Səhabələr

İbn Ərkamınn evində

Əvvəlcə Ammar soruşur:

− Hara gedirsən?

Süheyb suala sualla cavab verir:

− Bəs sən hara gedirsən?

 Ammar:

−Məhəmmədin hüzuruna gedib Ona qulaq asmaq istəyirəm, − deyəndə Süheyb:

−Mən də eyni şey üçün gəlmişəm, − deyərək birlikdə İbn Ərkamın evinə daxil olurlar. Heç hüzura gələndən sonra imanı ciyərlərə çəkməmək olardımı? Burada ab-havanın rənginə boyanmamaq mümkün idimi? Hikmət fəvvarələri coşmuşdu, Rəsulullah (s.ə.s.) səhabə­ləri ilə söhbət edirdi. Belə bir şirin suyun mənbəyinə gəlib həmin bulaqdan içməmək olardımı heç? İki yoldaş eyni anda kəlmeyi-tövhid söyləyərək birlikdə müsəlman olurlar.[2]

Oğlundakı bu dəyişikliyi hiss edən Ammarın atası Yasir və anası Sümeyyə də Məhəmmədül-Əminə olan ehtiram və etimadlarının da təsiri ilə müsəlman olub  iman karvanına qoşulurlar.

Musab ibn Umeyr

Musab ibn Umeyr imkanlı və zadəgan bir ailənin oğlu idi. Valideynləri onun üstündə əsir, bir dediyini iki eləmirdilər. Xüsusilə də, anası Hünas oğluna göz bəbəyi kimi baxır, yanından ayırmaq istə­mirdi.

Gənclik çağına çatmış Musab artıq yaraşıqlı bir yeniyetmə idi. Özünə çox fikir verər, bir dəfə geyindiyini ikinci dəfə geyinməzdi. Həmişə gözəl ətirlər vurardı. Hamı heyranlıqla onu izləyərdi. Keçdiyi küçələrdə pəncərələr aralanar, onu görüb baxmaq üçün pərdələr tərpənər, arxasınca baxışlar süzərdi. Etibarlı gənc idi. Məclislərdə olması həmin yer üçün şərəf hesab edilər və həmişə hörmət görərdi. Qapılar da, qəlblər də onun üzünə taybatay açıq idi.