Səhabələr

İbn Ərkamınn evində

− Nə eşitmişəm ki? − deyən Əbu Cəhil məsələni xatırlamaq istəmirdi. Ancaq Ahnəs qərarlı görünürdü:

− Ey Əbəl Hakəm! Məhəmməd haqqındakı həqiqi fikrin nədir; O, düz danışır, yoxsa yalan? Bax, burada səni məndən başqa heç kim eşitmir!

Əbu Cəhil ötəri bir cavabla onu başından edə bilməyəcəyini anlamışdı. “Kitabın ortasından” danışmaq lazım idi. Əvvəlcə dərindən bir ah çəkir və ardınca da inaddan əl çəkib bunları deyir:

− Allaha and olsun ki, Məhəmməd düz danışır. O, əsla yalan danışmaz. Lakin Qusayoğullarının bayraqdarlıq, Zəmzəm suyundakı xidmətləri, Kəbə örtüsünün hazırlanması və Kəbəni ziyarətə gələnlərə yemək vermək xidmətlərinə əlavə olaraq bir də peyğəmbərlik məsələsinə sahib çıxmalarını fikirləşəndə hiddətlənirəm, onlar bütün bunları təkcə öz əllərinə alarkən Qureyşin halı necə olar, bir düşün! Halbuki biz və Mənafoğulları bu günə kimi şərəf məsələsində həmişə bir-birimizlə yarışdıq, onlar yemək ziyafəti təşkil etdilər, biz də etdik! Onlar bəzi məsələlərdə insanlara xidmət etdilər, biz də oxşar şeylər etdik! Əllərindəki imkanlardan insanların xeyri üçün istifadə etdilər, biz də var-dövlətimizdən başqalarına verməyə başladıq! Nəticədə onlarla başabaş getməyə başlamışdıq ki, indi onlar: “Bizim aramızda səmadan xəbər gətirən bir Peyğəmbər var,” − deyirlər. İndi sən de görək, biz bunun öhdəsindən necə gələ bilərik? Vallah, biz Ona əsla inanmayacaq və Onu heç vaxt təsdiq etməyəcəyik![18]

Bu adamların ürəklərini küfrün qalın pərdələri bağlasa da, vicdanları ilə tək qalanda öz əməllərindən narahat olur və insaf ölçüləri ilə danışmağa başlayırdılar.

Bəlkə də, Əbu Cəhlin əhvalının yerində olduğu bir gün idi.  Yolda Peyğəmbərimizlə qarşılaşır. Məhzun Nəbini yenə kədərli görüncə insafa gəlir və Ona təsəlli vermək üçün bunları deyir:

− Ey Məhəmməd! Biz səni yalançı hesab etmirik. Biz Sənin gətirdiyin şeyləri təkzib edib onların yalan olduğunu deyirik!

Rəsulullah (s.ə.s.) onsuz da vəziyyətdən xəbərdar idi; onların bu günə kimi etdiyi etirazlar bunu göstərirdi, həm də Cəbrail gəlmiş və Ona:

− Ey Peyğəmbərim! Bilirik ki, onların Quran barəsində dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər, ürəklərində sənin həqiqi peyğəmbər olduğunu yaxşı bilirlər. Ancaq o zalım müşriklər Allahın ayələrini inadla inkar edirlər,[19] − məalındakı ayəni gətirmişdi. Çünki bu qənaətdə olanların sayı təkcə Əbu Cəhillə məhdudlaşmırdı. Haris ibn Amir kimi bəzi adamlar hamının gözü qarşısında Peyğəmbərə düşmən münasibət bəslədikləri halda, axşam evlərinə girib təkliyin səssizliyində vicdanları ilə qalanda: “Məhəmməd qətiyyən yalan danışan bir adam deyil. Mən də Onun ancaq doğru danışan olduğu qənaətindəyəm,” – demək məcburiyyətində qalırdılar.[20]

Bəli, həqiqi fəzilət də elə bu idi. Elə bir həyat yaşamaq lazım idi ki, can düşmənləri də fəzilətini qəbul edib başqalarına danışmaq ehtiyacını hiss etsinlər!

