Səhabələr

İkinci Bədir

Özünün geridə qalmasını başa düşürdü, amma necə ola bilərdi ki, Rəsulullahın xanımı, möminlərin anası Hz. Aişəni yalnız qoyub gediblər. Heç cür ağlına sığmırdı. Ona görə: – Allah sənə mərhəmət etsin, səni buralarda kim qoyub getdi? – deyərək dəvəsini yaxınlaşdırır. Əshab üçün möminlərin anası öz analarından da üstün bir ana idi.[15] Aişə validəmiz onun da anası idi. Safvan ibnül-Muattalın gəlişi Aişə validəmizi sevindirmişdi. Çünki təkbaşına oturub uzun müddət gözləmək məcburiyyətində qalmayacaq və hələ yenicə yola düşmüş orduya qısa  müddətdə yetişib bu sıxıntıdan qurtulacaqdı. Hz.Safvan Aişə anamızın da dəvəyə minə bilməsi üçün geri çəkilib: – Buyurun! Dəvəyə minin, – deyir. Aişə validəmiz dəvəyə oturur. Sonra Hz.Safvan onun noxtasını tutur və beləcə yola düşürlər. Orduya tez çata bilmək üçün sürətlə irəliləyirlər. Hələ ki dayanıb kəcavəni endirmədikləri üçün Aişə validəmizin yoxluğundan xəbərdar deyildi əshab. Təzəcə dayanmışdılar ki, Hz.Aişənin bir dəvənin üstündə gəldiyini görürlər. Məhz bu səhnə içində nifaq gəzdirən "fürsət ovçuları" üçün "ələdüşməz" mənzərə idi: Aişə validəmizə iftira atmağa başlayırlar. İffət abidəsi Aişə validəmizi zinada günahlandırır və beləliklə, dolayı yolla Rəsulullaha hücum edirlər. Gizli şəkildə pıçhapıç edib bunu yaymağa çalışır, beləliklə, möminlər arasında yeni bir münaqişə çıxartmağa çalışırlar. Hər kəs öz fitrəinə uyğun hərəkət edirdi. Bu düşünülmüş iftira idi və Mədinəyə çatana qədər bütün münafiqlər bunu eşitməli, hər tərəfdə eyni zamanda danışmaqla müsəlmanları şübhəyə salmalı idilər. Aişə validəmizin xəstəliyi Bəni-Mustaliq səfəri düz iyirmi səkkiz gün çəkmişdi. Yorucu və problemlərlə dolu bir yolçuluq olsa da, nəticə olaraq közərən bir şər ocağı da söndürülmüş, insanların əmin-amanlığı naminə mühüm  addımlar atılmışdı. Zəif vücudu bir aylıq məşəqqətə dözməyən Aişə validəmiz Mədinəyə döndükdən sonra naxoşlamış və istirahətə çəkilmişdi. Baş verənlərdən və haqqında gəzən şayiələrdən xəbəri yox idi. Halbuki o biri tərəfdə münafiqlər iftira kampaniyasını var gücləri ilə davam etdirirdilər. Bu iftiralar Allah Rəsulu və Əbu Bəkir ailəsinin də qulağına çatmış və onları dərin kədərə qərq etmişdi. Rəsulullahın namusuna, insanlığın iffət timsalı olan Aişə anamıza iftira atılırdı. Hərçənd nə Allah Rəsulu, nə də Əbu Bəkir ailəsi belə bir iftira barəsində Aişə validəmizə bir kəlmə də demirlər. Ancaq bəsirətli Hz.Aişə ortada bir sıxıntının olduğunu hiss edir, Allah Rəsulunun hərəkətlərindəki dəyişikliyi başa düşməyə çalışır. Çünki əvvəllər xəstələnərkən Rəsulullahdan gördüyü münasibəti indi görmürdü. Nəhayət, Aişə validəmiz izin alaraq atası evinə gedir, iyirmi gün burada müalicə olunur. Haqqında gəzən şayiələri də elə orada eşidir. Məsələni anasına danışır, onun da bu şayiələrdən xəbəri var idi. Lakin qızına heç nə demir, ona təsəlli verməyə çalışırdı. Buna baxmayaraq, iftiranın dərəcəsi təsəlli ilə ötüşdürüləsi deyildi. Aişə validəmizə yuxu haram olmuşdu. Allah Rəsulu (s.ə.s.) gəzən şayiələrə inanmasa da,  məsələni əshabı ilə müzakirə edərək onların da fikrini öyrənmək istəyir və beləliklə, cəmiyyətin nəbzini tutmağa çalışır. Bütün hay-küylərə baxmayaraq, yayılan şayiələrə əshab da inanmamış, iftira cəmiyyətdə qərar tutmamışdı. Lakin sıxıntılı günlər davam edir, hər kəs də bu şayiələrə son qoyacaq Allah-taalanın vəhyini gözləyirdi. Elə bu çətin günlərin birində Allah Rəsulu müjdəli xəbəri vermək üçün Əbu Bəkir ailəsinin qapısını döyür. Əvvəlcə Aişə validəmizə səslənir: – Müjdə, ey Aişə! Allah ayə nazil edərək sənin təmiz və pak olduğunu bildirdi! Bütün sıxıntılar geridə qalmış, Aişə validəmizin bəraəti birbaşa Aləmlərin Rəbbi tərəfindən verilmişdi. "Nur" surəsinin bir hissəsi gəlmişdi. Peyğəmbər bayıra çıxır və gələn ayələri əshabı ilə bölüşür. Ayələr bu iftiranı çıxaranların kiçik bir dəstə olduğunu ortaya qoyur və əslində bu cür xoşagəlməz hadisələrin nəticə etibarı ilə xeyirlərə vəsilə olacağını bəyan edirdi. Eyni zamanda ayələr belə bir vəziyyətlə qarşılaşan möminlərin: "Bu, açıq-aydın iftiradan başqa bir şey deyildir," – deməsi gərəkdiyini buyurur və bu kimi hallarda ortaya konkret mövqe qoymağı əmr edirdi.[16] Ayələr gəlib hər şeyi yerbəyer edincə və eyni zamanda hansı dəstəa hansı münasibət göstərilməsi zərurətini açıq-aşkar ortaya qoyunca Allah Rəsulu (s.ə.s.) münafiqlərin təbliğatına  qapılaraq eyni şeyləri söyləyən bəzi səhabələrini cəzalandırır. Çünki mömin tutarlı sübut və canlı şahid olmadığı məqamda bu cür şayiələrə qapılıb namuslu adamların adına söz danışmamalı idi. Onsuz da məsələ ilə bağlı gələn ayələrdə bu xüsus zikr edilmiş, belə yanlışlıqlara uyanların mütləq cəzalarına çatdırılması ifadə olunmuşdu. Rəsulullah da bu əmri icra edir. Əks təqdirdə hər kəs başqası haqqında ağzına gələni uydurar, cəmiyyətin harmoniyası pozulardı. Fitnənin başında olan və vəziyyəti axirətə həvalə edilən Abdullah ibn Übeyy ibn Səlul isə bütün bu olanlara baxmayaraq, utanmadan öz yoluna davam edirdi. Allah Rəsulu (s.ə.s.) fitnə çıxaranları yaxşı tanıdığı halda, o gün onları cəzalandırmamış və Adili-Mütləq olan Allaha həvalə etmişdi. Çünki gələn ayələr Allahın onlar üçün axirətdə böyük bir əzab hazırladığını  bildirirdi.