Səhabələr

İbn Ərkamınn evində

Əbu Bəkirin qidasının yemək-içmək olmadığını bilə bilməzdilər. Birlikdə yola çıxdıqları yerdə can dostu Rəsulullahın başına bir iş gəlibsə, Əbu Bəkir necə yemək barədə fikirləşə, xeyir xəbərini almamış necə soyuq su ilə sərinləyə bilərdi?

Yaşadığını görən qohumları artıq getmişdi. Əbu Bəkir də anası ilə tək qalmışdı. Gözlərini bir də açanda anasının başının üstündə əlində bir kasa şorba ilə dayandığını görür. O, yenə çətinliklə tərpətdiyi dodaqları ilə eyni sözləri təkrar edir:

− Rəsulullah necədir? O, nə vəziyyətdədir?

−Vallah, Sahibin haqqında məlumatım yoxdur, − deyə cavab verir anası təəccüblü baxışlarla... Bir ana kimi ürəyi yanırdı; illərdir, həsrətində olduğu və çox yalvarışlardan sonra Rəbbinin ona bəxş etdiyi bircə oğlunun qolu-qanadı qırılmış, qan içində yatırdı.

Əlacsız idi... Özünü ayağa durmağa məcbur etsə də, bunu bacarmırdı. Özünün əlindən bir şey gəlmir, az qala anasına yalvarırdı:

− Nə olar, Xəttabın qızı Ümmü Cəmilin[3] yanına gedib Onun vəziyyətini öyrən!..

Ana ürəyi şəfqətlə döyünürdü... Oğlunun bu istəyini yerinə yetirmək üçün əlacsız qalıb Ümmü Cəmilin yanına gedir. Əvvəlcə:

− Əbu Bəkir səndən Abdullahın oğlu Məhəmmədin vəziyyətini soruşur, − deyir.

Həmin vaxt iman gətirdiyini açıqlamaq bir insan üçün qapılarını bəla və müsibətlərin üzünə açmaq mənasına gəlirdi. Bəli, Ümmü Cəmil də iman gətirmişdi, amma qureyşlilərin şərindən az da olsa, qorunmaq üçün imanını açıqlamırdı. Əvvəlcə nə Əbu Bəkri, nə də Abdullahın oğlu Məhəmmədi tanıdığını deyir. Ancaq Ümmül-Xayr buraya qədər gəlmişdisə, deməli, məsələ önəmli idi.

− Bu işdə bir qəribəlik var, − deyib Əbu Bəkirin anası ilə birlikdə onlara gəlirlər. Hz. Əbu Bəkir evdə huşsuz və halsız yatırdı. Ümmü Cəmil yanına gəlib onun halını görəndə özünü saxlaya bilmir. Ümmül-Xayra bildirmək istəmədiyi halda, fərqinə varmadan:

− Sənə bunu rəva görənlər, şübhəsiz ki, haqq yoldan azanlardır. Ümid edirəm ki, Allah çox keçməz, sənin intiqamını alar, − deyir. Əbu Bəkir (r.a.) yenə eyni sualı təkrarlayırdı dodaqlarında:

− Rəsulullah necədir? O, haradadır?

Ümmü Cəmil özünü ələ almış və ciddiləşmişdi:

− Anan buradadır, danışdıqlarını eşidir, − deyir sakitcə.