Onun canına qəsd edən bu adamlar hissə qapılanda qəti qərar versələr də, vicdanları araya girəndə əsla Onu incitmək istəmir, onların əleyhinə bəddua etməsindən də dəhşətli dərəcədə qorxub çəkinirdilər. Üstünə dəvə içalatı atıb qəhqəhə çəkərkən Onun dua etdiyini görüncə sifətlərində gülüşləri donmuşdu. “Bəddua edər” deyə ürəkləri ağızlarına gəlmişdi. Buna görə Ona qarşı döyüşə gedərkən də titrək addımlar atır, üz-üzə gələndə isə başdan-ayağa ölüm qorxusuna bürünürdülər. Hətta Ümeyyə ibn Xaləf sırf Peyğəmbərimizin (s.ə.s.) əleyhinə qurduğu tələlərə “özü düşər” qorxusu ilə Məkkədən kənara çıxa bilmir, çıxanda da Rəsulullahdan (s.ə.s.) mümkün qədər uzaq olmağa çalışırdı. Yenə Əbu Cəhlin təzyiqi ilə Bədir döyüşünə gedəcəyi gün xanımı qabağını kəsəcək və ona:

− Ey Əba Safvan! Mədinəli qardaşının sənin barəndə dediklərini[21] hər halda unutmusan, − deyə Peyğəmbərimizin (s.ə.s.) verdiyi xəbəri xatırladanda o:

− Xeyr, qətiyyən unutmamışam. Mən məkkəlilərlə birlikdə gedərək ancaq vəziyyətdən xilas olmaq istəyirəm, − cavabını verəcəkdi. Çünki onlar Allahın Rəsulunu incitdikləri üçün başlarına nələr gələcəyini bilir və həlak olacaqlarından qorxub tir-tir əsirdilər.[22]

Əlahiddəlik tələbləri

Peyğəmbərimizin (s.ə.s.) ətrafında Hz. Əbu Bəkir, Hz. Osman, Hz. Sad ibn Əbi Vəqqas və Hz. Talha kimi imkanlı səhabələr olduğu kimi, Bilali-Həbəşi, Ammar ibn Yasir, Zeyd ibn Harisə və Habbab ibn Ərətt kimi kasıb və kimsəsiz adamlar da var idi. Həmçinin bu adamlar əksəriyyət etibarilə qul, yaxud vaxtilə qul olub sonralar azadlığa qovuşan şəxslər idi. Əlbəttə, bu fərq Allah Rəsulu və səhabələri arasında heç bir problem təşkil etmirdi, çünki bu adamlar Allah qatında bir darağın dişləri kimi bərabər idi. Nə ərəbin əcəm, nə də qara dərilinin ağ dərili üzərində heç bir üstünlüyü ola bilməzdi!

Ancaq Qureyş belə fikirləşmirdi. Cəhalətin ən qatı şəklinin hakim olduğu bu anlayışa görə mövqe etibarilə aşağı təbəqəni təmsil edənlərlə yuxarı təbəqənin nümayəndələri eyni məkanı bölüşə və bir yerdə otura bilməzdilər. İşin əslinə baxanda onlar bu adamları “insan” hesab etmirdilər. Bu düşüncəyə görə bu insanlar ancaq onlara xidmət etmək üçün mövcud olan məxluqlar idilər!

Rəsulullahın (s.ə.s.) bu adamlara dəyər verib öz yanında oturtmasından xoşları gəlməyən və arzu etdikləri bu sistemin yavaş-yavaş onların nəzarətindən çıxdığını görən bu adamlar Hz. Məhəmmədə ağlagəlməyən bir təklif  verirlər:

− Biz Sənin qövmünün böyükləriyik, əgər Sən bizi də yanına çəkib məclisində görmək istəyirsənsə, yanında bizdən başqa heç kim olmasın!

Bu, insanlara yuxarıdan aşağı baxanların təklifi idi. Ancaq bu təklifi nə Allah, nə də Rəsulullah qəbul edir.[23] Çünki insanlara imanları, imanlarındakı dərinlikləri dəyər qazandırırdı. Allahı qəbul etməyən bir kafir və ya müşrik dünyanın ən varlısı və ya ağıllısı olsa belə, Allah qatında bir dəyəri ola bilməzdi. Çünki ağıllı olmaq açıq şəkildə iman gətirməyi zəruri edirdi; iman sahibi ola bilmədiklərinə görə bunların ağıllı olduğunu demək də mümkün deyildi. Doğrusu, bu adamların heç ağıllarını işlədib iman gətirmək kimi bir niyyətləri də yox idi, sadəcə onları “narahat edən” (!) bir məsələ ilə bağlı etirazlarını bildirmək istəmişdilər və guya onlara münasib bir məclisdə oturmaq haqqı verilmədiyi üçün iman gətirməmələri məsələsində “haqlı” (!) olduqlarını göstərməyə çalışırdılar.

