Səhabələr

İbn Ərkamınn evində

Bir gün onun da qulağına bəzi şeylər çatmış və onu maraq bürümüşdü. Bu, izah olunması mümkün olmayan bir maraq idi. Bir də baxır ki, İbn Ərkamın evindədir. Allah Rəsulu orada Quran oxuyur, söhbət və dua edirdi. Bir az dinləyir... İnsanın bu səsə vurulmaması mümkün deyildi. Şirin bir hikmət şəlaləsi ilə üz-üzə idi. Eşitdiklərinin hüceyrələrinə kimi işlədiyini hiss edirdi. Ürəyində şirin bir sızıltı başlamış, zehni görüb eşitdikləri ilə məst olmuşdu.

Onun bu vəziyyəti Hz. Məhəmmədin də (s.ə.s.) diqqətindən yayınmamışdı. Ona yaxınlaşır və əlini sinəsinə qoyub sığallamağa başlayır. Musab bu mübarək əllərin hərəkəti ilə imanın iliklərinə işlədiyini hiss edirdi. Elə oradaca Hz. Musab yaşından böyük yetkinliklə qərarını verir. Bu, axını dəyişdirəcək bir yetkinlik idi. Özünə yer tapa bilmirdi, nur saçırdı, sevincindən sanki uçurdu. İnsanların qibtə ilə baxdığı o dəbdəbəli həyatın ona mənəvi rahatlıq vermədiyini, verə bilməyəcəyini indi daha yaxşı başa düşürdü. Çünki burada hər şey yeni və çox təbii idi.

Artıq Musab da Bilallar kimi özünü İbn Ərkamın evindən qay­­­­na­­­­­yıb çıxan bu şirin su mənbəyinə həsr etmişdi, ora getmədən dayana bilmirdi. Bir tərəfdən Allah Rəsulunun sözlərindəki lətafətlə iliklərinə kimi mənəvi rahatlıq duyur, digər tərəfdən də belə bir dəyərə qiymət verə bilmədikləri, hətta Ona düşmənçilik bəslədikləri üçün məkkəlilərə qəzəblənirdi. Heç belə bir qiymətin qədri bilinməzdimi?