Səhabələr

İbn Ərkamınn evində

Musab artıq müsəlman olmuşdu, amma bunu ailəsinə, xüsusən də, anasına necə deyəcəyini bilmirdi. Çünki ondan çəkindiyi kimi heç kimdən çəkinmirdi. Bütün gücü ilə Məkkə üstünə tökülsə, narahat olmazdı, amma anasının münasibəti ağlını başından çıxarardı. Buna görə də imanını gizlətmək qərarına gəlir, heç kimə bir şey deməyəcək və beləliklə, anası ilə də qarşı-qarşıya gəlməyəcəkdi.

Amma o dövrdə Məkkədə hər hansı bir şeyi gizlətmək mümkün deyildi, sanki, hamı Qureyşin casusuna çevrilmişdi, bir-birinə xəbər aparıb-gətirirdi.

Bir gün İbn Ərkamın evinə gedərkən Osman ibn Talha onu görmüşdü. İkinci dəfə görəndə isə Musab namaz qılırdı. Osmanın artıq Musabın da yeni axına qoşulduğuna  heç bir şübhəsi qalmamışdı. İnana bilmirdi; onun kimi varlı bir adam necə ola bilərdi ki, Ammar kimi, Bilal kimi, Habbab kimi kasıblarla bir yerdə oturub-dura, onların arasına girib dədə-babalarının ənənəsindən, bütlərdən qopa bilərdi? Tez Musabın anasının yanına qaçır və gördüklərini bir-bir danışır. Çünki bu gedişə bir əlac tapılmalı və axına “dayan” deyilməli idi!

Musabın yenidən doğulduğunu Məkkədə eşitməyən qalmamışdı. Gözlədiyi kimi, anasının şiddətli etirazı ilə üzləşir. Bir vaxtlar dillərdən düşməyən Məkkənin hörmətli Musabı artıq “Allah” deyib, “Peyğəmbər”ə heyranlığını ifadə etdiyi üçün hər gün döyülürdü. Onlarla əlaqə qurmaması üçün dərin bir yerdə həbsdə saxlanılırdı və üstünə bir nəfər də gözətçi qoymuşdular. Ağlı və ürəyi Allah Rəsulu­nun yanında, amma bədəni öz evində həbs həyatı yaşayırdı artıq!..

Bəli, anasının istəkləri çox vacib idi, amma bir ana da göz görə-görə oğlunun qəlbinə qıfıl vurmamalı idi. Onu da incidə bilməzdi... Anasının haqqı var idi onun üstündə... Ancaq könlünün gülü ilə əlaqəsinin kəsilməsini heç cürə həzm edə bilmirdi. “Tapdım” deyərkən məhrum olmağın nə mənası var idi?