Səhabələr

İkinci Bədir

Nuaymın işindən o qədər arxayın idi ki, Əbu Sufyan üzünü Qureyşə tutub  deyir: – Məhəmmədi Bədrə gəlməkdən fikrindən daşındırmaq üçün Nuaym ibn Məsudu göndərdik. O, bunun üçün əlindən gələni edəcək. Ancaq biz yenə də yola çıxaq və bir-iki gecə gedib sonra geri dönərik. Beləcə sözündən dönən biz yox, onlar olar və gedişatı öz xeyrimizə çevirmiş olarıq. Əgər heç nəyə baxmayaraq, onlar gələrsə, bu ilin qıtlıq olduğunu  bildirər  və qarşılaşmanı başqa bir bərəkətli ilə saxlayarıq. – Nə qədər də ağıllı fikirdir, – deyirlər Əbu Sufyana. Deməli, bu, hər kəsin ürəyincə idi və Qureyşin bu cür reaksiya verməsi Əbu Sufyanla razılaşmaq mənasına gəlirdi. Bu tərəfdə isə aldığı dəvənin belində Mədinəyə dönən Nuaym ibn Məsud Əbu Sufyanın  böyük bir ordu toplayaraq Bədrə çıxmağa hazırlaşması xəbərini yaymağa başlayır. Bunu eşidən yəhudilər və münafiqlər çox sevinir: – Məhəmməd bu ordu ilə bacara bilməz, – deyir və müsəlmanların əhvali-ruhiyyəsini pozmağa çalışırlar. Bu, o dərəcəyə çatır ki, Allah Rəsulu da narahat olur. Hüzuruna gələn Hz.Əbu Bəkir və Hz. Ömər: – Ya Rəsulullah, – deyirlər, – şübhəsiz, Allah dininə sahib çıxacaq və ona bağlı olanları qalib edəcək. Nəbisini də əziz tutacaqdır. Halbuki biz Qureyşlə görüşmək barədə sözləşdik və əsla verdiyimiz sözdən vaz keçmək istəmirik. Həm də onlar elə bilərlər ki, biz qorxduq. Ən yaxşısı, Sən təyin olunan yerə get. Allaha and olsun ki, bunda da bir xeyir vardır. Bu, Allah Rəsulunu çox sevindirir: – Allaha and olsun ki, mənimlə birlikdə heç kim gəlməsə belə, Mən yola çıxacaq və görüş yerinə mütləq gedəcəyəm! – deyir. Allah Rəsulu (s.ə.s.) min beş yüz nəfərlik ordu ilə Mədinədən yola düşür. Mədinədə başçı olaraq Abdullah ibn Rəvahanı təyin edir. Orduda on baş at var idi. Bayrağı Hz. Əli aparırdı. Əbu Sufyan ayaqları getməsə də, yola çıxmışdı. İki min nəfərlik ordusu ilə irəliləyirdi. Orduda əlli süvari də var idi. Gedirdi, amma böyük bir qorxu içində... Yarı yoldan qayıtmağı qəbul etmişdilər, amma bu qədər insanla yola çıxdıqdan sonra şərtlər dəyişərsə və insanlar geri dönməkdən vaz keçərsə, nə edəcəkdi. Ona görə Mərri-Zahran adlı yerə çatdıqları və Məcənnə suyunun başında dincəldikləri zaman nə yolla olursa-olsun, bu ordunun geri döndərməyi düşünürdü. Bilə-bilə sonu məlum olan bir döyüşə girmək intihar olardı. Çünki Bədir və Uhuddakı mənzərələri hələ də unutmamışdılar. Ordu dincəlib ayağa qalxdığı zaman: – Ey Qureyş camaatı! Haydı, geri qayıdın! – deyən bir səs eşidilir Əbu Sufyanın durduğu yerdən, – görmürsünüzmü, bu il hər tərəfi qıtlıq bürüyüb. Ən yaxşısı, indi geri dönüb, bolluq vaxtı və heyvanlarımızın da doyunca otlayıb bizə bol süd