Çox keçmədən Cəbrail gəlmiş və bu qənaəti gücləndirmək məqsədilə ayələr gətirmişdi:

− Səhər-axşam Rəbbinin rizasını düşünüb Ona ram olanları hüzurundan əsla uzaqlaşdırma![24]

Görünür, bu iş əlini isti sudan soyuq suya salmamış, dərd-sər bilməyən adamlarla aparılacaq bir iş deyildi. Bu iş yoxluğun hansı mənaya gəldiyini bilən və əlindəkini başqaları ilə bölüşməyi bacaran şəxslərin çiynində yüksəlməli idi. Var-dövlət içində üzənlər yoxluğun nə mənaya gəldiyini və yeri gələndə dəstək olmaqda da lazımi səyi göstərə bilməzdilər.

Deməli, müşriklərin hidayətinə ümid edib onları özünə yaxınlaşdırmaq məqsədi ilə Allah məfkurəsinə könül vermiş fədakarları uzaqlaşdırmaq kimi bir tətbiqat əsla düşünülə bilməzdi. Çünki bu, kiçik hesabların və böyük düşünə bilməməyin bir nəticəsi olardı. Bu, açıq-aşkar zülm olardı, Allah Rəsulu (s.ə.s.) isə belə bir zülmü etməkdən çox uzaq idi. O, üç-beş nəfər müşrikin ancaq özlərinə haqq qazandırmaq üçün ortaya atdıqları bu cür sayıqlamalara qulaq asmayacaq və səhər-axşam mübarizədə, düşüncədə, duyğuda “Allah” deyıb inildəyənlərlə birlikdə olacaq, gözünü onlardan ayırmayacaq və əsla başqalarına baxmayacaqdı. Çünki bilirdi ki, Allahın mərhəməti onlarla birlikdədir. Başqa cür necə ola bilərdi ki? Allah Rəsulu (s.ə.s.):

− Cənnət bu üç adama qovuşmaq arzusundadır: Əli, Salman və Ammar,[25] − deyə buyuracaqdı. Özündən xəbərsiz üç-beş nəfər sərgərdanın saxta tələbləri müqabilində cənnətin müştaq olduğu bu səmimi insanlar heç hüzurdan qovulardımı?

 
[1]. Bax: İbn Aşur, Tefsiru’t-Tenvir ve’t-Tahrir, 1/2321
[2]. Bax: İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 3/307; 2/460
[3]. Ümmü Cəmil Hz. Ömərdən əvvəl müsəlman olan və Səid ibn Zeyddə ərdə olan Fatimə binti Xəttab idi. Bax: İbnu`l-Esir, “Üsüdü`l Ğabe”, 7/215, 297.
[4]. Muslim, Sahih, 1/67 (44)
[5]. İbn Hacer, İsabe, 8/200 (12006); Halebi, Sire, 1/456
[6]. Heysemi, Mecmaü’z-Zevaid, 9/267
[7]. Bəzi rəvayətlərdə Hz. Həmzənin peyğəmbərliyin gəlişindən altı il sonra müsəlman olduğu da bildirilir. Bax: İbn Sa’d, Tabakat, 3/9
[8]. İbn Hişam, Sire, 2/128-129
[9]. Bax: İbn Hişam, Sire, 2/129
[10]. Bax: “Zumər” surəsi, 39/22; Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 383
[11]. Bax: “Fussilət” surəsi, 41/1 və b.
[12]. Bax:İbn Hişam, Sire, 2/130 və b.
[13]. İsbahani, Delail, 1/221
[14]. Bax: İbn Hişam, Sire, 2/132-136
[15]. Bax: ”İsra” surəsi, 17/90-93.
[16]. Süheyli, Ravdü’l-Ünf, 1/280
[17]. Bax: “Kafirun” surəsi, 109/1-6. Bax: İbn Hişam, Sire, 2/208
[18]. İbn Hişam, Sire, 1/269; Süheyli, Ravdü’l-Ünf, 1/280
[19]. Bax: “Ənam” surəsi, 6/33.
[20] Bax: Vahidi, Esbabu Nuzuli’l-Kur’an, 218, 219
[21]. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) onun da Bədrdə öldürüləcəyini xəbər vermişdi. Buhari, Sahih, 4/1453 (3734)
[22]. Bax: Buhari, Sahih, 4/1453 (3734); Halebi, Sire, 2/378; Mübarekfuri, er-Rahiku’l-Mahtum, s. 119, 120
[23]. Onların iman gətirməsinə ümid edərək Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) də bu təklifə meyl etdiyinə dair şərhlər “ismət” vəsfini daşıyan peyğəmbərlər  haqqında düşünülməməlidir. Üstəlik sözügedən şəxs Allahın Rəsulu olarsa...
[24]. Bax: “Ənam” surəsi, 6/52; “Kəhf” surəsi, 18/28.
[25]. Tirmizi, el-Camiu’s-Sahih 5/667 (3797); Hakim, Müstedrek, 3/148 (4666)