədər vaxtın necə keçdiyini bilməmişdilər...

Quranın səsi kəsilincə hər biri evinə yollanmışdı... Bir az getmiş, üçü də bir-birinə rast gəlmişdi, yol onları bir nöqtədə birləşdirirdi. Üçü də xəcalət çəkirdi:

− Bir də belə hərəkət etməyək! Çünki aramızda zəif xarakterli olanlar bizi bu halda görərsə, onların ürəklərinə şübhə düşər və onlar da gəlib müsəlman olarlar, − deyərək sağollaşmışdılar.

Bunu sözdə demək asan idi, amma axşam gördükləri mənzərəni yaddan çıxarmaq və eşitdiklərini unutmaq mümkün deyildi. Elə hey beyinlərində götür-qoy edirdilər. “Kaş gedib bir də dinləyə idilər, nə olacaqdı? Həm də daha digər yoldaşları da gəlməz və təkbaşına bir dəfə də Qurana qulaq asardılar!”

Əslində, hər üçü bu cür düşünürdü. Ertəsi gün axşamçağı yenə gəlmişdilər, yenə axıra kimi dayanıb qulaq asdılar və ayrılıq vaxtı gəlib çatanda yenə eyni yolda rastlaşdılar. Daha bu qədər də olmazdı! Axı dünən söz vermişdilər. Gecənin qaranlığında qızaran üzləri görünməsə də, səslərindən xəcalət çəkdikləri hiss olunurdu. Yenə ilk gecəki kimi, sözləşib ayrıldılar; artıq bir daha gəlib qulaq asmayacaq və belə bir şeylə, əsla, qarşılaşmayacaqdılar.

Nəhayət, üçüncü gecə olmuş və ətrafdan əl-ətək çəkiləndən sonra həmin üç şəxs yenə yola çıxmışdı: Allah Rəsulunu dinləməyə gəlirdilər. Hər biri bu dəfə digərlərinin gəlməyəcəyinə əmin idi. Dan yeri sökülüb evlərinə doğru gedərkən bu dəfə də yolları eyni yerdə birləşir. Ancaq bu qədər ola bilərdi... Həm bayraq qaldırıb müharibə elan edəcək, həm qulaq asmamaq üçün aralarında razılaşıb söz verəcək, həm də bütün bunlara baxmayaraq, yenə Onu dinləməyə can atacaqdılar!  Bir-birini qınayaraq danışmağa başlayır və nəyin bahasına olursa-olsun, bir daha bunu etməməyə qəti söz verirlər.

Ertəsi gün Ahnəs ibn Şərik əsasını qapıb nəfəsini Əbu Süfyanın yanında dərir:

− Ey Əba Hanzələ! De görüm, Məhəmməddən eşitdiklərin haqqında nə fikirləşirsən? − deyə soruşur.

Əbu Süfyan həmsöhbətinin niyyətini öyrənmədən fikrini bildirmək istəmirdi və:

− Bəs sən nə fikirləşirsən? − deyə suala sualla cavab verir. Ahnəs fikirlərini gizlətməyə ehtiyac hiss etmir:

− Mən Onun doğru yolda olduğunu güman edirəm, − deyə cavab verir.

 Əbu Süfyan da özünü rahat hiss edir:

− Ey Əba Saləbə, Allaha and olsun, mən bu günə kimi çox şey eşitdim və bunlarla nəyin nəzərdə tutulduğu məsələsini də çox yaxşı bilirəm, yəni hansı sözlə nəyin nəzərdə tutulduğunu bilirəm.

Hələ sözünü qurtarmamışdı ki, Ahnəs:

− Vallah, mən də sənin kimi fikirləşirəm, − deyir. Onlar bununla həqiqətdə Peyğəmbəri (s.ə.s.) təsdiq edir və Onun gətirdiklərinin də haqq olduğunu bilirdilər. Ancaq bunu söyləmək, elan etmək elə də asan deyildi!

Bundan sonra Ahnəs ibn Şərik Əbu Süfyanın evindən çıxır və birbaşa Əbu Cəhlin yanına gəlir, eyni şeyləri onunla da danışmaq istəyirdi:

− Ey Əbəl Hakəm, − deyə sözlərinə başladı və belə davam etdi:

− Məhəmməddən eşitdiklərin haqqında sən nə fikirləşirsən?