verdikləri gələcək illərdə döyüşək. Bu qıtlıqda da müharibə olar? Mən qayıdıram. Haydı, siz də qayıdın! Bunlar Məkkə ordusunun gözlədiyi sözlər idi və heç kim etiraz etmədən Məkkəyə qayıdırlar. Bu qısa səfər ərzində "sevik" adlı undan bişirilən bir şorba ilə qidalandıqları üçün yolundan dönən bu ordunun döyüşçüləri  özlərinə "sevik yeyən ordu" mənasında "ceyşül-sevik" deymişdi. Mədinədə vəziyyət tamamilə fərqli idi. Əshabı ilə birlikdə çoxdan yola çıxan Allah Rəsulu (s.ə.s.) bir neçə gün yol getdikdən sonra zülqədə ayının ilk günü Bədrə çatır. Hər il olduğu kimi Bədirdə yenə yarmarka qurulmuş və insanlar böyük dəstəlarla məhsullarını satmaq məqsədilə buraya gəlmişdilər. Məkkə ordusu isə gəlməmişdi. Buna baxmayaraq, Peyğəmbərimiz əshabı ilə birlikdə səkkiz gün burada onları gözləyir.[1] Yarmarkanın əksəriyyətini əshab təşkil edirdi. Belə bir zamanda Allah Rəsulunun hüzuruna Vəddan qəzvəsindən müttəfiqi Mahşi ibn Amr gəlir. Üzündə təəccub dolu bir ifadə var idi: –Ya Məhəmməd, – deyir, – Sən bu quyuların başına  Qureyşlə qarşılaşmaq üçünmü gəldin? Halbuki bizə deyilənlərə görə, sizin hamınız öldürülmüsünüz və işiniz də bitmişdir. Amma  yarmarkanın çoxunu siz təşkil edirsiniz! Deməli,  Hicazda  davamlı bir təbliğat aparılırdı. Görünür, cəbhəyə gəlməyənlər yenə gözdən pərdə asır və psixoloji müharibə apararaq insanları çaşdırmaq istəyirdilər. Mahşinin təəccübü belə bir güclü təbliğatın təsirinə düşdüyünü göstərirdi. Elə isə düşmənin silahı ilə silahlanmaq lazım idi və Rəsulullah (s.ə.s.) bunları  söyləyir: – Buna görə, əgər istəsən, sizinlə aramızdakı sazişi də ləğv edə bilərik! Bu, Mahşinin heç gözləmədiyi bir reaksiya idi. Onsuz da fikirləri qarma-qarışıq idi; necə ola bilərdi ki, "işləri bitdi" deyilən insanlar sağ-salamat idi və Əbu Sufyanı qorxudub  geri çəkilməyə məcbur edə bilmişdilər. Bitmək nədir, günü-gündən daha da güclənən bir topluluq vardı meydanda. Zaman nəyin yalan, nəyin həqiqət olduğunu göstərirdi. Elə isə bilə-bilə bəlaya qapı açamğın mənası yox idi və: – Xeyr, bizim belə bir niyyətimiz yoxdur! Əksinə, biz Sənə qarşı çıxmaz və aramızdakı sazişə sadiq qalar, onu əsla pozmarıq, – deyir Mahşi. Mahşinin reaksiyası Bədrə gəlməyin nə qədər əhəmiyyətli olduğunu göstərirdi. Müsəlmanların əleyhinə görülən işlərdən xəbərdar olmuş və gəlişləri ilə qarşı tərəfi məlumatlandırmaqla yanaşı, ürəklərinə də qorxu salmışdılar. İnsanlar eşitdiklərindən çox gördüklərinə etibar edirdilər və müsəlmanlar Bədirdə gözlərlə qulaqlara onların axtardığı məlumatı vermişdi. İndi isə növbə sağ-salamat Mədinəyə qayıtmağa gəlmişdi. Allah Rəsulu (s.ə.s.) əshabı ilə birlikdə Bədri tərk edib Mədinənin yolunu tutur.